BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib

2022-12-06 16:54

Dekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib. Təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır. Təlimdə 25 media təmsilçisi iştirak edib.

Təlimin açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan xarici siyasət gündəminə dair jurnalistlərlə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimin dünyada və ölkədə baş verən hadisələri, ictimai-siyasi xarakterli prosesləri təhlil edərək cəmiyyətə çatdıran media nümayəndələrinin bu istiqamətdə praktiki bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Medianin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu ilin yanvar ayında “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən 3 günlük təlimin də Azərbaycan jurnalistlərinin bu istiqamətdə peşəkarlığının artırılması baxımından ciddi praktik addım olduğunu vurğulayıb: “Vətən müharibəsində qazandığımız qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaratmışdır. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış”ı geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir”.

Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər. BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova “Ermənistanla Azərbaycan arasında nizamlama prosesi”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan-Türkiyə əlaqələri” və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov “Orta Asiyada son dinamikalar, Orta Dəhliz” mövzusunda təlim keçiblər, iştirakçıların suallarını cavablandırıblar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.