BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısı: Müzakirə olunan əsas mövzular nələr idi?

2025-10-09 16:44

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 12-ci Zirvə Görüşü 2025-ci ilin 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olundu. Zirvə çərçivəsində TDT-yə sədrliyin Qırğızıstandan Azərbaycana keçdi. Bütün üzv və müşahidəçi dövlətlərin ali səviyyədə təmsil olunması bu zirvənin TDT çərçivəsində keçirilən ən güclü görüşlərdən biri kimi dəyərləndirməyə əsas verdi.

Zirvə sonunda dövlət başçıları 121 bənddən ibarət Qəbələ Bəyannaməsini qəbul etdilər. Həmçinin “TDT+” formatının yaradılması, TÜRKSOY-un institusional imkanlarının gücləndirilməsi və Türk Akademiyası barədə razılaşmalar imzalandı. Zirvə çərçivəsində Türkmənistan həm Türk Akademiyasına, həm də Türk Mədəniyyəti və İrsi Fonduna, Şimali Kipr Türk Respublikası (ŞKTR) isə Türk Akademiyasında müşahidəçi statusu əldə etdi.

Zirvənin Azərbaycanda keçirilməsinin əhəmiyyəti

TDT Anadolu, Cənubi Qafqaz və Türküstan olmaqla, üç əsas geosiyasi bölgəni əhatə edir. Bu bölgələr arasında Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan, Türk dünyasını birləşdirən mərkəz mövqeyinə malikdir. Türkiyə ilə Türküstan coğrafiyası arasında ən etibarlı əlaqə məhz Azərbaycan üzərindən qurulur. Bu səbəbdən, TDT hazırda Orta Dəhliz layihəsi vasitəsilə əlaqələri daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyub.

 Azərbaycan TDT ilə münasibətləri xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və TDT-nin gücləndirilməsi, beynəlxalq miqyasda təsirli aktora çevrilməsi üçün fəal şəkildə çalışır. Bölgədə digər regional və qlobal təşkilatların mövcudluğu fonunda bu addımların əhəmiyyəti daha da artır. Azərbaycan Prezidenti İlham Əliyevin, “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailəmiz yoxdur,” bəyanatı TDT-nin Azərbaycan üçün strateji və mənəvi-siyasi əhəmiyyətini aydın şəkildə göstərir.

Azərbaycan son illərdə TDT çərçivəsində olduğu kimi, ikitərəfli münasibətlər səviyyəsində də Türk dövlətlərinə xüsusi önəm verir. Hazırda Azərbaycanın Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müttəfiqlik haqqında sazişi və ya birgə bəyannaməsi mövcuddur. Türk dünyasının xarici siyasətdə prioritet istiqamət kimi seçilməsi yalnız siyasi elitanın deyil, həm də cəmiyyətin ümumi razılığına əsaslanan sosial-siyasi konsensusdur.

Xarici siyasətdə konsensus

Qəbələ Bəyannaməsində xarici siyasət sahəsində həmrəylik və birgə fəaliyyət prinsipi əsas mövzu kimi önə çıxır. Xüsusilə, Zəngəzur Dəhlizinin və Azərbaycanla Naxçıvan arasında maneəsiz keçidin təmin olunması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına dəstək Azərbaycanı, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin yaradılması, Əfqanıstanın təhlükəsizliyinə verilən önəm Türküstanı, Kiprin türk xalqı ilə həmrəylik və onların Türk dünyasının vacib hissəsi olduğu vurğulanması ŞKTR-i, habelə Suriya məsələsində təhlükəsizlik, sabitlik və yenidənqurma işlərinə dəstək Türkiyəni razı salan məsələlər oldu.  

Bəyannamədə konsulluq xidmətlərinin asanlaşdırılması, xaricdə yaşayan vətəndaşların qorunması və üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə Konsulluq Əməkdaşlığı Platformasının yaradılması müddəası da yer alıb. Bu platforma üzv ölkələrin konsulluqlarına qarşılıqlı xidmət göstərmək imkanı yaradacaqdır.

Təhlükəsizlik sahəsində əməkdaşlıq

Zirvə iştirakçıları təhlükəsizlik sahəsində öz təkliflərini irəli sürdülər. Prezident İlham Əliyev hərbi əməkdaşlığın artırılmasını və 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsini təklif etdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kibertəhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini qeyd etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Strateji əməkdaşlıq, əbədi dostluq və qardaşlıq” haqqında sazişin imzalanmasını təklif etdi və liderlər onun layihəsinin hazırlanmasını qərara aldılar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirdi ki, “Təhlükəsizliyimizlə bağlı bütün dəstəyi ailəmiz daxilində verməyə hazırıq” və bütün çağırışlara dəstək verdi.

