BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Serbiyada Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib

2025-02-27 14:40

Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda dəyirmi masa keçirilib.

Türkiyə və Somalinin Serbiyadakı səfirləri, həmçinin Qazaxıstan səfirliyinin müşaviri, Serbiya XİN-in məsul əməkdaşı daxil olmaqla diplomatlar, eləcə də beynəlxalq ekspertlər və siyasi təhlilçilər Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.  Qeyd edək ki, tədbir Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə təşkil olunub.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən planlaşdırılan və həyata keçirilən etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu deyən Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev qeyd edib ki, Qarabağ münaqişəsi uzun illər Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün əsas maneə olub.

Səfir bildirib ki, Azərbaycan beynəlxalq hüququn və ədalətin təmin olunmasını, həmçinin Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiyanın inkişafını dəstəkləyir. Bu mənada, sülh sazişi bütün regionun inkişafı üçün yeni imkanlar açacaq.

“Ermənistan öz konstitusiyasından Azərbaycan əleyhinə ərazi iddialarını çıxarmalı və real addımlar atmalıdır. Sülh və əməkdaşlıq regionun bütün ölkələrinin maraqlarına cavab verir”,-deyə K. Xasiyev əlavə edib.

Diplomat, həmçinin,  Azərbaycanın Qarabağda apardığı bərpa işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Transatlantik əməkdaşlıqda baş verən son transformasiyalara toxunan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev proseslərin Cənubi Qafqaz bölgəsinə də təsirsiz ötüşməyəcəyini,eyni zamanda ikili standartların beynəlxalq siyasətə mənfi təsir edəcəyini vurğuladı.

“Azərbaycanla Ermənistan arasında baş verən münaqişəyə Avropa ölkələri həmişə fərqli aspektdən yanaşıblar. Lakin Ukraynada baş verən hadisələr Avropaya bir daha ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərdi. 2020-ci il İkinci Qarabağ müharibəsi mühüm geosiyasi nəticələrə səbəb olmaqla, ilk növbədə, beynəlxalq hüququn universal prinsiplərinin əhəmiyyətini sübut etmiş oldu”.

BMTM sədri Türk Dövlətləri Təşkilatının artan geosiyasi roluna, üzv dövlətlərin həm təşkilat çərçivəsində, həm də ikitərəfli müstəvidəki münasibətlərinin regional və qlobal səviyyədəki töhfələrinə diqqət çəkdi.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsinə toxunan Xarici İşlər Nazirliyinin Strateji Təhlil və Araşdırmalar departamentinin müdiri Şahin Şahyarov oxşar aktların qarşısının alınması üçün praktiki addımların icrasının vacib olduğunu vurğuladı.

Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunan Ş. Şahyarov Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının sülh prosesinə əsas əngəl olduğunu bildirdi. Həmçinin, üçüncüü qüvvələrin desruktiv təsirlərinə də diqqət çəkdi.

“Xarici aktorlar iki ölkə arasındakı prosesi pozacaq birtərəfli addımlardan çəkinməlidirlər. Beynəlxalq ictimaiyyət isə bu prosesi dəstəkləməli, mane olan yox, irəliyə doğru aparan tərəf olmalıdır. Azərbaycan regionu sabitlik və əməkdaşlıq platformasına çevirməyə sadiqdir və bölgədə gərginlik yaradan geosiyasi rəqabəti rədd edir”,-deyə Ş. Şahyarov əlavə etdi.

Tədbirdə, həmçinin Serbiya və Azərbaycanın əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıldı. Strateji Tədqiqatlar Forumunun (FORST) prezidenti, Serbiya Milli Assambleyasının sabiq üzvü Neven Çvetiçanin Cənubi Qafqaz və onun hüdudlarından kənarda əməkdaşlıq imkanlarını təhlil etdi. Nikola Tesla Universitetinin Beynəlxalq Siyasət və Təhlükəsizlik Fakültəsinin dekanı, professor Violeta Raşkoviç Taloviç isə Serbiya-Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərinə toxunaraq, ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və strateji əhəmiyyət daşıdığını qeyd etdi.

Müzakirələr sual-cavab sessiyası ilə yekunlaşdı.