BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Türk Dövlətləri Təşkilatı beyin mərkəzlərinin konfransı keçirilib

2025-09-29 16:14

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə 29 sentyabr 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilib.

“Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2009-cu ildən təşkilatlanma mərhələsinə keçən TDT-nin regionda artan nüfuza malik, güclü əməkdaşlıq platformasına çevrildiyini bildirdi.

BMTM sədri bildirdi ki, təşkilat bərabərhüquqluluğa əsaslanan əməkdaşlıq modeli ilə digər regional qurumlardan fərqlənir və cari beynəlxalq qeyri-müəyyənlik şəraitində effektiv alternativ kimi ön plana çıxır.

Hazırda artan risk və təhlükələrin dövlətləri daha sıx əməkdaşlığa vadar etdiyini deyən F. Şəfiyev bildirdi ki, bu baxımdan Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi ortaq çağırışlara qarşı birgə, dayanıqlı mövqe formalaşdırmağa imkan verəcək.

“Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir dövlətlə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalır. Bəzi fərqliliklərə baxmayaraq, Türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar Türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də “parçala və hökm sür” məntiqi ilə idarə etməyə çalışırlar. Buna qarşılıq olaraq, biz TDT çərçivəsində əməkdaşlıq və həmrəyliyimizi daha da gücləndirməli, xarici qüvvələrin məqsədlərinə çatmasına imkan verməməliyik”.

Daha sonra çıxış edən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman konfransın qurumun regionda və onun hüdudlarından kənarda oynadığı rola diqqət yetirmək imkanı verəcəyini bildirdi. Onun sözlərinə görə, dünyada baş verən sürətli dəyişikliklər, eləcə də qlobal və regional səviyyədə müşahidə olunan mühüm proseslər və çağırışlar Türk coğrafiyasında əməkdaşlıq və inteqrasiyanı daha da vacib edir.

“Fürsətdən istifadə edərək Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının misilsiz töhfələrini və ardıcıl dəstəyini xüsusi vurğulamaq istərdim. Eyni zamanda, qeyd etmək istərdim ki, Türk Dövlətləri Təşkilatının yaradılmasına dair Saziş 2009-cu il oktyabrın 3-də məhz Azərbaycanın tarixi şəhəri Naxçıvanda imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlərə istinad etmək istərdim. Öz çıxışında Prezident vurğuladı ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilatdır, çünki bu, bir ailədir. Prezidentin qeyd etdiyi kimi, Türk dünyası geniş coğrafiyaya, böyük əraziyə, güclü hərbi potensiala, əhəmiyyətli iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat marşrutlarına, gənc və artan əhaliyə, eyni kökdən gələn xalqlara malikdir”,-deyə Ö. Kocaman əlavə etdi.

Konfrans çərçivəsində “Siyasi-təhlükəsizlik qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri”, “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr”, “Qlobal qeyri-müəyyənlik dövründə mədəniyyət, elm və parlamentarizm sahəsində TDT siyasəti” mövzularında panel sessiyaları keçirilib.

Birinci sessiyada dəyişən geosiyasi vəziyyətə dair ətraflı fikir mübadiləsi aparıldı və TDT-nin sülhün təşviqində, regional əməkdaşlığın gücləndirilməsində, həmçinin üzv dövlətlər və digər ölkələr arasında siyasi və təhlükəsizlik sahəsində dayanıqlığın artırılmasında oynadığı müsbət rol xüsusi vurğulandı.

İkinci sessiyada TDT-nin qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, logistika şəbəkələrinin genişləndirilməsi, ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi sahəsində rolu barədı müzakirələr aparııldı. Əsas mövzular sırasında Orta Dəhlizin potensialı, regionlararası ticarət imkanları və Şimali Kipr Türk Cümhuriyyətinin TDT çərçivəsindəki strateji töhfələri yer aldı.

Üçüncü sessiyada elmi əməkdaşlığın, mədəni kimliyin qorunmasının və parlamentlərarası dialoqun Türk dövlətləri arasında birliyin və dayanıqlılığın əsas sütunları kimi əhəmiyyəti vurğulandı. Çıxışçılar ortaq mədəni və intellektual dəyərlərin regional inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişaf üçün strateji alət kimi çıxış edə biləcəyini qeyd etdilər.

Konfransın yekununda BMTM sədri F. Şəfiyev TDT-nin artıq tamhüquqlu beynəlxalq təşkilata çevrildiyini, çağırışlara baxmayaraq təşkilatın uğurlu gələcəyinə əmin olduğunu bildirdi.

Müəllifin son məqalələri

05 Noyabr 2025 - 17:46

AZƏRBAYCAN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - OKTYABR 2025

05 Noyabr 2025 - 15:47

2024-CÜ İL ÜZRƏ KEÇİRİLMİŞ AUDİT YOXLAMALARININ NƏTİCƏLƏRİ

05 Noyabr 2025 - 14:01

BMTM-də “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa keçirilib