BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Türk Dövlətləri Təşkilatı müdafiə sahəsində əməkdaşlığa doğru

2024-03-07 10:31

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun Ceymstaun Fondunun “Eurasia Daily Monitor” elektron nəşrində “Türk Dövlətləri Təşkilatı müdafiə sahəsində əməkdaşlığa doğru” sərlöhvəli məqaləsi dərc olunub.

Məqalədə Prezident İlham Əliyevin andiçmə mərasimində ölkənin xarici siyasət prioritetləri ilə bağlı çıxışına istinad edilir. Müəllif xatırladır ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) yeni mərhələdə əsas istiqamət olacağını xüsusi vurğulayır.

“Bu mövqe həm Avro-Atlantik hərbi-siyasi strukturlarına, həm də Rusiyanın rəhbərlik etdiyi inteqrasiya layihələrinə aydın mesaj xarakteri daşıyırdı. Bu, onu göstərir ki, Bakının sözügedən birliklərə üzvlüklə bağlı niyyəti yoxdur. Azərbaycanın xarici siyasətində TDT daha mühüm rol oynayaraq ona regional gücləri tarazlaşdırmaq üçün əhəmiyyətli imkan verəcək. Analoji olaraq, bu institut geosiyasi gərginliklərin artması fonunda digər üzv-dövlətlər üçün də əhəmiyyətli olacaq. Beləliklə, üzv dövlətlər müxtəlif sferalarda daha dərin inteqrasiyaya can atırlar. Lakin Rusiya və Çindən gələ biləcək mümkün reaksiyaları da nəzərə alırlar”.

Ötən il TDT-nin institusionallaşma istiqamətində mühüm addımlar atdığını qeyd edən Vasif Hüseynov üzv dövlətlərin məhz müdafiə sahəsində əməkdaşlığının, əsasən ikitərəfli xarakter daşıdığını qeyd edib.

Müəllilf bildirir ki, bu istiqamətdə sonuncu ən vacib addımlardan biri fevralın 28-də Qazaxıstan parlamenti tərəfindən Özbəkistanla imzalanmış Müttəfiqlik münasibətləri barədə Sazişin ratifikasiya edilməsi oldu. Ötən il Özbəkistan tərəfindən ratifikasiya olunmuş Saziş iki ölkə arasındakı münasibətləri yeni səviyyəyə qaldırır. Sənəd, həmçinin tərəflərdən birinə qarşı yönələn hər hansı blok və ya ittifaqa qoşulmağı qadağan edir.

“Saziş Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsini xatırladır. Lakin Şuşa bəyannaməsindən fərqli olaraq, tərəflərdən birinə qarşı hücum olduğu təqdirdə, qarşılıqlı dəstəklə bağlı öhdəlik ehtiva etmir”.

V. Hüseynov vurğulayır ki, Azərbaycan TDT çərçivəsində müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini qətiyyətli şəkildə dəstəkləyir.

“TDT çərçivəsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi regional dinamikalarda vacib dəyişikliklərə işarə edir. Üzv dövlətlər qarşılıqlı təhlükəsizlik və strateji uzlaşmaya daha çox önəm verirlər”.

Sonda müəllif qeyd edir ki, üzv dövlətlər daha dərin inteqrasiya etdikcə, regional dövlətlərin reaksiyalarına qarşı da sayıqlığı itirməməlidirlər.

https://jamestown.org/program/the-organization-of-turkic-states-seeks-defense-cooperation/

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir