BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Türkmənistan Azərbaycanla enerji əlaqələrini gücləndirir

2021-01-27 15:04

2021-ci il yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. İndiyədək Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq 1990-cı illərin əvvəllərindən iki ölkə arasında ciddi problem idi. Aşqabad məsələni Beynelxalq Kommersiya Arbitraj Məhkəməsinə belə, daşımaq istəyirdi. Lakin sonradan tərəflər Xəzər dənizinin hüquqi statusu müəyyən edilənədək yataqda kəşfiyyat işlərinin aparılmaması haqda razılığa gəlmişdi.

Beş Xəzəryanı ölkə – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan 2018-ci il avqustun 12-də Aktauda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Bu, Xəzər dənizində gələcək əməkdaşlıq üçün böyük addım idi. Türkmənistan parlamenti sənədi 2018-ci il dekabrın 3-də, Azərbaycan Milli Məclisi isə 2019-cu il fevralın 12-də ratifikasiya edib. Bu sənəd 5 Xəzəryanı ölkə arasında bir çox mübahisəni həll edib. Konvesiyanın əsas müddəalarından biri Xəzər dənizinin dibi ilə neft kəmərlərinin tikintisinə icazə verilməsidir. Əlbəttə ki, bu, sahilyanı ölkələrin icazəsilə həyata keçirilə bilər.

Konvesiya Azərbaycanla Türkmənistan parlamentləri tərəfindən təsdiqləndikdən sonra Bakı ilə Aşqabad arasında ikitərəfli münasibətlər canlanıb. Onlar Xəzər dənizində əməkdaşlıqla bağlı razılığa gəliblər. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin noyabrında Türkmənistana səfəri zamanı iki ölkə arasında bir sıra vacib sənədlərdən imzalanmışdı. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı”nı və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Bu səbədlər Bakı ilə Aşqabad arasında uzunmüddətli əməkdaşlığa töhfədir.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana 2020-ci il martın 11-də etdiyi səfərdən sonra iki dövlət arasında əlaqələr daha da güclənib. Həmin vaxt dövlət başçıları enerji, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nəticədə son illərdə Bakı ilə Aşqabad arasında 50-dən çox sənəd imzalanıb. Görünən odur ki, artıq iki ölkə arasında əlaqələr strateji əhəmiyyət daşıyır. Mübahisəli yatağın “Dostluq” adlandırılması, orada birgə kəşfiyyat işlərinin aparılması ilə bağlı razılığın əldə olunması da əslində, tərəflərin enerji sahəsində əməkdaşlığı genişləndirməklə bağlı xoş niyyətinin göstəricisidir. Türkmənistan prezidenti deyib ki, “Memorandumun imzalanması Türkmənistanla Azərbaycanın Xəzərdə energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir”.

Məhz bu saziş sayəsində artıq bu yatağın işlənməsi də Azərbaycan üçün cəlbedicidir. O, bu yataqdan hasil olunacaq həm öz, həm də Türkmənistanın payına düşəcək nefti mövcud boru kəmərləri sistemi ilə ixrac edə biləcək. Bu, hər iki tərəfə iqtisadi fayda verəcək.

Qeyd edək ki, Türkmənistan öz neftinin təxminən 60%-ni daxildə istifadə edir. O, hasil etdiyi “qara qızıl”ın yalnız 40%-ni xaricə satır. “Dostluq”yatağının birgə istismarı həm Türkmənistanın ixrac potensialını genişləndirəcək, həm də enerji sektorunda, xüsusilə qaz sahəsində əməkaşlığı gücləndirmək üçün münbit şərait yaradacaq. Bu məqamda Türkmənistanın böyük qaz ehtiyatının olduğunu qeyd etmək yerinə düşər. Türkmənistanda 2019-cu ildə qaz hasilatı 63,2 milyard kubmetr olub. Bunun təxminən yarısı ölkə daxilində istifadə edilib. Türkmənistan qazının əsas alıcıları Rusiya ilə Çindir. Ölkə 2019-cu ildə Çinə təxminən 30 milyard kubmetr qaz satıb. Türkmənistan qazı Çinə “Mərkəzi Asiya-Çin” boru kəməri vasitəsilə nəql olunur. Bu kəmər Mərkəzi Asiyanın zəngin qaz mənbələri ilə Çinin qazpaylayıcı şəbəkəsini birləşdirir.

