BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Esmira Cəfərova

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü


info@aircenter.az

(+994 12) 596-82-39

Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alıb. 2000-2001-ci illərdə Macarıstanın Budapeşt şəhərindəki Mərkəzi Avropa Universitetində Beynəlxalq Münasibətlər və Avropa Bilimləri fakültəsində magistr, 2007-2011-ci illərdə Avstriyanın Vyana Universitetində Siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcələrinə yiyələnib. Dissertasiya mövzusu  “Cənubi Qafqazda təhlükəsizliyin təminatında beynəlxalq təşkilatların rolu: BMT, ATƏT, Avropa İttifaqı və MDB-nin Cənubi Qafqazdakı münaqişələrin həllində effektivliyinin təhlili” olub. 2014-cü ilin yanvar-avqust aylarında ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetinin Harriman İnstitutunda ziyarət edən elmi işçi kimi araşdırma aparıb.

Esmira Cəfərova Vyana Diplomatik Akademiyası (Vyana, Avstriya, fevral-aprel 2002), Təhlükəsizlik Bilimləri üzrə Corc Marşal Mərkəzi (Qarmiş Partenkirxen, Amaniya, fevral-mart 2003), Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi (Cenevrə, İsveçrə, oktyabr 2004-may 2005) və Şimal Şərqi Yaxın Asiya Mərkəzində (Vaşinqton D.C., fevral 2015) ixtisas artırma kursları keçib.

2001-2016-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində birinci katib işləyib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə Yaxın Şərq məsələlərinə məsul ekspert kimi fəaliyyət göstərib.

2016-2017-ci illərdə ADA Universitetində İctimai və Beynəlxalq Münasibətlər fakültəsində Siyasi elmlər üzrə baş müəllim işləyib. ADA Universitetində olduğu müddətdə o, “Xarici Siyasətin Təhlili”, “Diplomatiya və Xarici siyasət”, “Avropa İttifaqının Xarici Siyasəti”, “Qlobal İdarəetmə”, “Münaqişələrin həlli” “Beynəlxalq Əlaqələr Nəzəriyyəsi” fənlərini  tədris edib.

2017-2018-ci illərdə Energetika Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, 2018-ci ilin avqustundan 2019-ci il noyabrın 1-nə kimi Energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərib.

Esmira Cəfərova bir çox məqalələrin, elmi nəşrlərin, o cümlədən 2015-ci ildə Lexington Books (Rowman & Littlefield) kitab evi tərəfindən çap olunmuş  “Cənubi Qafqazda münaqişələrin həlli: Beynəlxalq səylərin üzləşdiyi çağırışlar” adlı kitabın müəllifidir.

Son məqalələr