BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti İspaniyada məhsuldar görüşlər keçirib, memorandum imzalanıb

2025-10-13 11:03

2025-ci ilin 9-11 oktyabr tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə səfər edib. Azərbaycanın  İspaniya Krallığındakı səfirliyinin və “Ágora Diplomática platformasının dəstəyi ilə  baş tutan səfər çərçivəsində Mərkəzin nümayəndələri bir sıra akademik qurumlarla məhsuldar görüşlər keçirib, Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı təqdimatlarla çıxış edib və yerli mətbuatın suallarını cavablandırıb.

Səfərin ilk günü CEI – Beynəlxalq Münasibətlər Məktəbinin (Diplomatik Məktəb) tələbələri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Cənubi Qafqaz regionunda baş verən son geosiyasi proseslər müzakirə olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb.

Abat Oliba CEU Universitetinin tələbələri ilə keçirilən görüş çərçivəsində BMTM nümayəndələri Azərbaycanın xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanları barədə təqdimatlarla çıxış edib.

Səfər zamanı, həmçinin BMTM və İspaniyanın diplomatik, hökumət və akademik dairələri arasında dialoqu təşviq edən “Ágora Diplomática” platforması arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd BMTM-in şöbə müdiri Vasif Hüseynov və “Ágora Diplomática”nın prezidenti Pau Herrera tərəfindən imzalanıb.

Səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənəd gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi, ikitərəfli akademik münasibətlərin inkişafı baxımından əhəmiyyət kəsb edir.