BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidovun “Vaşinqton Sammiti və onun Cənubi Qafqaz geosiyasətinə təsirləri” sərlövhəli məqaləsi “Modern Diplomacy” nəşrində dərc edilib.
Məqalədə qeyd edilir: “Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi onilliklər ərzində həm regional dövlətlər, həm də beynəlxalq aktorlar üçün əsas çağırışlardan biri olub. Avrasiya üzrə mühüm geostrateji xəttlər üzərində yerləşən bu region uzun müddətdir ki, geosiyasi “qırılma zolağı”, yəni böyük güclərin və regional qüvvələrin maraqlarının toqquşduğu məkan kimi tanınır. Xarici aktorlar bu parçalanmalardan dəfələrlə istifadə etməyə çalışmış, “parçala və hökm sür” strategiyalarını tətbiq edərək münaqişələrin həllinə deyil, əksinə, gərginliklərin daha da dərinləşməsinə səbəb olmuşlar.
Tanınmış alim Tomas de Vaalın Cənubi Qafqazı “the lands in between” (arada qalan torpaqlar) kimi təsvir etməsi səbəbsiz deyil. O, bu regionun rəqabət aparan güclər arasında qovşaq rolunu vurğulayır. Bari Buzanın “örtük” (overlay) konsepsiyasına əsasən, böyük güclərin zəifləməsi və süqutu əvvəllər dominant gücün nəzarəti altında deeskalasiya edilmiş münaqişələrin yenidən baş qaldırması üçün zəmin yaradır. Doğrudan da, Sovet İttifaqının dağılması “Pandora qutusunun” dondurulmuş münaqişələrinin yenidən açılmasına səbəb oldu ki, onların arasında ən ciddi nəticələrə səbəb olanı Ermənistan-Azərbaycan münaqişəsi idi.
Bu münaqişə təxminən 30 il davam etdi və bu müddət ərzində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkün öz yurd-yuvasından didərgin düşdü. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanda uzun illər davam edən separatizmə qəti şəkildə son qoydu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə təkcə yeni geosiyasi reallıqlar yaratmadı, eyni zamanda uzun zamandır gözlənilən sülh üçün yeni imkanlar da formalaşdırdı”.
Məqalədə 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşə də diqqət çəkilir.
“Görüşün nəticəsi Cənubi Qafqazda davamlı sülhün başlanğıcını qoymaq potensialına malik yeddi maddədən ibarət birgə bəyanat oldu. Bu görüşün önəmi bir neçə səviyyədə özünü göstərir. İlk növbədə, bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra müəyyən dalğalanmalar yaşayan ABŞ-Azərbaycan münasibətlərini yenidən canlandırdı. 1992-ci ildə ABŞ Konqresinin 907-ci maddəni qəbul etməsi, bu maddə ilə ABŞ-nin Azərbaycana hər hansı yardımını qadağan etməsi ikitərəfli əlaqələrə ciddi zərbə vurmuşdu. Lakin 1997-ci ildə Heydər Əliyevin Vaşinqtona səfəri münasibətləri yüksək səviyyəyə qaldırdı və Chevron, Exxon Mobil kimi iri enerji şirkətləri ilə mühüm sazişlər imzalandı. Bayden administrasiyası dövründə isə ABŞ-nin Ermənistanyönümlü siyasəti, o cümlədən Senat tərəfindən 907-ci maddənin yenidən aktivləşdirilməsi və Dövlət katibi Entoni Blinkenin tənqidi bəyanatları Bakı ilə münasibətlərin gərginləşməsinə səbəb oldu.
Bu kontekstdə Vaşinqton sammiti diplomatik “reset” rolunu oynadı. Əsas nəticələrdən biri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması oldu. Memoranduma əsasən, ölkələr arasında əməkdaşlıq enerji, ticarət, əlaqələndirmə, rəqəmsal transformasiya, süni intellekt və müdafiə sənayesi sahələrini əhatə edəcək. Ən simvolik addım isə Trampın 907-ci maddədən imtina etməsi oldu ki, bu, uzun illər davam edən narazılığı aradan qaldırmaqla Vaşinqtonun Azərbaycanın strateji əhəmiyyətini rəsmən qəbul etdiyini göstərdi”.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


