BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı beynəlxalq simpozium keçirilib

2023-05-16 17:53

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi və Haaqada yerləşən “LINKS Europe”-un birgə təşkilatçılığı ilə Bakıda “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı simpozium keçirilib. Konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəallığı ilə seçildiyini və bir sıra vacib təşəbbüslərlə çıxış etdiyini deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi hərəkatın aktuallığını bir daha gündəmə gətirib. Fərid Şəfiyevin sözlərinə görə, Azərbaycanın hərəkata sədrliyi dünyanın olduqca çətin dövrünə təsadüf edib: “Azərbaycanın aktiv fəaliyyəti və görülən işlər nəticəsində Qoşulmama Hərəkatının əhəmiyyəti xeyli dərəcədə artıb. Düşünürəm ki, Qoşulmama Hərəkatı digər beynəlxalq platformalar kimi dünyada sülhün qorunmasına, ölkələrin çoxşaxəli inkişafına öz töhfəsini verməyə davam edir”

“LINKS Europe”un direktoru Dennis Sammut çıxışında qeyd edib ki, kovid-19 pandemiyası dövründə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan üzv ölkələri pandemiyaya qarşı mübarizədə bir araya gətirməyə nail olub. O qeyd edib ki, bu cür çətin geosiyasi vəziyyətdə Azərbaycanın sədrliyi çox önəmli idi.

Daha sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə "Qlobal təhlükəsizlik və iqtisadi çağırışlar: Qoşulmama Hərəkatının rolu" adlı ilk panel iclası keçirilib.

Paneldə Misir Xarici İşlər Şurasının sədri Məhəmməd Abdel Hay Əl-Orabi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova və Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev çıxış edib. Müzakirələr zamanı sabitlik və inkişaf üçün ölkələrin öz təcrübələrini bir-biri ilə bölüşməli olduğu qeyd olunub və hərəkatın qlobal təhlükəsizlikdə rolu vurğulanıb.

BMTM-in şöbə müdiri Vasif Hüseynovun moderatorluğu ilə  "Qoşulmama Hərəkatını qlobal aktor kimi gücləndirmək: institusionallaşma və digər təşəbbüslər" adlı panel müzakirələrində Xarici işlər Nazirliyinin əməkdaşı Mahur Qasımov, Niderlandın Leyden Universitetinin dosenti Maya Vodopivec və Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktor müavini Fuad Çıraqov, Xəzər Universitetinin doktorantı Klaudia Palazzonun moderatorluğu ilə “Qoşulmama Hərəkatının konseptual məsələləri və gələcəyi” mövzularında panel iclası zamanı Bəhreynin Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin Proqram direktoru Aşraf Mohamed Keşk, Leyden Universitetinin müəllimi Robert Mikallef və  Siyasət, Tarix və Etnoqrafiya Mərkəzinin direktoru Orxan Yolçuyev qlobal çağırışlar kontekstində Qoşulmama Hərəkatının gücləndirilməsi təşəbbüsləri və gələcəyinə dair müzakirələr aparıblar.