Son illərdə dünyada və regionda etimadsızlığın artması səbəbindən TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənməkdədir. Üzv və müşahidəçi ölkələrin müdafiə sənayesi nazirləri 2025-ci ilin iyul ayında Türkiyədə görüşmüş, Qəbələ Zirvəsində isə həmin görüşün 2026-cı ildə Azərbaycanda keçirilməsi qərara alınmışdır. 2025-ci ilin sentyabrında Bişkekdə Təhlükəsizlik Şurası katiblərinin dördüncü görüşündə TDT-yə yönəlmiş təhlükə və təhdidlər, regional və qlobal vəziyyət müzakirə olunmuşdur. Bundan əlavə, 1992-ci ildən etibarən, Milli Kəşfiyyat Xidmətləri rəhbərlərinin mütəmadi görüşləri davam edir.

Qlobal geosiyasi dəyişikliklər nəticəsində Türk dünyasının enerji nəqli baxımından strateji əhəmiyyəti artmış, bu da bölgədə qlobal rəqabətin intensivləşməsinə səbəb olmuşdur. Bu səbəbdən, hərbi və təhlükəsizlik əməkdaşlığının yaradılması vacibdir. Qeyd olunur ki, Türk dövlətləri tərəfindən qurulmayacaq hərbi əməkdaşlıq, regionun taleyinin başqa qüvvələr tərəfindən müəyyən edilməsinə yol aça bilər. Lakin üzv dövlətlər arasında hərbi əməkdaşlıq məsələsində fərqli yanaşmalar mövcuddur.

“TDT+” formatı nəyi ifadə edir?

Ortaq mədəniyyət, dil və köklərə əsaslanan TDT yaradıldığı gündən etibarən, regionda və dünyada yaranan şəraitə uyğun olaraq transformasiya prosesinə başlamışdır. Təşkilat gücləndikcə ona maraq da artır. Lakin tam üzvlük yalnız ortaq mədəniyyət və dilə əsaslanmaqla mümkündür. 2021-ci il İstanbul Zirvəsində Naxçıvan Müqaviləsində dəyişikliklər edilərək üzv və müşahidəçi dövlətlərin rəsmi dilinin türkcə olması tələb olundu.

Bu müddəa TDT-ni qapalı quruma çevirə bilərdi. Buna görə də həmin zirvə “dialoq ortağı” və “strateji tərəfdaş” kimi yeni anlayışları inkişaf etdirdi. Beləliklə, dövlətlər üzv olmadan da TDT ilə əməkdaşlıq edə bilərlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son zirvədə TDT-nin qapalı qurum olmaması və üçüncü tərəf dövlətlərlə əməkdaşlıq etməsinin vacibliyini vurğuladı. Həqiqətən də, əgər TDT qlobal problemlərin həllində fəal rol oynamaq istəyirsə, dünyaya açıq əməkdaşlıq siyasəti yürütməlidir. Bu kontekstdə “TDT+” formatı regional təşkilatlar və dövlətlərlə yeni əməkdaşlıq imkanları yaradır.

Nəticədə, güclü TDT xarici qüvvələrin bölgəyə müdaxiləsinin qarşısını alaraq qlobal enerji, ərzaq təhlükəsizliyinə böyük töhfə verəcək, bölgədə iqtisadiyyat və ticarətin canlanmasına xidmət edəcək. Bu isə müharibə və risklərin qarşısının alınması deməkdir. TDT qurulduğu gündən rasional və gələcəyə yönəlik addımlarla bu hədəflərə xidmət etdiyini sübut edib. Təşkilat həm daxildə inteqrasiyanı gücləndirir, həm də xarici dünyaya açıq əməkdaşlıq siyasəti ilə qlobal aktor olmaq yolunda irəliləyir.

*Məqalənin türk dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə taınş olmaq mümkündür:

https://www.aa.com.tr/tr/analiz/tdt-12-zirvesi-masada-hangi-konular-vardi/3711014

Müəllifin son məqalələri

09 Oktyabr 2025 - 16:44

Türk Dövlətləri Təşkilatının XII Zirvə Toplantısı: Müzakirə olunan əsas mövzular nələr idi?

26 Avqust 2025 - 15:59

Enerji və nəqliyyat sahəsində Türk oxu: Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı

20 Avqust 2025 - 18:06

Azərbaycan və Ermənistanın ABŞ-də əldə etdiyi razılaşmalar necə şərh olunmalıdır?