Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin vasitəçiliyi ilə videoformatda görüş keçiriblər. Görüşə prezident Makronun da qoşulması hazırda Avropa İttifaqına (Aİ) Fransanın sədrlik etməsi ilə bağlıdır. Yəni Emmanuel Makron bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi iştirak etməyib. Xatırladaq ki, Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik etməsi üçün yaradılmışdı.
Maraqlıdır ki, Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurası rəhbərlərinin sammiti Bakıda Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson və qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin də iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının keçirildiyi vaxta təsadüf edib. Bu görüş və Avropa İttifaqının komissarlarının Bakıdakı bəyanatları İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında sülh prosesi və Aİ-nin regiondakı rolu nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
Bunun bir neçə səbəbi var. Əvvəla bütün bunlar göstərir ki, Aİ artıq Yerevan və Bakı ilə daha balanslı əlaqələr qurmaq, onların narahatlıqlarına, gözləntilərinə daha balanslı şəkildə diqqət ayırmaq qərarına gəlib. Demək, Aİ-nin Cənubi Qafqaz, xüsusən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı siyasətində vacib dəyişikliklər baş verib. Xatırladaq ki, Azərbaycanda son aylaradək onun fəaliyyətinə tənqidi yanaşılırdı. Çünki Aİ Ermənistan-Azərbaycan münasibətlərində müharibədən əvvəlki gündəmə geri qaytarmağa çalışırdı. Bu mənada, Aİ rəsmilərinin bəzi bəyanatları Bakının aşkar narazılığına səbəb olmuşdu. Məsələn, onlar gah Minsk qrupunun sülh prosesinə cəlbindən danışır, gah “Dağlıq Qarabağ”ın statusu haqda təkliflər verirdilər. Belə çıxırdı ki, Aİ status məsələsi həll olunmadan məsələnin çözümünü mümkünsüz sayırdı.
Bakıda isə hesab edirlər ki, Minsk qrupu müharibədən əvvəlki gündəliyə sadiq qalacaqsa, hazırkı sülh prosesində hər hansı formada rol oynaya bilməyəcək. Çünki Azərbaycan münaqişəni bitmiş hesab edir. Bu səbəbdən Bakı Mins qrupundan yalnız postmüharibə məsələlərinin həlli ilə bağlı təkliflər gözləyir.
Bundan başqa, Azərbaycan “Dağlıq Qarabağ statusu” məsələsinin müzakirəsini ümumiyyətlə rədd edir. Çünki bu region BMT Təhlükəsizlik Şurası tərəfindən (1993-cü ildə) Azərbaycanın suveren ərazisi kimi tanınır.
Amma Azərbaycanın Avropa İttifaqı ilə bağlı başqa tənqidləri də var. Məsələn, qurum “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı bu yaxınlarda qəbul etdiyi investisiya planında Azərbaycanın azad edilmiş Qarabağ regionunun bərpası və minalardan təmizlənməsi məsələsinə yer verməyib. Halbuki, bu işlərə böyük həcmdə vəsait tələb olunur.
Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım paketi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə ötən ilin iyulunda etdiyi səfərdən sonra təsdiqlənib. Həmin qərara əsasən, Aİ Ermənistan (2,6 milyard dollar) və Gürcüstanla (3,9 milyard dollar) müqayisədə Azərbaycana daha az maliyyə yardımı ayırıb (140 milyon dollar). Lakin qurum bu uyğunsuzluğa tutarlı əsaslar gətirə bilməyib və nəticədə investisiya paketinin mahiyyəti və hədəfləri ilə bağlı suallar yaranıb.
Lakin fevralın 4-də keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin və Fransanın dövlət başçısı Emmanuel Makronun birgə bəyanatı, həmçinin Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları bu məsələlərdə bəzi nəzərəçarpacaq dəyişikliklərin olduğunu göstərir. Birincisi, liderlərinin bəyanatlarından və mətbuatda dərc edilən xəbərlərdən görünür ki, görüşdə yalnız postmünaqişə dövrü ilə bağlı məsələlər müzakirə edilib. Avropalı liderlər və onların Cənubi Qafqazdan olan həmkarları Minsk qrupunun dirçəldilməsi və ya status məsələsi kimi köhnə mövzuları qaldırmayıb. Demək, Aİ öz mövqeyini Ermənistan və Azərbaycan liderlərinin Rusiyanın vasitəçiliyi ilə Moskva və Soçidəki görüşləri nəticəsində formalaşmış gündəliyə uyğunlaşdırıb. Makron və Mişelin bəyanatında əsas diqqət gərginliyin azaldılması, etimadın yaradılması, həmçinin regional nəqliyyat əlaqələrinin bərpası ilə bağlı səylərə yönəlib. Əslində, bu yanaşma Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Bakıdakı çıxışında da nəzərə çarpıb. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib ki, Aİ iki tərəf arasındakı münaqişədən sonra gərginliyin azaldılmasına istiqamətlənən barışıq səylərini dəstəkləməyə hazırdır. Eyni zamanda, komissar qeyd edib ki, Aİ ərazilərin minalardan təmizlənməsi məsələsinə, həmçinin Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə texniki yardım göstərə bilər.
İkincisi, Aİ Cənubi Qafqazla bağlı investisiya planına da dəyişiklik edib. Komissar Oliver Varhelyi Avropa İttifaqının Azərbaycana 2 milyardlıq investisiya paketi ayırdığını bildirib. Onun sözlərinə görə, indi tərəflər konkret layihələri, o cümlədən Azərbaycanda bərpa və yenidənqurma prosesi ilə bağlı layihələri nəzərdən keçirir.
Beləliklə, Aİ-nin Azərbaycan iqtisadiyyatını və onun Qarabağ regionunda yenidənqurma səylərini dəstəkləmək qərarı, çox güman ki, Aİ-Azərbaycan münasibətlərinə və tərəflərin 2017-ci ildən müzakirə etdiyi yeni sazişə dair danışıqlara müsbət təsir göstərəcək.
Ümumiyyətlə, Aİ-nin Ermənistan və Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməsi, ortaya daha balanslı yanaşma qoymağa çalışması güman ki, qurumun müharibədən sonrakı sülh prosesindəki mövqeyini gücləndirəcək və Brüsselin tərəflər arasında daha effektli vasitəçilik rolunu oynamasına yardım göstərəcək. Əgər bu işdə uğur qazanılarsa, bunun Cənubi Qafqaz üçün regional, hətta bəlkə də geosiyasi nəticələri olacaq. Çünki Ermənistanla Azərbaycan arasında sülh danışıqları indiyədək əsasən Rusiyanın vasitəçiliyi ilə həyata keçirilib.
https://www.commonspace.eu/opinion/opinion-adapting-new-realities-eu-boosts-its-role-south-caucasus
Tərcümə: worldmedia.az