BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ərazi bütövlüyünün eroziyası beynəlxalq təhlükəsizliyə təhdid kimi

2023-05-15 15:14

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-ın  Beynəlxalq Əlaqələr və Davamlı İnkişaf Mərkəzinə məxsus "Horizons" dərgisində "Ərazi bütövlüyünün eroziyası beynəlxalq təhlükəsizliyə təhdid kimi" başlıqlı məqaləsi dərc olunub. Məqalədə müəllif qeyd edir ki, II Dünya Müharibəsindən sonra beynəlxalq ictimaiyyətdə BMT və digər beynəlxalq alətlər vasitəsi ilə yeni dünya düzəni quruldu və BMT-nin Nizamnaməsində əks olunmuş prinsiplərə əməl etməklə genişmiqyaslı fəlakətlərin qarşısının alınması üçün qətiyyət nümayiş etdirildi. Müəllif müharibədən sonra qlobal qeyri-sabitliyə səbəb olan Ərəb- İsrail münaqişəsini və ABŞ ilə SSRİ arasında qlobal rəqabəti qeyd edərək əlavə edir ki, bunlara baxmayaraq birbaşa ərazi ilhaqı yox idi və ümumilikdə ərazi bütövlüyü prinsiplərinə üstünlük verilirdi.

"Yuqoslaviyanın və SSRİ-nin parçalanması "köhnə dünya"dakı problemləri yenidən qaytardı. Bu prinsipi pozmağa qərar verən ilk ölkə isə Azərbaycanın Qarabağ bölgəsinin müstəqilliyi məsələsini gündəmə gətirən Ermənistan oldu. İrəvan Qarabağın müstəqilliyinin rəsmi şəkildə tanınmasına nail ola bilməsə də, öz daxili qanunverici orqanında Azərbaycanın Qarabağ bölgəsindən olan Robert Köçəryana Ermənistan prezidentliyinə namizəd olmaq hüququnun verilməklə ilhaqı daxilən qanuniləşdirmiş oldu,- deyə Fərid Şəfiyev qeyd edir.
Bildirilir ki, Soyuq Müharibə başa çatdıqdan dərhal sonra, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Katibi “Sülh üçün gündəm” adlı hesabat açıqlayaraq bildirdi ki, təməl daşı dövlət olaraq qalmalıdır: "Bununla belə, bir çox aparıcı Qərb ölkələrinin Soyuq Müharibədən sonra müəyyən etnik qrupların separatçı istəkləri ilə bağlı baxışı olduqca müsbət idi".  Belə ideyalardan biri də “miatsum” (erməni dilində birləşmə) ideyasını yaradan Cənubi Qafqazda “Böyük Ermənistan” ideyası idi.
Müəllif qeyd edir ki, lakin Sovet İttifaqının süqutundan sonra erməni millətçiləri taktikalarını dəyişərək "miatsum" ideyasını kənara qoydular: "Belə ki, Ermənistan və Azərbaycan iki müstəqil dövlət olduğu şəraitdə ərazilərin birbaşa tutulması beynəlxalq ictimaiyyət tərəfindən ilhaq kimi qiymətləndirilə bilərdi. Ona görə də Ermənistan tərəfi öz müqəddəratını təyin etmə  ideyasının təbliğinə başladı və bu əsaslandırma beynəlxalq siyasətçilər tərəfindən daha çox müsbət rəy aldı".
Müəllif daha sonra Azərbaycan ərazilərinin işğalı və BMTM TŞ-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını əks edən qətnamələrin qəbulu barədə yazır.  
Bildirilir ki, I Qarabağ müharibəsindən sonra ATƏT-in  Minsk qrupunun həmsədrlərinin rəhbərliyi ilə uzunmüddətli danışıqlar aparılır. Qeyd edilir ki, 1997-ci ildə "Dağlıq Qarabağ"a muxtariyyət statusunun verilməsi prinsipi əsasında razılığa əldə olunur.  Lakin növbəti il, bu razılığın əldə edildiyi Ermənistan prezidenti Levon Ter Petrosyanın hakimiyyətdən getməsindən sonra hakimiyyətdə gələn Robert Köçəryan və Serj Sarkisyan status kvonun uzadılması yolunu seçirlər və bununla da gələcəkdə yeni geosiyasi reallıq nəticəsində "Dağlıq Qarabağ"ın müstəqilliyinin beynəlxalq səviyyədə qəbul olunacağına və sonrakı mərhələdə bu bölgənin Ermənistana birləşdiriləcəyinə ümid bəsləyirlər.  
Bildirilir ki, bu məqsədlə Azərbaycana qarşı təbliğat səyləri başlayır və Qərb akademiyalarında və mediada həm liberallar, həm də xristian fundametalistləri tərəfində "orientalizm" yönümlü ideyaları yayılır. Fərqli qruplar bunu fərqli məqsədlər üçün etsələr də sonuncuların məqsədi erməni məsələsini azərbaycanlı və türklərə qarşı qorumaq idi.
Müəllif yazır ki, lakin ümumilikdə beynəlxalq ictimaiyyət Ermənistanın işğalı faktından xəbər idi və bu səbəbdən də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın hərbi əməliyyatlarına güclü müqavimət göstərilmədi: "Beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə hüququ açıq göstərilir və bildirilir ki, müstəmləkəçiliyin ləğvi istisna olmaqla bu, hərbi yolla baş verə bilməz və mərkəzi hökumətin razılığı əsasında mümkün ola bilər. Həmçinin Ermənistanın istinad etməyi xoşladığı BMT Nizamnaməsi və ATƏT-in Helsinki Aktında qeyd edilir ki,  öz müqəddəratını təyin etmə hüququ suverenlik və ərazi bütövlüyünün zorakılıqla pozulması şəklində təmin oluna bilməz. Ermənistan anladı ki, diplomatik və ya beynəlxalq təşkilatlar vasitəsi ilə qalib gələ bilməyəcək və Azərbaycanı reallığı və ya sadəcə işğalı qəbul etməyə məcbur etmək yolunu seçdi. Lakin Azərbaycan daim gücün tətbiqi nəticəsində yaranmış reallığı qəbul etməyəcəyini israrla bildirirdi və reallığı 2020-ci ildə dəyişdi".
Müəllif yazır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bir sıra Avropa siyasətçilərini öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü məsələsinə yanaşmalarını  təkrar nəzərdən keçirməyə vadar edib.
"Təəssüf ki, beynəlxalq ictimaiyyət təkcə etno-millətçi liderlərin və ksenofob fəalların ciddi çağırışları ilə üzləşmir. Qaydalara əsaslanmış beynəlxalq liberal nizamı tez-tez pozan və buna görə məsuliyyət daşıyan dünyanın aparıcı ölkələridir",-deyə müəllif qeyd edir.


Məqaləni aşağıdakı linkə daxil olaraq ingilis dilində ətraflı oxuya bilərsiniz:
https://www.cirsd.org/en/horizons/horizons-spring-2023---issue-no23/erosion-of-territorial-integrity-as-a-threat-to-international-security

Müəllifin son məqalələri

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır