BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti Qazaxıstanda görüşlər keçirib

2022-08-22 14:20

19-20 avqust tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Mərkəzin aparıcı məsləhətçisi Nağı Əhmədov Qazaxıstana səfər edib. Səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Nur-Sultan şəhərində keçirilən Azərbaycan-Qazaxıstan Ekspert Şurasının növbəti iclasında iştirakla yanaşı bir sıra beyin mərkəzləri ilə görüşlər də keçirilib.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədr müavini Amangeldi Tajenov ilə keçirilən görüşdə son dövrlərdə regionda və dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivləri müzakirə edilib. Tərəflər gələcəkdə iki beyin mərkəzi arasında əlaqələrin davam etdirilməsi və birgə nəşrlərin həyata keçirilməsi barədə razılığa gəlib. “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasında baş tutan görüşdə baş katib Qaydar Abdikerimov ilə Orta Koridorun inkişaf ilə bağlı qarşıda duran çağırışlar və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə keçirilən görüşdə tərəflər türk dövlətlərinin elmi və akademik institutlarının əməkdaşlığının ümumi inteqrasiya proseslərinin vacib elementi olması haqqında ortaq qənaətə gəlib.