BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ukraynadan fərqli olaraq, Azərbaycan “yumurtaları bir səbətə yığmayıb”

2022-01-27 15:06

Qərblə Rusiya arasında Ukrayna ətrafında yaşanan böhran, həmçinin ABŞ ilə Rusiya arasında Avropanın təhlükəsizliyi ilə bağlı dialoq Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin müstəqilliyi və suverenliyi baxımından ekzistensial əhəmiyyət kəsb edir. Bu gün Ukraynanın milli təhlükəsizliyinə təhdidlər var. Eyni zamanda, regionun demək olar ki, bütün postsovet ölkələri də analoji təhdidlərlə üzləşmək riski altındadır.

Bu təhdidlər təkcə Rusiyanın bu ölkələrin Avroatlantik məkana inteqrasiyasının qarşısını almaq, onları öz təsir dairəsində saxlamaq və ya geri qaytarmaq əzmi ilə bağlı deyil. Səbəb  həm də əksər Qərb dövlətinin bu ölkələri effekli şəkildə dəstəkləmək istəməməsi və ya bunu bacarmamasıdır. Moskvanın davranışları region ölkələri üçün yeni və gözlənilməz olmasa da, bəzi aparıcı Qərb dövlətlərinin Ukraynanın vəziyyətini daha da qəlizləşdirən eqoist siyasəti məyusedicidir. Onun bu davranışı regiondakı geosiyasi reallıqların yenidən nəzərdən keçirilməsini zəruri edir.

Baş verənlər Azərbaycanın 1990-cı illərin ortalarından bəri yürütdüyü çoxşaxəli siyasətin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Bakı məhz bu siyasət sayəsində öz suverenliyini qoruyub saxlaya bilib, ərazi bütövlüyünü isə bərpa edib. Bundan başqa, Bakı ötən illər ərzində müxtəlif qlobal güclərlə bir çox irimiqyaslı layihə həyata keçirib və bu, heç bir böyük dövlətin etirazına səbəb olmayıb.

Amma indi regionda yeni vəziyyət yaranıb. Nəticədə ortaya bir sıra vacib suallar çıxıb: Qərblə Rusiya arasında davam edən böhran və Vaşinqton ilə Moskva arasında strateji sabitliyə dair dialoq Azərbaycan üçün nə vəd edir? Qərblə Rusiya arasında artan rəqabətin yaratdığı yeni təhlükələr fonunda Bakı xarici siyasətdə çoxşaxəliliyi qoruyub saxlaya biləcəkmi? Müstəqilliyinə və suverenliyinə təhdid yaradan bu təhlükələrin qarşısını almaq üçün ölkəyə nə lazımdır?

Azərbaycan mediası dövlət rəsmilərinə belə suallar ünvanlamır. Amma Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına bu il yanvarın 12-də verdiyi müsahibədə ölkənin üzləşdiyi təhdidlərə dolayısı ilə də olsa toxunub: “Bütövlükdə baxdıqda, əgər Azərbaycan kontekstindən çıxsaq, görərik ki, bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Yəni, bu, mən buna siyasi sinizm deyirəm, artıq ifrat dərəcəyə çatıb. Əgər belədirsə, əgər bu qaydaları işləyən, bu qaydaları İkinci Dünya müharibəsindən sonra təsdiqləyən ölkələr özlərini belə aparırlarsa, onda başqa ölkələr nə etsin? Onda başqa ölkələr də onlar da özünə, necə deyərlər, öz başına çarə qılmalıdırlar. Biz bunu çoxdan edirik... Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək”.

