Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı dəyirmi masa keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, Azərbaycandakı daxili sabitliyin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Heydər Əliyevin qəbul etdiyi strateji qərarlar Azərbaycanın 20 il ərzində inkişafına şərait yaradıb.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət barədə danışıb və bildirib ki, Azərbaycanın inklüziv inkişafının qurucusu Heydər Əliyevdir. Onun sözlərinə görə, bu siyasət Prezident İlham Əliyevin dövründə də uğurla inkişaf etdirib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Heydər Əliyevi 2 formasiyanın qəhrəmanı adlandırıb. Onun sözlərinə görə, Heydər Əliyev xalqın və dövlətin rifahını hər şeydən öndə tutan rəhbər olub.
Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Elşad İsgəndərov Heydər Əliyevin yürütdüyü xarici siyasət prioritetlərindən danışaraq onun dövründən başlayaraq Azərbaycanın balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini deyib. O, həmçinin ulu öndərin həyata keçirdiyi iqtisadi quruculuq, beynəlxalq iqtisadi inteqrasiya məsələlərinə toxunub. Elşad İsgəndərov bildirib ki, 44 günlük müharibə sonunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi də məhz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev tərəfindən gerçəkləşib. BMTM-iln İdarə heyətinin üzvü Gülşən Paşayeva Heydər Əliyevin apardığı əsas xarici siyasət istiqamətlərini vurğulayıb və xüsusilə ikitərəfli və beynəlxalq təşkilatlarla əlaqələrdə prioritet tutulan məsələlər barədə məlumat verib.