BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM 44 günlük müharibə ilə bağlı ingilis dilində hesabat hazırlayıb

2024-11-07 11:54

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən 44 günlük müharibə ilə bağlı ingilis dilində hesabat hazırlanıb.

BMTM-in şöbə müdiri Vasif Hüseynov tərəfindən hazırlanan hesabatda İkinci Qarabağ Müharibəsini şərtləndirən amillər, 44 gün ərzində baş verən əsas proseslərin xronikası, Azərbaycan üçün qələbə, Ermənistan üçün isə hərbi kapitulyasiya olan 10 noyabr Üçtərəfli bəyanatı və beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar  ayrı bölmələr çərçivəsində sistematik qaydada araşdırılıb və təhlil edilib.

Hesabatın “Hərbi variantın qaçılmazlığı” bölməsində V. Hüseynov bildirir ki, Ermənistanda və beynəlxalq ictimaiyyətdə Azərbaycanın öz əzəli torpaqlarını hərbi yolla azad etməyəcəyi ilə bağlı yanlış qənaət formalaşmışdı. Lakin münaqişənin hərbi yolla həllini qaçılmaz edən konkret səbəblər var idi. Bu səbəblərdən birincisi, Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən artan irredentist, təcavüzkar ritorika və sərhəd təxribatları idi.  Belə ki, hakimiyyətinin ilk dövrlərdə Nikol Paşinyan münaqişənin həllində istəkli olması görüntüsünü formalaşdırsa da, ölkə daxilində mövqelərini gücləndirdikdən sonra sələflərindən daha radikal və ekstremist mövqe tutdu.

Müəllif hərbi variantı şərtləndirən digər amilin isə Ermənistanın təcavüzkar aktlarına beynəlxalq ictimaiyyətdən zəruri reaksiyanın gəlməməsi olduğunu bildirir.  Belə ki, münaqişənin danışıqlar yolu ilə həllinə çalışdığını iddia edən Minsk Qrupu həmsədr dövlətləri Ermənistanı təcavüzkar ritorika və aktlardan çəkindirmək üçün heç bir tədbir görmədi, işğalçı dövlətə sanksiyalar tətbiq edilməsi ilə bağlı Azərbaycanın çağırışlarına əhəmiyyət vermədi.

Hesabatın 44 günlük müharibə, Üçtərəfli bəyanat və beynəlxalq reaksiyalar bölmələrində dövrün hadisələri ayrılıqla təhlil edilib.

Nəticə bölməsində isə müəllif qeyd edir ki, hər iki ölkə üçün fərqli nəticələri olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsi münaqişəni həll edərək yeni regional vəziyyətdən yararlanmaq üçün imkanlar yaratdı.

“Belə ki, 44 günlük müharibədən sonra, yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni dövr başlandı”,-deyə V. Hüseynov əlavə edir.

Qeyd edək ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsi haqqında ingilis dilində dərc olunan hesabatda əsas məqsəd mövcud faktları təhrif edərək ölkəmizə qarşı təbliğat kampaniyası aparan dövlət və beynəlxalq təşkilatların Cənubi Qafqaz regionunda sülhə xidmət etməyən, təxribat xarakterli fəaliyyətlərinin önünə keçməkdir. Aşağıdakı linkə keçid edərək hesabatla tanış olmaq mümkündür:

https://aircenter.az/uploads/dfQFzhRwSaNr.pdf

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib