BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

İstanbulda "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası" adlı konfrans keçirilib

2023-04-26 18:04

Türkiyənin İstanbul şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu,  İbn Haldun Universiteti və Heydər Əliyev Avrasiya Çalışmaları Uyğulama və Araşdırma Mərkəzinin (HACE) təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan əlaqələrində Heydər Əliyevin mirası" adlı konfrans keçirilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin “Heydər Əliyev İli” elan olunası ilə əlaqədar BMTM-in həm Azərbaycanda, həm də ölkədən kənarda konfranslar təşkil etdiyini bildirib. Onun sözlərinə görə, məqsəd o dövrdə baş vermiş siyasi iqtisadi prosesləri, Heydər Əliyevin yürütdüyü siyasəti, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrini  akademik cəhətdən təhlil etmək, universitetlərə, tələbələrə çatdırmaqdır. Fərid Şəfiyev bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycan çətin iqtisadi və siyasi proseslərdən keçib, ərazilərinin bir qismi Ermənistan tərəfdən işğal olunub, 2020-ci ildə Azərbaycan Türkiyənin dəstəyi ilə öz ərazilərini işğaldan azad edib: "Azərbaycan öz dövlətçiliyini gücləndirir, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı güclənir. Bütün bunların əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli liderin həyata keçirdiyi enerji layihələri, iqtisadi islahatların 30 ildən sonra təsirlərini gördükdən sonra onun nə qədər uzaqgörən siyasətçi olduğunun şahidi oluruq".   

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Heydər Əliyevin öz həyatını Azərbaycan xalqının rifahı, güclü Azərbaycan dövlətinin qurulmasına həsr etdiyini və xalqın da buna qarşılıq verdiyini deyib. Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına önəm verib və bu, xarici siyasətin əsas istiqamətlərindən biri olub: "Ortaq dilimiz, dinimiz, tariximiz bunlar üçün böyük zəmin təşkil edib. Bu gün Azərbaycan və Türkiyə tək öz ölkələri üçün deyil, bölgədə sülh və əmin-amanlığa xidmət edən layihələr gerçəkləşdirir. Heydər Əliyev hər zaman dediyi kimi Azərbaycan və Türkiyə  beynəlxalq məsələlərdə hər zaman birlikdədir və bu siyasət əlaqələrimizin təməl prinsiplərindən biridir". 

Konfransda İbn Haldun Universitetinin rektoru Atilla Arkan, İbn Haldun Universitetinin Qəyyumlar Şurasının sədri İrfan Gündüz, Azərbaycan Parlamentinin üzvü Ramil Həsən, TBMM Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Prezident Administrasiyası Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, Altınbaş Universitetinin rektoru Çağrı Erhan, SOCAR-Türkiyə-nin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Mikayıl Yusifov, BMTM-in şöbə müdiri Cavid Vəliyev, aparıcı məsləhətçi Mətin Məmmədli, digər Türkiyə və Azərbaycandan olan professor və müəllimlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin yürütdüyü siyasətin rolu və əlaqələrin gələcəyinə dair müzakirələr aparıblar.