BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan- Rusiya Ekspert Şurasının ilk iclası keçirilib

2021-11-19 15:35

Noyabrın 19-da Bakıda Azərbaycan-Rusiya Ekspert Şurasının ilk iclası keçirilib. “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib faktoru kimi” mövzusuna həsr edilən tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiya Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirin açılışında çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edərək, bu prosesdə iki ölkənin dövlət başçılarının etibarlı dialoqunun mühüm rolunu vurğulayıb, Şuranın fəaliyyətinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. 

Daha sonra RBMŞ-nin baş direktoru Andrey Kortunov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iki ölkə arasında strateji tərəfdaşlığın istər ikitərəfli müstəvidə, istərsə də regional məsələlərin həllində effektivliyinin artırılmasında Rusiya və Azərbaycan ekspertlərinin birbaşa əlaqələrinin vacibliyini və hər iki ölkə ictimaiyyətinin regionda gedən proseslər haqqında düzgün məlumatlandırılmasındakı rolunu vurğulayıblar.

Panel müzakirələri formatında davam edən Şuranın iclasında Azərbaycan və Rusiyanın ekspert mərkəzlərinin aparıcı nümayəndələri ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq və iki dövlətin gündəmində olan digər aktual məsələlərlə dair təqdimatlar ediblər, fikir mübadiləsi aparıblar. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə və Qarabağ münaqişəsinin bitməsi ilə Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar şəraitində Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Çıxışlarda həmçinin Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlik mövzusuna toxunularaq, regionda yeni hərbi eskalasiyasının yolverilməzliyi qeyd edilib. Eyni zamanda Rusiya və Azərbaycanın regionda uzunmüddətli sabitlik konfiqurasiyasının qurulmasında maraqlı olduqları vurğulanıb 

Bununla əlaqədar Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı 2020 il noyabr və 2021 il yanvar üçtərəfli bəyanatlarında müəyyən olunmuş məsələlərin gecikmədən həllinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Ermənistanın beynəlxalq tanınmış sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin tez bir zamanda başlanılması post-münaqişə gərginliyinin de-eskalasiyası üçün alternativi olmayan addımdır. Həmçinin regionda uzunmüddətli sülhün əldə edilməsinə üçün dayanıqlı əsaslar təşkil edən üçtərəfli bəyanatların icrasına mane olmağa yönələn regionxarici oyunçuların destruktiv təsirinin yolverilməzliyi vurğulanıb. 

Tədbirin sonunda Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsində ekspert ictimayyətinin əməkdaşlığının mühüm rolunu qeyd edən Şura üzvləri AREŞ-nın fəaliyyətinin daimi əsaslarla keçirilməsini ehtiva edən kommünike qəbul ediblər.