BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Ortaq gələcəyə doğru: Böyük nailiyyət istiqamətində addım” sərlövhəli məqaləsi “Transatlantic Policy” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir ki, 2025-ci il Ermənistan-Azərbaycan normallaşma prosesi ilə yanaşı, həm də Ermənistan-Türkiyə münasibətlərində də önəmli irəliləyişlərlə yadda qalıb.
“2025-ci il martın 13-də Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar sayəsində “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in (bundan sonra “sülh sazişi” adlandırılacaq) mətnləri hər iki dövlət tərəfindən yekunlaşdırılıb.
İkincisi, 2025-ci il iyunun 20-də Türkiyəyə işgüzar səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Ermənistan Parlamentinin sədri Alen Simonyan bu səfəri “tarixi” adlandıraraq, bunun “Ermənistan Respublikasının rəhbərlik səviyyəsində Türkiyəyə ilk səfəri” olduğunu vurğulayıb.
Üçüncüsü, 2025-ci il iyulun 10-da Əbu Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında yüksək səviyyəli görüş keçirilib. Görüşdə Zəngəzur dəhlizinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh sazişinin paraflanması və digər məsələlər müzakirə olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuata yaydığı açıqlamaya görə bu, nəticəyönümlü dialoq olub və “liderlər sərhəd delimitasiyası prosesi üzrə əldə edilən irəliləyişi qiymətləndirərək müvafiq dövlət komissiyalarına bu sahədə praktiki işləri davam etdirməyi tapşırıblar. Həmçinin tərəflər iki ölkə arasında danışıqların və etimad tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.
Dördüncüsü, 2025-ci il avqustun 8-də Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sammit keçirilib. Bu tədbir həm Azərbaycan və Ermənistanın ABŞ ilə ikitərəfli münasibətlərinin dərinləşdirilməsinə, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin sürətləndirilməsinə yeni impuls verib. Görüş çərçivəsində bir sıra ikitərəfli və üçtərəfli sənədlər imzalanıb.
Beşincisi, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata birgə açıqlamasında Ermənistana yük daşımalarında bütün tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını elan edib. Tranzit qadağasının ləğvi xoş niyyətin nümayişidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu addım “Azərbaycan və Ermənistan arasında sülhün təkcə kağız üzərində deyil, həm də praktikada mövcud olduğunu” sübut edir.
Altıncısı, 2025-ci il noyabrın 30-da ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixli qərarından sonra Minsk Prosesi və onunla əlaqəli strukturlar rəsmi şəkildə ləğv edilib. Bu addım ATƏT-in əvvəlki müvafiq qərarlarını qüvvədən salaraq yeni diplomatik reallığı təsdiqləyib: artıq Ermənistan və Azərbaycan heç bir vasitəçiyə ehtiyac duymur və birbaşa dialoq yolu ilə münasibətlərini davam etdirə bilirlər”.
Yekunda müəllif bildirir ki, bu gün Cənubi Qafqaz regionunun gələcəyi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma proseslərinin nəticələrindən, eləcə də qlobal və regional güclərin dəyişən strategiyalarından asılıdır.
“Növbəti iki-üç il bu regionun inteqrasiya və əməkdaşlıq platformasına çevriləcəyini, yoxsa böyük güclər arasında rəqabətin yeni meydanına dönəcəyini müəyyənləşdirən həlledici dövr olacaq”.
*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://transatlanticpolicy.com/moving-towards-the-common-future-stepping-into-a-breakthrough/


