BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Zəngəzur Enerji Dəhlizi regional enerji əlaqələrini gücləndirir

2026-02-20 16:27

BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Zəngəzur Enerji Dəhlizi regional enerji əlaqələrini gücləndirir” adlı məqaləsi “The Jamestown Foundation” beyin mərkəzinin nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Yanvarın 29-da rəsmi olaraq AzerEnerji şirkətinin rəhbərliyi ilə yeni yüksək gərginlikli ötürücü sistemin tikintisinə başlanılıb. “Zəngəzur Enerji Dəhlizi” adlanan bu layihə Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizi kimi də tanınan TRIPP (Sülh və Rifah Naminə Tramp Beynəlxalq Marşrutu) vasitəsilə Bakının milli elektrik şəbəkəsinə inteqrasiya etməyi nəzərdə tutur. Layihə, eyni zamanda gələcəkdə Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizinin texniki əsaslarının yaradılmasına xidmət edəcək.

Bu təşəbbüs Bakının transregional elektrik bağlantılarında rolunu gücləndirmək istiqamətində həyata keçirdiyi strategiyanın tərkib hissəsidir. Sözügedən strategiya ayrı-ayrı infrastruktur investisiyalarından daha çox, dəhliz əsaslı inkişaf modelinə üstünlük verir. Zəngəzur Enerji Dəhlizinin istifadəyə verilməsi Azərbaycanı Asiya və Avropanı birləşdirən regional elektrik qovşağı kimi mövqeləndirir.

Bu layihənin əsasını təxminən 1000 meqavat ötürmə gücünə malik, ikidövrəli 330 kilovoltluq elektrik ötürücü xətt təşkil edir. Xətt mürəkkəb relyef və sərhədyanı marşrut tələblərini nəzərə almaqla bir neçə seqment üzrə inşa edilir.

Birinci seqment Cəbrayıl rayonundan Ağbəndə qədər Araz çayı boyunca təxminən 74 kilometr məsafəni əhatə edir. İkinci, daha uzun seqment isə Naxçıvan Muxtar Respublikasını Ordubad sərhəd zonası ilə birləşdirən təxminən 105 kilometrlik hissədən ibarətdir.

Bu seqmentlər son nəticədə TRIPP vasitəsilə Zəngəzur dəhlizi üzrə keçəcək əlavə 44 kilometrlik bağlantı xətti ilə birləşdiriləcək və beləliklə, Azərbaycanın əsas ərazisi ilə onun qərb eksklavı arasında fasiləsiz, yüksək ötürmə qabiliyyətli elektrik bağlantısı formalaşacaq.

Yeni ötürücü xətlə paralel olaraq, Naxçıvanda 330 kilovoltluq yeni yarımstansiyanın tikintisi üçün hazırlıq işləri aparılır və bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb.

Zəngəzur Enerji Dəhlizinin əsas məqsədi Azərbaycanın daxili enerji təhlükəsizliyini gücləndirməkdir. Onilliklər ərzində Naxçıvan Muxtar Respublikası elektrik baxımından təcrid olunmuş eksklav kimi fəaliyyət göstərib və tezliyin tənzimlənməsi, eləcə də şəbəkə sabitliyinin qorunması baxımından xarici sistemlərdən asılı vəziyyətdə olub. Onun Azərbaycanın milli enerji sisteminə tam inteqrasiyası bu həssaslığı aradan qaldıracaq, elektrik təchizatı üzərində təhlükəsiz və suveren nəzarəti təmin edəcək, eyni zamanda şəbəkə operatorlarının təkliflə tələbi balanslaşdırdığı elektrik istehsalının daha səmərəli dispetçer idarəetməsinə imkan verəcək.

Layihə yalnız milli infrastrukturun modernləşdirilməsi ilə məhdudlaşmır. O, daha geniş beynəlxalq elektrik dəhlizinin şərq dayağı kimi formalaşır. Bu dəhliz perspektivdə Azərbaycandan, eləcə də potensial olaraq Xəzər hövzəsi və Mərkəzi Asiyadan elektrik enerjisinin Türkiyə üzərindən Avropa bazarlarına ötürülməsini asanlaşdıra bilər.

Bu beynəlxalq inteqrasiyaya hesablanmış və ixracyönümlü dəhliz strategiyası Azərbaycanın son illərdə sürətlənən təmiz enerji keçidi ilə uzlaşır. Bakı bərpaolunan enerjini getdikcə ölkənin karbohidrogen əsaslı iqtisadi modelini tamamlayan və onu şaxələndirən strateji istiqamət kimi təqdim edir. Hökumət 2030-cu ilədək elektrik enerjisi istehsalı gücündə bərpaolunan mənbələrin payını təxminən 30 faizə çatdırmağı rəsmi hədəf kimi müəyyən edib.

Zəngəzur Enerji Dəhlizi Azərbaycanın bərpaolunan enerji ixracı ambisiyalarının reallaşdırılmasında mühüm rol oynayan əsas mexanizmlərdən biridir. Bu rol ölkənin paralel şəkildə digər iri miqyaslı elektrik ixrac təşəbbüslərində iştirakı ilə daha da möhkəmlənir. Xüsusilə, 2022-ci ildə irəli sürülən Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsi bu baxımdan diqqət çəkir.

Sözügedən layihə Azərbaycan və Gürcüstanı Ruminiya ilə Qara dəniz üzərindən çəkiləcək dörd qiqavat gücündə sualtı elektrik kabeli vasitəsilə birləşdirməyi nəzərdə tutur. Layihə, əsasən külək və günəş enerjisinə əsaslanan bərpa olunan elektrik enerjisinin Avropa İttifaqı bazarlarına ötürülməsinə imkan yaratmağı hədəfləyir”.

Yekunda müəllif bildirir ki, Zəngəzur Enerji Dəhlizi Xəzər hövzəsi, Türkiyə və Avropa bazarlarını birləşdirə biləcək transregional elektrik axınları üçün institusional və texniki zəmin formalaşdırır.

“Zəngəzur Enerji Dəhlizi bir tərəfdən Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən enerji təcridinə praktik həll təqdim edir, digər tərəfdən isə Cənubi Qafqazın Avrasiya və Avropa iqtisadi məkanına inteqrasiyasını gücləndirməyə yönəlmiş strateji investisiya kimi çıxış edir”.

*Məqalənin ingilis dilində dərc olunmuş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/zangezur-energy-corridor-enhancing-regional-energy-connectivity/

Müəllifin son məqalələri

20 Fevral 2026 - 16:27

Zəngəzur Enerji Dəhlizi regional enerji əlaqələrini gücləndirir

15 Sentyabr 2025 - 14:54

ŞƏT çərçivəsində Azərbaycan-Çin enerji əməkdaşlığının inkişaf etdirilməsi

15 Sentyabr 2025 - 10:31

Azərbaycanın AQEM sədrliyi: Parçalanmış Asiyada liderlik sınağı