Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanla Latın Amerikası arasında rabitə rolunu oynayan Sakit okean: Sakit Okean Alyansı” mövzusunda dəyirmi masa keçirilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2019-ci ildən Azərbaycan Sakit Okean Alyansının müşahidəçi üzvüdür. O bildirib ki, müxtəlif beynəlxalq təşkilat, o cümlədən Sakit Okean Alyansı ilə fəal xarici siyasət əlaqələri qurmaq Azərbaycan üçün hər zaman gündəmdədir. Onun sözlərinə görə, hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafı ilə məşğuldur və bu baxımdan həmin bölgə ilə əməkdaşlıq üçün bəzi perspektivlər meydana gəlir. Fərid Şəfiyev bildirib ki, son illər Latın Amerikası ölkələri ilə qarşılıqlı diplomatik missiyaların açılması ticarət əlaqələrində ciddi artıma səbəb olub. Onun sözlərinə görə, regionla mədəni, humanitar əlaqələr də genişləndirilməli və erməni diasporunun bölgələrdəki fəallığı nəzərə alınaraq bu bölgə hər zaman diqqətdə saxlanılmalıdır.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Azərbaycan və Sakit Okean Alyansı arasında qurulan əlaqələrin əhəmiyyətindən danışıb. Səfir bildirib ki, 1992-2014-cü illər ərzində Sakit Okean Alyansı və Azərbaycan arasında ticarət dövriyyəsi illik 3.3 milyon dollar təşkil edib. Onun sözlərinə görə, Bakıda Sakit Okean Alyansına üzv ölkələrin səfirliklərinin açılmasından sonrakı dövrdə, yəni 2015-2021-ci illər ərzində bu rəqəm 42.8 milyon dollara çatıb: “Rekord hədd isə 2021-ci ildə 75 milyon dollar olaraq qeyd olunub. Bu 35 dəfəyə yaxın artım deməkdir. Bu rəqəm Azərbaycan və Sakit Okean Alyansı ölkələri arasında əlaqələrin güclənməsinin göstəricisidir”.
Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberq bildirib ki, Alyans yaranandan bu yana əsas hədəfi iqtisadi inteqrasiya platformasına çevrilmək olub. O bildirib ki, bu hədəf sayəsində son 10 ildə əməkdaşlıq əlaqələri regionun digər ölkələri, Avropa İttifaqı və Afrika ölkələrinə qədər genişlənib.
Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Steer ölkəsinin Alyansın gücləndirilməsi üçün fəal işlər apardığını deyib və təşkilatın genişlənməsi və müşahidəçi ölkələrin cəlb olunması işləri barədə məlumat verib.