Türkmən qazının tədarük olunduğu digər vacib istiqamət Rusiyadır. Amma Aşqabadla Moskva arasında zaman-zaman enerji resurslarının qiyməti ilə bağlı mübahisələr yaşanır. Bir müddət əvvəl Rusiyanın “Qazprom” şirkəti Türkmənistandan neftin 2008-ci ildə razılaşdırılmış qiymətinə yenidən baxmasını tələb edirdi. Bunadn sonra “Qazprom” bu ölkədən qaz tədarükünü dayandırmış, bu isə Türkmənistan iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Tərəflər arasında sazişi yalnız 2019-cu ildə imzalanıb. Sazişə əsasən, Rusiyaya illik 5,5 milyard kubmetr türkmən qazı tədarük olunur.

Beləliklə, Rusiya və Çin bazarından asılılıq Türkmənistanın ən zəif nöqtəsidir. Odur ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumun imzalanmasından sonra enerji resurslarının nəqli marşrutlarını şaxələndirə biləcək. Bunun üçün o, Transxəzər boru xəttinin çəkilişinə çalışmalıdır. Aşqabad bu kəmərlə Azərbaycana qaz nəql etməsi nəticəsində yeni bazarlara çıxacaq. Ümumiyyətlə, Xəzərin dibi ilə çəkilməli olan bu xəttin “Cənub Qaz Dəhlizi” layihəsinə birləşdirilməsi əslində, Mərkəzi Asiyanın digər ölkələri üçün də iqtisadi və digər üstünlüklər qazandıracaq.

Transxəzər boru xətti layihəsini ABŞ ilə Avropa İttifaqı (Aİ) da dəstəkləyir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Aİ Türkmənistanla bu kəmər vasitəsilə qaz nəqlinə dair danışıqlara da başlayıb. Ümumiyyətlə, Vaşinqtonla Brüssel Xəzər dənizində enerji əməkdaşlığını dəstəkləyir. Transxəzər boru xətti layihəsi isə Türkmənistanın zəngin enerji resurslarının Avropaya nəqlini asanlaşdıracaq strateji layihədir.

Bir sözlə, enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi Türkmənistan üçün prioritetdir. Bu mənada onun üçün ən yaxşı variant Bakı ilə əməkdaşlıqdır. Mühüm enerji infrastrukturuna malik Azərbaycan enerji sahəsində böyük layihələr həyata keçirib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi” layihəsi və s. Ötən il dekabrın sonlarından “Cənub Qaz Dəhlizi”nin Avropa seqmenti – TAP kəməri də işə düşüb və nəticədə Xəzər qazı ilk dəfə İtaliyaya olunmağa başlayıb. İtaliya bu gün Azərbaycan qazının nəql olunduğu son nöqtədir. TAP ilə illik 10 milyard kubmetr qaz nəqli mükündür. Gələcəkdə kəmərin daşıma qabiliyyətini 20 milyard kubmetrədək artırmaq olar. Bu, əlbəttə ki, Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi siyasətinə yardım edəcək.

Böyük regionlararası enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” Aİ-nin enerji təhlükəsizliyinə onsuz da töhfə verir. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş beynəlxalq vebinarda bildirib ki, “Avropaya qaz nəqlində bu kəmərlər sistemindən istifadə etmək istəyən ölkələr Azərbaycan üçün arzu olunandır”. Demək, Türkmənistan Avropa ölkələrinə qaz tədarük etmək istəyərsə, “Cənub Qaz Dəhlizi”nə o da qoşula bilər.

Bir sözlə, Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. Bakı qarşılıqlı iqtisadi fayda qazanmaq üçün digər ölkələrin də “Cənub Qaz Dəhlizi”nə qoşulmasına müsbət yanaşır. Üstəlik, Bakı ilə Aşqabad arasında enerji sahəsində əməkdaşlıq Azərbaycanın regionun enerji mərkəzi rolunu gücləndirəcək. Amma bu əməkdaşlıq Türkmənistan üçün daha mühüm əhəmiyyət kəsb edir. Çünki ölkə qaz ixracından çox asılıdır və yeni bazarlar, xüsusilə Avropa qaz bazarı Aşqabad üçün cəlbedicidir. Odur ki, Türkmənistan enerji marşrtularının şaxələndirilməsi ilə bir neçə istiqamətdən asılılığını azalda, qazın qiyməti ilə bağlı gələcək danışıqlarda daha güclü mövqedən çıxış edə bilər. Bu, Türkmənistana enerji sahəsində yeni texnologiyalar və mütəxəssilərdən istifadə etmək imkanı da verəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

https://foreignpolicynews.org/2021/01/27/turkmenistan-strengthens-energy-ties-with-azerbaijan/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir