BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

2022-04-25 14:50

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə aprelin 25-də Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Tacikistanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaş olduğuna toxunub. Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli bildirib ki, Tacikistan və Azərbaycan siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edir. R.Soli qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair 60-dan artıq sənəd imzalanıb. O bildirib ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı etimada əsaslanan mehriban qardaşlıq xarakteri daşıyır. Səfir iqtisadi sahələr üzrə işçi qruplarının yaradılması üzərində iş getdiyini də fikirlərinə əlavə edib. 2020-ci ilin aprel ayında Bakıda Tacikistan Ticarət Evinin açıldığını xatırladan R.Soli həmçinin Tacikistanın Azərbaycanda aqrar sektorda mövcud əməkdaşlıq və investisiya imkanlarının olduğunu vurğulayıb. Eyni zamanda Tacikistan səfiri iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələr və Tacikistandan olan tələbələrin Azərbaycanda təhsil almasından bəhs edib. R.Soli regional təhlükəsizlik, Əfqanıstanda baş verən hadisələrin ölkəsinə təsirlərindən, həmçinin terrorizmlə mübarizə sahəsində Azərbaycanla mümkün əməkdaşlıq məsələlərinə toxunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri və Azərbaycan Respublikasının Tacikistan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Məhərrəm Əliyev çıxış edərək iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının tarixindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Tacikastan Prezidenti Emoməli Rəhmonın dövlətlər arasında əlaqələrin inkişafındakı rolundan danışıb. 

Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə öz çıxışında iki xalq arasında əlaqələrin tarixin dərinliklərinə gedib çıxdığını vurğulayıb. O, iki dövlət arasında münasibətlərin hər iki tərəfin maraqlarına söykəndiyini deyərək bunu nümunəvi adlandırıb. A.Mirzəzadə öz çıxışında xüsusilə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib. O əlavə edib ki, Tacikistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və biz bunu 44 günlük müharibə zamanı xüsusilə hiss etmişik.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Bünyad Hüseynov Azərbaycan və Tacikistan arasında mədəni əlaqələrin tarixinə, hər iki xalqın yaradıcı insanlarının xalqlar arasında körpü rolu oynamasına toxunub.

Azərbaycanın Tacikistandakı keçmiş səfirləri Abbasəli Həsənov və Həsən Məmmədzadə çıxış edərək ölkələr arasında münasibətlərin inkişafında xalq diplomatiyasının əhəmiyyətini qeyd ediblər.

Tədbir Mərkəzi Asiya ölkələrinin və Gürcüstanın Azərbaycandakı səfirləri, elm və ictimaiyyət təmsilçilərinin iştirakı ilə baş tutub.