09.12.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Ankara Sosial Elmlər İnstitutunun (ASBÜ) birgə təşkilatçılığı ilə “Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi və Türk dünyasının gələcəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Türkiyə və Azərbaycandan diplomatlar, siyasi partiya nümayəndələri, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər
ASBÜ-nun professoru Elem Eyrice Tepecikoğlunun moderatorluğu ilə keçirilən müzakirələrin əsas məqsədi Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın institusional inkişafı, strateji hədəfləri və Türk dünyasında əməkdaşlığın gələcək istiqamətlərinin elmi-analitik müstəvidə ətraflı şəkildə dəyərləndirilməsinə töhfə verməkdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nazim Cəfərsoy və Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev çıxışlarında Türk dünyasında əməkdaşlıq və birgə səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Cavid Vəliyev çıxışında TDT məkanında inteqrasiya proseslərinin vacibliyini diqqətə çatdırıb.
“Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) strateji əməkdaşlıq platforması kimi baxır. TDT digər dövlətlərə qarşı qərəzli deyil və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Türk dünyasında qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sırasında müdafiə və təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan 30 il ərzində işğala qarşı mübarizə aparıb, Türkiyə isə onilliklərdir terrorizmə qarşı mübarizə aparır. Təhlükəsizlik çağırışları ilə digər ölkələr də üzləşir. Məhz buna görə də Türk dünyasının birgə ordusu ideyasının gerçəkləşdirilməsi zəruridir”.
Nazim Cəfərsoy “Qlobal güc mübarizəsi və TDT” mövzusunda təqdimatla çıxış etdi. O, nitqində Türk dünyasının qarşısında duran çağırışlar, o cümlədən iqtisadi sahədə mövcud problemlər barədə danışıb, TDT məkanında qarşılıqlı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, türk dövlətlərinin strateji və qlobal əhəmiyyəti gələcək illərdə daha da artacaq.
Orxan Vəliyev isə “Qarabağ Zəfərindən sonra Azərbaycan-Türküstan münasibətləri” mövzusunda təqdimatla çıxış edərək 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra bölgədə yaranan yeni imkanlara toxunub, Türk dünyasının inkişaf perspektivləri və TDT-nin qarşısında duran ümumi çağırışlarla bağlı fikirlərini bölüşüb.
Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.


