Gülşən Paşayeva
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü
info@aircenter.az
(+994 12) 596-82-39
Gülşən Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini "Struktur və tətbiqi dilçilik" ixtisası üzrə 1983-cü ildə bitirmişdir. O, 1983-2001-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrdə işləmişdir. Əyani aspiranturanı qurtardıqdan sonra o, namizədlik dissertasiyasını müdafiə edərək, 1990-cı ildə “Dilçilik nəzəriyyəsi” ixtisası üzrə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1995-ci ilin avqust-dekabr aylarında Gülşən Paşayeva ABŞ-ın Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin "Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması" mövzusunda Vaşinqtonda təşkil edilmiş dörd aylıq beynəlxalq proqramda iştirak etmişdir. Azərbaycana qayıtdıqdan sonra o, 1996-cı ildə “Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi” adlı qeyri-hökumət təşkilatını təsis etmiş və 2001-ci ilə qədər ona rəhbərlik etmişdir. Eləcə də Gülşən Paşayeva Azərbaycanın bir neçə dövlət və özəl universitetlərində “Regional münaqişələr”, “Danışıqlar prosesi”, “Vasitəçilik” fənlərini tədris etmiş və 1998-1999-cu illərdə Fulbrayt proqramı xətti ilə ABŞ-ın Tafts Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində yarım il ərzində münaqişələrin həlli texnikasına və danışıqlar prosesinə dair tədqiqatlar aparmışdır.
2001-2006-cı illərdə o, BMT-nin Qadınlar üçün İnkişaf fondunun (hazırda BMT Qadınlar) "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində işləmiş, 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul əməkdaşı olmuşdur.
2009-cu ilin iyulundan Gülşən Paşayeva Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləmiş, 2011-ci ilin yanvarında isə bu Mərkəzin direktor müavini təyin edilmişdir. 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilmişdir.
Gülşən Paşayeva münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşmışdır. O, 1996–2022-ci illər ərzində dünyanın müxtəlif ölkələrində keçirilmiş 120-yə yaxın beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmiş və 100-dən artıq elmi-publisistik məqalənin, bir monoqrafiyanın müəllifi və ikisi xaricdə çap edilməklə ümumilikdə üç kitabın (“The EU Eastern Partnership: Common framework or Wider Opportunity?” (2012), “Cooperation in Eurasia: Linking Identity, Security, and Development” (2016) və “Trapped between War and Peace: The Case of Nagorno-Karabakh” (2017)) həmredaktorudur.
Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Gülşən Paşayeva Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.