Əslində, bu bəyanatdan xeyli nəticə çıxarmaq olar. Azərbaycan hökumətinin yürütdüyü siyasətdən bir məsələ tam ydın olur: Bakı Ukraynanın etdiyi kimi, “bütün yumurtaları bir səbətə yığmayıb”. O, regional güc balansının imperativlərini diqqətlə və realistik şəkildə izləyir. Üstəlik, Azərbaycan başqa dövlət və ya bloklar tərəfindən yarana biləcək hər hansı ciddi təhlükəsizlik problemi qarşısında hər hansı digər dövlətin hipotetik dəstəyinə ümid etməkdən çəkinir. Bakı Qoşulmama Hərəkatındakı rolunu gücləndirərək, xarici siyasətində üstün tutduğu məqamları açıq şəkildə göstərir, Qərblə Rusiya arasındakı gərginliyin yaratdığı təhdidləri yumşaltmağa çalışır.

Amma azərbaycanlı siyasi ekspertlər bu gün ölkənin milli təhlükəsizliyinə böyük təhdidlərin olduğu qənaətindədirlər. Hətta bəzilərinin fikrincə, Rusiyanın NATO-dan tələb etdiyi təhlükəsizlik zəmanəti reallaşarsa, bu, Bakının xarici siyasətində manevr imkanlarını, həmçinin onun NATO üzvü və Azərbaycanın əsas müttəfiqi olan Türkiyə daxil olmaqla, digər dövlətlərlə əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq.

“Rusiyanın təklif etdiyi müqavilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının mövcud çərçivədən kənara çıxmasının qarşısını alır. Məsələn, bu, Azərbaycanda Türkiyənin daimi hərbi bazalarının yaradılmasını mümkünsüz edir. Azərbaycan gələcəkdə NATO-ya üzv olmaq istəyə bilər. Amma bu təkliflər ölkənin NATO-ya üzvlüyünü faktiki olaraq qadağan edir”, - deyə Qərbpərəst siyasi ekspert Şahin Cəfərli qeyd edib.

Digər Qərbpərəst azərbaycanlı siyasi ekspert də oxşar fikirdədir. Onun sözlərinə görə, Moskvanın sözügedən təklifində Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına açıq təhdid sayılacaq müddəalar var.

Digər tərəfdən, Azərbaycanla Türkiyə son dövrlərdə hərbi sahədə əməkdaşlığı həqiqətən dərinləşdiriblər. İki dövlətin liderləri tərəfindən 2020-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə postsovet məkanında unikal hüquqi baza yaradıb. Bu bəyannamə ilə onlar bir-birinin milli təhlükəsizliyini dəstəkləmək öhdəliyi götürüb. Mahiyyət etibarı ilə bu, o deməkdir ki, əgər Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə təhdid yaranarsa, Türkiyə hərəkətə keçməlidir. Moskva rəsmi olaraq bu razılaşmaya etiraz etməyib.

Bu gün əslində Rusiyanı daha çox NATO-nun Cənubi Qafqaza doğru genişlənməsi (xüsusilə Gürcüstan vasitəsi ilə) narahat edir. Odur ki, Moskva Türkiyənin Azərbaycanda mövcudluğu ilə barışmalı olub.

Bakının Qərblə münasibətlərinə gəlincə, Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində heç vaxt NATO və ya Avropa İttifaqına (Aİ) arxalanmayıb. Ən azı ona görə ki, bu təşkilatların əsas üzvləri, məsələn Fransa, siyasi nöqteyi-nəzərdən Ermənistanı dəstəkləməyə meyillidir.

Beləliklə, Qərb Azərbaycan üçün yalnız iqtisadi nöqteyi-nəzərdən vacib tərəfdaşdır. Odur ki, Bakı təhlükəsizliyə dair çağırışları Ankara və Moskva ilə ikitərəfli çərçivədə nəzərdən keçirir. Üstəlik, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbə qazanması, işğal altındakı ərazilərini azad etməsi bu mənada daha geniş imkanlar yaradıb. Bir sözlə, Azərbaycan öz müstəqilliyini və milli suverenliyini qorumaqla, bütün böyük dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirəcək.

Tərcümə: worldmedia.az

https://www.commonspace.eu/opinion/opinion-unlike-ukraine-azerbaijan-has-not-put-all-its-eggs-one-basket

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib