BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Kilsənin Cənubi Qafqazda yekun sülhə mane olan mövqeyi

2026-10-23 11:00

BMTMM-in aparıcı məsləhətçisi Fuad Abdullayevin müəllifi olduğu “Kilsənin Cənubi Qafqazda yekun sülhə mane olan mövqeyi” sərlövhəli məqaləsi EU Reporter nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Azərbaycan və Ermənistan gələcək sülhün əsasını təşkil edən fundamental prinsipin aydın şəkildə müəyyənləşdirildiyi mərhələyə çatıb. 2025-ci il avqustun 8-də paraflanmış saziş tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımasını nəzərdə tutur. Sənədin II maddəsində qeyd olunur ki, tərəflərin bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə də belə iddialar irəli sürməyəcəklər. Bundan əlavə, hər iki tərəf digər tərəfin ərazi bütövlüyünü və ya siyasi birliyini pozmağa yönəlmiş hərəkətləri planlaşdırmamağı, təşviq etməməyi və dəstəkləməməyi öhdəsinə götürür.

Lakin Erməni Apostol Kilsəsi fərqli siyasi yanaşma çərçivəsində fəaliyyətini davam etdirir. Məsələ kilsənin dini fəaliyyəti, dindarlara və mədəni abidələrə qayğı göstərmək hüququ ilə bağlı deyil. Problem kilsə strukturlarının pastoral fəaliyyət çərçivəsini aşaraq suverenlik, sərhədlər və başqa dövlətə məxsus ərazinin siyasi gələcəyi ilə bağlı məsələlərdə mahiyyət etibarilə siyasi diplomatiya ilə məşğul olmağa başlaması ilə ortaya çıxır. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan ərazi ilə bağlı hazırda məhz bu baş verir.

Erməni Apostol Kilsəsinin nümayəndələrinin rəsmi bəyanatlarında “Artsax Respublikası” və “Artsaxın müstəqilliyi” ifadələrindən istifadə olunmaqda davam edir. Bu, sadəcə mədəni və ya humanitar hüquqlar məsələsi deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ayrıca qurumun mövcudluğunu nəzərdə tutan siyasi layihədir. Məsələn, 2023-cü ildə Eçmiədzindəki Ali Ruhani Şura Qarabağ ermənilərinin təhlükəsizliyini qondarma “Artsax Respublikası”nın müstəqilliyinin tanınması ilə açıq şəkildə əlaqələndirib, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını isə rədd edib. Vaşinqtonda sülh prosesinə başlanıldıqdan sonra da bu mövqeyə yenidən baxılmayıb.

2025-ci il sentyabrın 2-də Eçmiədzində II Katolikos Qareginin sədrliyi ilə “Artsax Respublikasının Müstəqillik Günü”nə həsr olunmuş dini ayin keçirilib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əsaslanan sazişin paraflanmasından bir il sonra da Eçmiədzin Azərbaycan ərazisində ayrıca “respublika”nın mövcudluğunu simvolik şəkildə təsdiqləməkdə davam edib.

Daha birmənalı bəyanat isə Böyük Kilikiya Katolikosluğundan gəlib. 2026-cı il sentyabrın 3-də katolikos I Aram “Artsaxın müstəqilliyi təkcə keçmiş deyil, həm də gələcəkdir” bəyanatını səsləndirib. O, bu müstəqilliyin xatirəsinin ona nail olmaq uğrunda davamlı mübarizəyə çevrilməsinə çağırıb və digər tərəflərin siyasi realizm adı altında məsələni bağlanmış elan etmək cəhdlərinə baxmayaraq, onun milli gündəmdə qalmalı olduğunu vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü baxımından belə mövqe ərazi iddiaları ilə eyni məna daşıyır. Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Beləliklə, həmin ərazidə ayrıca müstəqil qurumun yaradılmasına və ya bərpasına yönəlmiş istənilən siyasi proqram qaçılmaz olaraq Azərbaycanın sərhədlərinin və suverenliyinin dəyişdirilməsini nəzərdə tutur. Məhz buna görə də kilsənin özü dövlətlərarası sazişin tərəfi olmasa da, bu cür ritorika sülh prosesinin siyasi məntiqi ilə birbaşa ziddiyyət təşkil edir.

İkinci mexanizm bu ərazi gündəliyinin beynəlxalq müstəviyə çıxarılmasıdır. Vurğulamaq lazımdır ki, beynəlxalq kilsə platformalarında irəli sürülən qayıdış konsepsiyası heç də həmişə keçmiş sakinlərin öz evlərinə qayıtmaq kimi humanitar hüququ ilə məhdudlaşmır. 2026-cı ildə baş verən hadisələr bu baxımdan xüsusilə diqqətəlayiqdir.

2026-cı il yanvarın 21-də Ümumdünya Kilsələr Şurası 2025-ci ilin may ayında Bern şəhərində keçirilmiş və Eçmiədzinin müraciəti əsasında təşkil olunmuş konfransın materiallarını əhatə edən 336 səhifəlik toplunu nəşr edib. 2026-cı ildə dərc olunmuş toplunun 30-cu səhifəsində yer alan həmin konfransa ünvanladığı müraciətində I Aram Qarabağ ermənilərinin beynəlxalq müdafiə altında qayıdışını onların öz müqəddəratını təyinetmə hüququnun bərpası ilə əlaqələndirib. Məsələnin bu şəkildə təqdim edilməsi fərdi qayıdış hüququnun çərçivəsindən kənara çıxır. Erməni Apostol Kilsəsinin “Artsaxın müstəqilliyi” ilə bağlı davam edən bəyanatları ilə birlikdə bu yanaşma Azərbaycanın ərazi bütövlüyü baxımından ərazi iddialarını mahiyyət etibarilə yenidən gündəmə gətirir. Başqa sözlə, kilsənin təşəbbüsü daha geniş siyasi auditoriyaya yönəlmiş beynəlxalq siyasi fəaliyyət və təbliğat vasitəsinə çevrilib.

Vurğulamaq vacibdir ki, konfransın yekun bəyanatında da hökumətlər və beynəlxalq qurumlar diplomatik və hüquqi addımlar atmağa, dünyanın müxtəlif ölkələrindəki kilsələr isə Erməni Apostol Kilsəsi ilə əlaqələndirilmiş şəkildə bu istiqamətdə təbliğat fəaliyyətini davam etdirməyə çağırılıb.

Vatikan da bu istiqamətdə fəaliyyətin mühüm kanallarından birinə çevrilib. 2026-cı il mayın 18-də Papa XIV Leo ilə görüşü zamanı I Aram Qarabağ məsələsini qaldırıb və ermənilərin beynəlxalq təminatlar əsasında geri qayıtmasına çağırıb. Beləliklə, ərazi iddiaları ilə bağlı narrativ birbaşa Katolik Kilsəsinin rəhbərinə və Müqəddəs Taxt-Tacın diplomatik strukturlarına çatdırılıb”.

*Məqalənin ingilis dilində dərc edilən tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eureporter.co/world/azerbaijan-world/2026/10/23/the-church-against-a-final-peace-settlement-in-the-south-caucasus/