BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabın təqdimatı keçirilib

2025-02-05 14:21

05.02.2025-ci il tarixində BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabının təqdimatı keçirilib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirdi ki, Ermənistan və erməni diasporu tərəfindən irəli sürülən bəzi narrativlər- hadisələrin guya 1988-ci ildə Sumqayıt hadisələrindən sonra başlaması, xalqların müqəddəratı prinsipinin qabardılması- erməni irredentizminin tarixinə yenidən nəzər salınmasını vacib edən amillərdir. BMTM sədri azərbaycanlıların ermənilər tərəfindən sistematik  və zorakı şəkildə doğma yurdlarından qovulmasının bu irredentizm siyasətinin bir parçası olduğunu,  Ermənistan  xarici işlər naziri Ararat Mirzoyan tərəfindən qərbi azərbaycanlılara guya kompensasiya verilməsi ilə bağlı açıqlamasının isə onların bu siyasətdən əl çəkmədikləri və ya haqq qazandırdıqlarını sübut etdiyini diqqətə çatdırdı.

Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Musa Qasımlı kitabın xronoloji qanunauyğunluğuna diqqət çəkərək əsərin tarixşünaslığımızda xüsusi yer tutduğunu vurğuladı. Musa Qasımlı qeyd etdi ki, Azərbaycan tarixində ilk dəfə olaraq cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bütün ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi. Onun sözlərinə görə, böyük imperiyalar tərəfindən himayə olunan erməni irredentizmi XIX əsrin sonlarından başlayaraq Cənubi Qafqazda soyqırımı və terror planlarını həyata keçirərək vahid türk dünyasının yaranmasına qarşı istifadə edilib.

“40-cı illərdə onlar “vahid axın” nəzəriyyəsini irəli sürdülər. Erməni siyasi partiyaları aralarındakı ixtilafları kənara qoyaraq vahid amal-Türkiyədən torpaq və təzminat, Naxçıvan və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ilhaqı ideyası ətrafında birləşdilər”,-deyə Milli Məclisin vitse-spikeri əlavə etdi.

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev kitabda erməni diasporunun arxivlərinə və erməni müəlliflərin əsərlərinə müraciət edilməsini müsbət hal olaraq dəyərləndirdi.

İlqar Niftəliyev erməni irredentizminin yayılmasına rəvac verən amillərdən biri kimi Sovet dövründə Qarabağın tarixi ilə əsasən erməni müəlliflərin məşğul olmasını qeyd etdi. Onun sözlərinə görə, müstəqilliyimizin bərpasından sonra bu istiqamətdə vacib araşdırmalar aparıldı və informasiya müharibəsinin tərkib hissəsi olaraq geniş istifadə edildi. İlqar Niftəliyev bildirdi ki, imperiyaların alət kimi istifadə etdiyi daşnaklar vəziyyətdən asılı olaraq Qərb və ya SSRİ-yə doğru taktiki dəyişikliklər edirdilər.

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Nazim Mustafa kitabın yeni baxış ortaya qoyduğunu və bir çox məqamın tarixşünaslığımızda ilk dəfə bu əsərdə əksini tapdığını bildirdi.

“Erməni irredentizminin şifrələri bu kitabda açılıb”,-deyə N. Mustafa diqqətə çatdırdı. 

Erməni irredentizmin xronikasına qısa olaraq nəzər salan N. Mustafa Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zaman səsləndirdiyi fikirlərin bu siyasətin tərkib hissəsi olduğunu vurğuladı.

Kitabın müəllifi, BMTM-in şöbə müdiri Cavid Vəliyev kitabın yazılması zamanı hadisələrin beynəlxalq münasibətlər və xarici siyasət aspektindən nəzəri təhlilinin əsas tutulduğunu bildirdi. Qeyd edək ki, kitabın ingilis dilinə tərcüməsi planlaşdırılır.

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam etdirilib.

Kitab: https://aircenter.az/uploads/_8YshSa2uP9Z.pdf