BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTMM sədrinin Azərbaycan-Aİ Beyin Mərkəzlərinin I Forumundakı çıxışı

2026-10-27 10:05

“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Cari il ərzində Avropa institutlarının ən yüksək səviyyəli rəhbərləri - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərləri baş tutub. Eyni il ərzində bu səviyyədə bir sıra yüksək səviyyəli səfərlərin həyata keçirilməsi özlüyündə çox mesaj ötürür. Bu, tərəfdaşlığımızın qarşılıqlı şəkildə yüksək qiymətləndirildiyini və onun bu gün cəmi bir neçə il əvvəlki dövrlə müqayisədə daha böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirir”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTMM və Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Relations) birgə təşkilatçılığı ilə Brüsseldə təşkil edilən Azərbaycan-Avropa İttifaqı beyin mərkəzlərinin forumunda bildirib.

Fərid Şəfiyev bu yeni mərhələnin iki əsas istiqamət üzrə ardıcıl inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib:

“Birincisi, əməkdaşlığımızın əsl dərinliyini və əhatə dairəsini əks etdirən yeni hüquqi sənədlər şəklində. İkincisi və heç də az əhəmiyyət kəsb etməyən istiqamət isə vətəndaşlarımızın görə və hiss edə biləcəkləri praktiki addımların -layihələrin, investisiyaların və təşəbbüslərin həyata keçirilməsi vasitəsilə.

Cənubi Qafqazın son dərəcə həssas geosiyasi şəraitdə olduğu bir dövrdə görüşürük. Şimalımızda və cənubumuzda müharibələr davam edir. Regionumuz bu münaqişə ocaqlarının arasında yerləşdiyindən onun üçüncü bir qeyri-sabitlik məkanına çevrilməsinə yol verməməliyik. Bu baxımdan, Cənubi Qafqazda sülhün və sabitliyin qorunması təkcə region ölkələrinin deyil, həm də Avropanın maraqlarına xidmət edir,”-deyə F.Şəfiyev vurğulayıb.

BMTMM sədri qeyd edib ki, onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan davamlı sülhə heç vaxt olmadığı qədər yaxındır. Sülh sazişinin mətni razılaşdırılıb və paraflanıb. Sazişin imzalanması üçün isə bir mühüm şərt yerinə yetirilməlidir: Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaları çıxarmalıdır.

O. Avropa ölkələrinin sülh quruculuğu təcrübələrinə də toxunaraq Belfast sazişindən sonra İrlandiyada referendum keçirildiyini və Konstitusiyaya dəyişiklik edilərək ərazi iddialarından imtina olunduğunu, Prespa sazişindən sonra isə Şimali Makedoniya Konstitusiyasına dəyişikliklər edildiyini qeyd etdi. O, bu proseslərdə Avropa İttifaqının gözləntilərinin də mühüm rol oynadığını vurğuladı.

“Konstitusiya müddəalarının aydınlığı sülhə maneə deyil, əksinə, davamlı sülhün əsasını təşkil edir. Sülh sazişinini müddəaları ilə ziddiyyət təşkil edən konstitusiyanın birgə mövcudluğu mümkünsüzdür.

Bununla yanaşı, digər istiqamətlər üzrə də işlər davam etdirilir. Bunlara dövlət sərhədinin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, ticarət sahəsində ilk addımların atılması, eləcə də ekspertlər və cəmiyyətlər arasında dialoqun genişlənməsi daxildir. Bunlar heç də kiçik məsələlər deyil. Hər biri qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və tərəflərin yenidən qarşıdurmaya qayıtması ehtimalını azaldır,”-deyə F.Şəfiyev əlavə edib.

BMTMM sədri çıxışında Azərbaycanın üçüncü tərəfin vasitəçiliyinə ehtiyac görmədiyini, Azərbaycan və Ermənistanın birbaşa danışıqlar aparmaq və konkret nəticələr əldə etmək qabiliyyətinə malik olduğunu artıq nümayiş etdirdiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bərpa və quruculuq məsələlərinə toxunan BMTMM sədri Azərbaycanın mina təhlükəsinin ən ciddi olduğu ölkələrdən biri olaraq qaldığını vurğulayaraq bu sahədə Avropa İttifaqının dəstəyinin vacibliyini qeyd edib. O, həmçinin Naxçıvanla dəmir yolu əlaqəsinin bərpasının əhəmiyyətini vurğulayıb.

