Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramlının “Müttəfiqlikdən daha irəli: Bakı və Daşkənd Avrasiya bağlantılarının yeni arxitekturasını necə formalaşdırır” adlı məqaləsi news.az saytında dərc edilib.
Müəllif məqalədə qeyd edir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi sadəcə ikitərəfli əlaqələrin getdikcə daha da yaxınlaşmasının nəticəsi deyil. Bu, Xəzər hövzəsində baş verən daha genişmiqyaslı geosiyasi transformasiyanı əks etdirir. Bu proses çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz siyasi əlaqələr, ticarət, nəqliyyat, enerji və ortaq strateji maraqlar vasitəsilə getdikcə daha sıx şəkildə bir-biri ilə bağlanır.
“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi son müsahibəsində vurğuladığı kimi, Bakı ilə Daşkənd arasında münasibətlər inkişafın görünməmiş yeni mərhələsinə qədəm qoyur və “tamamilə yeni məzmun” kəsb edir. Bu qiymətləndirmə mühüm əhəmiyyət daşıyır, çünki müttəfiqlik münasibətləri getdikcə yalnız siyasi xarakter daşımır, eyni zamanda funksional məzmun da qazanır.
Bu prosesin geosiyasi əhəmiyyəti ikitərəfli gündəlikdən xeyli kənara çıxır. Özbəkistan demoqrafik, iqtisadi və siyasi baxımdan Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. Azərbaycan isə Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və nəticə etibarilə, Avropa ilə əlaqələndirən strateji mövqeyə malikdir.
Bu coğrafi mövqe Bakı-Daşkənd münasibətlərinə daha geniş strateji məqsəd qazandırır. Tərəfdaşlıq münasibətləri nə qədər möhkəmlənərsə, Xəzər dənizinin şərq və qərb sahillərinin vahid iqtisadi və nəqliyyat-kommunikasiya məkanına inteqrasiyası bir o qədər səmərəli şəkildə təmin oluna bilər.
Bu baxımdan, Xəzər dənizi getdikcə coğrafi ayırıcı xətt kimi deyil, birləşdirici körpü kimi qəbul olunur”.
R. Bayramlı əlavə edir ki, bu transformasiya artıq Azərbaycanın bütövlükdə Mərkəzi Asiya ilə sürətlə genişlənən münasibətlərində özünü göstərir. Belə ki, Türk Dövlətləri Təşkilatı (TDT), Orta Dəhliz və Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri mexanizmində iştirakı eyni prosesin müxtəlif elementləridir. Müəllifin fikrincə, istənilən siyasi müttəfiqliyin uzunmüddətli dayanıqlılığı onun möhkəm və məzmunlu iqtisadi təməl üzərində inkişaf edib-etməməsindən asılıdır. Azərbaycan və Özbəkistan isə bu məqama xüsusi diqqət yetirirlər.
“Prezident İlham Əliyevin istinad etdiyi rəqəmlərə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha 33 faiz artıb.
Bu rəqəmlər əhəmiyyətli olsa da, daha mühüm inkişaf kəmiyyət deyil, keyfiyyət xarakteri daşıyır. Bakı və Daşkənd əsasən əmtəə mübadiləsinə söykənən əməkdaşlıq modelindən investisiyalar, birgə istehsal, sənaye kooperasiyası, enerji və logistika sahələrini ön plana çıxaran yeni əməkdaşlıq modelinə keçid edirlər.
500 milyon ABŞ dolları kapital ilə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Fondu bu transformasiyanın əsas alətlərindən birinə çevrilə bilər”.
Yekunda müəllif əlavə edir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi daha genişmiqyaslı transformasiyanın əsas dayaqlarından birinə çevrilir.
"Əgər bu dinamika davamlı şəkildə qorunub saxlanılarsa, Bakı-Daşkənd tərəfdaşlığının ən mühüm nəticəsi yalnız Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin daha da möhkəmlənməsi deyil, həm də Avrasiyanın mərkəzində yeni strateji arxitekturanın formalaşması ola bilər".
*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://news.az/news/beyond-alliance-how-baku-and-tashkent-are-reshaping-eurasian-connectivity


