BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Vitse-prezident Cey Di Vensin yaxınlaşan Cənubi Qafqaz səfəri ABŞ-nin regiondakı mövqeyini möhkəmləndirir” sərlövhəli məqaləsi Commonspace nəşrində dərc edilib.
Məqalədə 2026-cı ilin fevralında Cey Di Vensin Ermənistan və Azərbaycana planlaşdırılıan səfərinə nəzər salınır:
“Prezident Tramp bildirib ki, bu səfər “sülh təşəbbüslərimizi gücləndirəcək və TRIPP-i dəstəkləyəcək”. Bu isə Vaşinqtonun strateji əhəmiyyəti artan regionda aktiv rol oynayacağını göstərir.
Bu açıqlama 2026-cı il yanvarın 14-dən bir neçə gün sonra verildi. Həmin gün ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda TRIPP layihəsi üçün İcra Çərçivəsini imzaladılar. Bu razılaşma 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində əldə olunan qərarları praktik addımlara çevirdi və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə onun qalan hissəsi arasında Ermənistan ərazisindən keçməklə maneəsiz tranzit bağlantısını təmin etdi. Rəsmi açıqlamalara görə, İcra Çərçivəsi infrastrukturun planlaşdırılması, tikintisi, fəaliyyəti, nəzarətini əhatə edir, eyni zamanda Ermənistanın marşrut üzərində tam suverenliyini qoruyur.
2026-cı ilin yanvarında hazırlanmış TRIPP çərçivəsi Ermənistan-Azərbaycan normallaşma prosesində Vaşinqton Sammitindən bəri hazırlanmış ən detallı və praktik sənəddir. Sammit nəticəsində üçtərəfli Birgə Bəyannamə qəbul edilmiş və xarici işlər nazirlərinin sülh müqaviləsi mətnini paraflaması ilə proses hüquqi sonluğa yaxınlaşdı.
Bu iki hadisə, yəni 8 avqust sammiti və yanvarın 14-də imzalanan İcra Çərçivəsi ABŞ-nin Cənubi Qafqazdakı strategiyasında əhəmiyyətli dönüş nöqtələridir. Vaşinqton Sammiti Ermənistan-Azərbaycan sülh prosesini mücərrəd diplomatiyadan konkret icra edilə bilən öhdəliklərə çevirdi”.
Müəllifin fikrincə cari proseslər onu göstərir ki, Cənubi Qafqaz artıq ABŞ xarici siyasətinin periferiyasında deyil, o daha çox mərkəzi yer tutur.
“Proseslərin ardıcıllığı (Vaşinqton sammiti, 14 yanvarda TRİPP-in İcra Çərçivəsinin imzalanması, vitse-prezident Cey Di Vensin gözlənilən səfəri) sülh, bağlantıların gücləndirilməsi və ABŞ təsirinin genişləndirilməsinə yönəlik dayanıqlı strategiyanın formalaşdığını göstərir”.
*Məqalənin ingilis dilindəki orijinal və tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


