Daha əvvəl erməni işğalına məruz qalmasına baxmayaraq, Azərbaycan 2022-ci ilin fevralında Ermənistan hökumətinə beş prinsipdən ibarət təklif irəli sürərək sülh prosesinin təşəbbüskarı oldu. O vaxtdan bəri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş müqavilənin mətni layihəsi üzrə danışıqlara başlanılıb və 15 raund müzakirələr aparılıb. Son bir ildə sərhədlərin delimitasiyası, eləcə də sülh müqaviləsi mətninin konkret maddələri üzrə razılaşmaların əldə edilməsində irəliləyiş əldə olunub. 2024-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, preambula və 17 maddədən ibarət sülh mətninin iki maddəsi həll olunmamış qalıb; daha sonra Ermənistan tərəfi də analoji bəyanatla çıxış edib. Bu maddələr beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı geri götürülməsi və şərti sərhəddə üçüncü tərəfə aid qüvvələrinin yerləşdirilməməsi ilə bağlıdır.
2025-ci il martın 13-də hər iki ölkənin xarici işlər nazirlikləri qalan iki maddə üzrə razılaşdıqlarını təsdiq edərək, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdığını elan ediblər. Bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və dünya ictimaiyyəti hər iki ölkəyə təbriklərini çatdırdı. Maraqlıdır ki, Azərbaycan uzun illər işğala məruz qalan tərəf olmasına, sülh prosesinin təşəbbüskarı və sülh mətninin müəllifi kimi çıxış etməsinə baxmayaraq, Ermənistan özünü beynəlxalq aləmdə əsas təşəbbüskar və sülh göyərçini kimi göstərməyə cəhd edib.
Lakin tarix göstərir ki, sadəcə olaraq sazişin imzalanması ölkələr arasında davamlı sülhə gətirib çıxarmır. 1920-ci ildə Sovet İttifaqı ilə Finlandiya arasında imzalanmış Tartu müqaviləsi, 1928-ci il Brian-Kelloq paktı və digər sazişlər göstərir ki, davamlı sülhə nail olmaq üçün konkret siyasi, iqtisadi, hüquqi və sosial şərtlər də təmin edilməlidir. Məsələn, bir əsrə yaxın düşmən olan və İkinci Dünya Müharibəsi zamanı bir-birinə zidd olan Fransa ilə Almaniya arasında yaradılmış sülh yalnız 1963-cü ildə Yelisey müqaviləsinin imzalanması ilə rəsmiləşdi. Lakin o vaxta qədər iki xalq arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirildi.
Bütün bu amillər onu göstərir ki, sülh müqaviləsi prosesin formal və hüquqi aspektlərini əhatə etsə də, sazişi yekunlaşdırmaq üçün tələskən davranaraq digər vacib amilləri nəzərdən qaçırmaq gələcəkdə təhlükəsizlik və sabitliyi təhlükə altına sala bilər.
Bu səbəbdən, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün sazişdən əlavə bəzi vacib şərtlər də qarşılanmalıdır. Bu şərtlərdən ikisinə Ermənistan Konstitusiyasına və münaqişənin qalıqlarını ehtiva edən digər normativ aktlara dəyişiklik edilməsi, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması daxildir. Bu şərtləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də sülh müqaviləsinin qalan maddələrinin razılaşdırıldığını bildirərkən təkrar edib.
Konstitusiya dəyişikliyi tələbi ondan irəli gəlir ki, Ermənistan Konstitusiyasının preambulasında 23 avqust 1990-cı ildə imzalanmış və Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddialarını özündə əks etdirən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Ölkənin ən yüksək hüquqi sənədində və digər normativ aktlarda belə iddiaların olması iki ölkə arasında davamlı sülhün əldə olunmasına ciddi təhlükə yaradır. Keçmişdə ölkələrin ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün konstitusiyalarına düzəlişlər etməsi faktlarını nəzərə alsaq, - məsələn, 1995-ci il Belfast sazişi və 2018-ci il Prespa sazişi -Ermənistan da oxşar addımları nəzərdən keçirməsi ağlabatan olardı. Sülh yolunda digər maneə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu və onun əlaqəli qurumlarıdır. Həm Ermənistanın, həm də Azərbaycanın bu qrupun ləğvi ilə bağlı rəsmi birgə müraciəti onların münaqişəyə son qoymağa sadiqliyinin səmimi ifadəsi kimi qiymətləndirilə bilər.
*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: