Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda Afrika gününə həsr olunmuş “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Qoşulmama Hərəkatında Afrika ölkələri böyük əhəmiyyətə malikdir və Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu məsələyə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, həm BMT-də Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı qətnamələrin qəbulunda, həm 30 il ərzində, həm də ikinci Qarabağ müharibəsi zamanı Afrika ölkələri Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəkləyib. Fərid Şəfiyev əlavə edib ki, Azərbaycanın Afrikanın şimalı ilə yaxşı əlaqələri mövcuddur və ölkəmiz həm də cənub ölkələri ilə əlaqələri genişləndirmək perspektivini nəzərdən keçirir.
Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov çıxışı zamanı bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinə, xüsusilə də onların problemlərinə diqqət yetirilib. Onun sözlərinə görə, Azərbaycan Afrika ölkələrinə maliyyə yardımı göstərib, təhsil və səhiyyəyə pul ayırıb. Araz Əzimov dünyada müstəmləkəçiliyin davam etdiyini və təsirlərinin hiss olunduğunu deyib. O qeyd edib ki, Afrika ölkələrinin bəziləri müstəqil olsa da müstəmləkəçilikdən tam xilas olmayıb.
Daha sonra BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə “Afrikanın gücləndirilməsi: İmkanlar və strategiyalar” adlı panel müzakirəsi başlayıb. Paneldə çıxış Mərakeşin “Mohammed V” Universitetinin Beynəlxalq Hüquq və Əlaqələr şöbəsinin professoru Mohammed Zakariae Aboueddahab, Malidə NİDEM təşkilatının prezidenti Xalil Kisse və Zimbabve Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əlaqələr Departamentinin fəaliyyətdə olan direktor müavini Enoskent Pfidzai Çiutsi Afrikanın üzləşdiyi əsas problemlər, beynəlxalq ictimaiyyətin Afrika məsələsinə münasibəti və bölgənin inkişaf imkanları barədə danışıblar.
Niderlandın Leyden Universitetinin professor köməkçisi Maya Vodopivekin moderatorluğu ilə keçirilən “Qlobal çağırışlar dövründə çoxtərəflilik və əməkdaşlıq” adlı digər panel müzakirələrdə Azərbaycan parlamentinin üzvü Tural Gəncəliyev, Ankara Universitetinin Afrika Araşdırmaları Mərkəzinin professoru Can Umut Ciner və Xəzər Universitetinin doktorantı Predikt Mutepfe dünyada çoxtərəfliliyinin əhəmiyyətini, beynəlxalq məsələlərin, o cümlədən Afrikadakı problemlərin həllində dünya ictimaiyyətinin bir araya gəlməsinin vacibliyini və Qoşulmama Hərəkatının rolunu müzakirə ediblər.