“Təəssüf ki, sülh prosesinə mane olmağa çalışan qüvvələr az deyil. Onlara həm Ermənistan daxilində, həm də onun hüdudlarından kənarda rast gəlinir. Bu qüvvələrə müxalifətin müəyyən dairələri, erməni kilsəsinin rəhbərliyi və Avropa siyasi dairələrində nüfuz qazanmış erməni diasporunun bəzi nümayəndələri daxildir. Ümid edirik ki, onlar sülh üçün yaranmış bu tarixi fürsətin əldən verilməsinə nail ola bilməyəcəklər.

Avropalı siyasətçiləri bu məsələdə diqqətli olmağa, sülhün qurulmasına çalışanlarla ona mane olmağa cəhd göstərənləri bir-birindən fərqləndirməyə hörmətlə çağırırıq. Nəticə etibarilə, məsuliyyət hər iki ölkənin hökumətinin üzərinə düşür. Azərbaycan isə indiyədək sülhün təşviqinə yönəlmiş siyasət yürüdüb və bu mövqeyinə sadiq qalır.

Sülhün möhkəm iqtisadi təmələ də ehtiyacı var. İri infrastruktur layihələri həm barışığa, həm də iqtisadi inkişafa təkan verə bilər. Regionda nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində ümumi addımlar çərçivəsində TRIPP layihəsinin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini bərpa edəcək və region boyunca yeni marşrutların açılmasına imkan yaradacaq.

Eyni zamanda, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin inkişafında Avropa İttifaqının iştirakının daha da genişlənəcəyinə ümid edirik. Nəqliyyat əlaqələrinin genişlənməsi tərəflər arasında qarşılıqlı asılılıq yaradır, qarşılıqlı asılılıq isə sabitliyin qorunmasında ortaq maraqları gücləndirir.

Enerji Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından ən çətin dövrlərdə belə Avropanı təbii qazla etibarlı şəkildə təmin etdiyini sübut edib. İndi biz birlikdə bu əməkdaşlığın gələcək konturlarını müəyyən etməliyik. Bura həm uzun illər ərzində enerji balansının bir hissəsi olaraq qalacaq karbohidrogenlər, həm də alternativ mənbələr, o cümlədən bərpaolunan enerji və Xəzər regionunu Avropa bazarları ilə birləşdirən “yaşıl” elektrik enerjisi dəhlizləri daxildir,”-F. Şəfiyev diqqətə çatdırıb.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ilə Belçikanın Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu beyin mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən foruma İtaliya, İspaniya, Avstriya, Şimali Makedoniya, Rumıniya, Latviya, Niderland, İsveçdən olan beyin mərkəzlərinin təmsilçiləri, eləcə də Azərbaycandan ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Qarabağ Universitetindən nümayəndələr qatılıb.

https://report.az/xarici-siyaset/ferid-sefiyev-azerbaycanin-ermenistana-konstitusiya-telebi-ifrat-deyil

https://xalqqazeti.az/az/last-news/286779-brusselde-avropaazerbaycan-beyin-merkezlerinin-forumu

https://azertag.az/xeber/ferid_sefiyev_azerbaycan_ermenistanla_birbasa_danisiqlar_yolu_ile_sulhe_nail_olmagin_mumkunluyunu_subut_edib-4482192

https://www.baki-xeber.com/siyaset/256057.html

https://azertag.az/xeber/ferid_sefiyev_cenubi_qafqazda_sulh_ve_sabitlik_avropanin_da_maraqlarina_xidmet_edir-4482150

https://report.az/xarici-siyaset/ferid-sefiyev-azerbaycan-ve-ai-terefdasligin-derinlesmesini-yeni-sazisle-mohkemlendirmelidir

https://azertag.az/xeber/ferid_sefiyev_azerbaycan_ermenistanla_birbasa_danisiqlar_yolu_ile_sulhe_nail_olmagin_mumkunluyunu_subut_edib-4482192

https://azpolitika.info/?p=845096

https://report.az/en/foreign-politics/farid-shafiyev-azerbaijan-and-eu-should-formalize-deepening-partnership-with-new-agreement