BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Vasif Hüseynovun Başlıbel faciəsinə dair məqaləsi Kanadada dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Kanadanın "TheJ.Co" nəşrində Kəlbəcərin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Başlıbel kəndində yaşanmış faciə haqqında məqaləsi yayımlanıb. Qeyd etmək lazımdır ki, müəllif özü də həmin kəndin sakini olub və işğal vaxtı 4 yaşında ailəsi ilə öz elindən-obasından didərgin düşüb.

V.Hüseynov qeyd edib ki, 1993-cü ilə qədər Kəlbəcərin ən böyük kəndlərindən biri olmuş Başlıbel öz gözəlliyi ilə gələnləri heyran edən və insanların əmin-amanlıq içərisində yaşadığı bir kənd olub. Baxmayaraq ki, yerli əhali 1980-ci illərin sonundan etibarən ermənilərin torpaqlarımıza qarşı təcavüz planları və bəzi ətraf ərazilərin işğalı haqqında məlumatlı idilər, amma onlar düşünmürdü ki, illərlə dostluq və qonşuluq şəraitində yaşadıqları ermənilər silah götürüb onlara hücum edər, öz evlərindən qovarlar. Buna görə də, 1992-ci ildən etibarən kəndin elektrik təchizatı ermənilər tərəfindən kəsilmiş olsa da, kənd camaatı bu çətinliyə dözür və həyatına davam edirdi.

1993-cü ilin aprelində artıq ermənilər Kəlbəcəri işğal etməyə başladı və yerli əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verdi. V.Hüseynov bunu İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan tərəfindən ermənilərə Kəlbəcəri tərk etmək üçün verilmiş 15 günlə müqayisə edərək deyir ki, işğal vaxtı ermənilər üçün maraqlı deyildi ki, minlərlə insan 10 saat içində hər şeyini tərk edərək qarda-boranda Kəlbəcərdən necə çıxacaq.

Müəllif yazır ki, Ermənilər Başlıbelə daxil olduqdan sonra, doqquz yerli sakin vəhşicəsinə öldürüldü və beş nəfər girov götürüldü, digər bir qrup yerli sakin qaçaraq kənddən bir və ya iki kilometr aralıdakı dağlardakı mağaralarda sığınacaq tapdılar. Ancaq təəssüf ki, onların hamısı sağ qalmadı. Hər kəsin kəndi tərk etdiyinə əmin olmaq üçün ətrafa baxanda erməni əsgərləri bir qrup insanın gizləndiyi sığınacaqları aşkar etdilər. Ermənilər tərəfindən tapılanların bir qismi dərhal öldürüldü, 10 nəfərdən çox adam girov götürüldü. Sığınacaqlarda gizlənmiş sağ qalan təxminən 30 nəfər, gecə boyunca dağ yolları ilə keçərək ərazidən qaçmağı bacardı. Uzun və dəhşətli bir səyahətdən sonra onlar Azərbaycanın işğal edilməmiş hissənə çatmağı bacardı.

Bizim hamımız, aprel ayının əvvəlində Kəlbəcəri tərk edənlər və sonradan qaçanlar, əvvəllər yaşadıqlarımızdan kəskin şəkildə fərqli həyatlara qədəm qoyduq. Ailəm də daxil olmaqla çoxumuz ərazidən çıxmazdan əvvəl pencəklərimizi belə götürmək şansımız olmadı. Uzun illər yoxsulluq içində müvəqqəti sığınacaqlarda yaşamalı olduq.

V.Hüseynov yazır ki, Başlıbeldə yaşadığımız travma ondan sonra hər gün bizi təqib etdi, heç bir zaman unutmadıq. Ancaq şübhəsiz ki, biz girov götürülmüş digərlərindən daha şanslı idik. İşğal vaxtı Ermənistana aparılmış və ya itkin düşən yüzlərlə azərbaycanlının başına gələnləri heç vaxt öyrənə bilmədik. Sağ qalanların şahidi olduqları vəhşilik və şiddət həmin azərbaycanlıların, ehtimal ki, tarixin əvvəlki dövrlərin ölüm düşərgələrindəki kimi faciələrə məruz qaldıqlarını göstərir. "Bütün bu səbəblərdən biz, erməni təcavüzündən sağ qalanlar, Qərb siyasətçilərinin və bəzi beynəlxalq təşkilatların İkinci Qarabağ müharibəsindən xeyli sonra Azərbaycan tərəfindən tutulan erməni təxribatçı qrup üzvlərinin taleyi barədə açıqlamalarını təəccüblə oxuyuruq. Unudulur ki, bu erməni terrorçular Beynəlxalq Qırmızı Xaç tərəfindən tez-tez ziyarət olunur və hətta onlara qohumlarına telefon etmək şansı verilir. Birinci Qarabağ müharibəsində girov götürülən yüzlərlə azərbaycanlının bəxti bu terrorçular qədər gətirmədi. Heç bir Qərb siyasətçisi onlardan narahat olduğunu dilə gətirmədi. Heç kim Ermənistanı girovları azad etməsi üçün təzyiq göstərmədi. Heç kim bilmir, otuz ildən sonra onların taleyi necə oldu",- deyə müəllif yazır. 

Daha ətraflı: https://www.thej.ca/2021/05/20/bashlibel-massacre-a-tragic-moment-of-the-first-karabakh-war/

Müəllifin son məqalələri

30 Mart 2022 - 15:23

Azərbaycanın erməni silahlı dəstələrinin çıxarılmasını tələb etməsi Qarabağda gərginliyi artırır

17 Fevral 2022 - 15:28

Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirməyin vaxtıdır

07 Fevral 2022 - 18:40

Yeni reallığa uyğunlaşan Aİ Cənubi Qafqazda rolunu gücləndirir