BMTM-in şöbə müdiri Vasif Hüseynovun “TRIPP - sülhə aparan yol: Bağlantıların Ermənistan-Azərbaycan normallaşmasındakı rolu” sərlövhəli məqaləsi Vaşinqton mərkəzli nüfuzlu Saratoga Foundation beyin mərkəzində dərc edilib.
Məqalədə qeyd edilir ki, TRIPP-in İcra Çərçivəsinin təqdimatı təkcə Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirməklə yanaşı, regional güclərin açıq reaksiyalarına səbəb olub.
“Layihə suverenlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan iqtisadi və infrastruktur təşəbbüsü kimi təqdim edilsə də, Avrasiyanın əsas geosiyasi kəsişmə nöqtələrindən birində uzun illər formalaşmış qüvvələr balansına birbaşa təsir göstərir.
Regional aktorlar arasında Rusiya və İran TRIPP təşəbbüsünə qarşı aşkar tənqidi və ya skeptik mövqedən çıxış edən tərəflər kimi ön plana çıxır. Bu mövqe sözügedən ölkələrin bölgədə təsir imkanlarının azalması, ABŞ-nin prosesə cəlb olunması və regional güc balansının dəyişməsi ilə bağlı daha geniş narahatlıqlarını özündə birləşdirir.
Rusiyanın reaksiyası açıq qarşıdurmadan daha çox, Moskvanın artıq qarşısını ala bilmədiyi bir prosesdə yer tutmaq cəhdi kimi xarakterizə olunur. 16 dekabr 2025-ci il tarixində Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin açıq şəkildə bəyan edib ki, Rusiya TRIPP layihəsində mümkün iştirakla bağlı Ermənistanla məsləhətləşmələr aparmağa hazırdır.
Kaluqin həmçinin Rusiyanın prosesdə iştirak etməsi üçün “kifayət qədər əsasların mövcud olduğunu” bildirib. O, bu mövqeyini Rusiyanın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” vasitəsilə Ermənistan dəmir yollarının idarə edilməsindəki roluna, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və təklif olunan marşrutun əsas hissələrində Rusiya sərhədçilərinin mövcudluğuna istinad etməklə əsaslandırıb.
Onun “aydındır ki, tərəfdaşlarımız Rusiyasız keçinə bilməz” fikri isə olduqca diqqətçəkən idi. Bu yanaşma göstərir ki, Rusiya TRIPP-in qarşısını almaq imkanına malik olmasa da, Ukrayna müharibəsinin fonunda Cənubi Qafqazda təsir rıçaqlarının zəiflədiyi və ABŞ Prezidenti Donald Trampın layihədə birbaşa iştirakının gücləndiyi mühitdə öz əhəmiyyətini qorumağa çalışır.
Ermənistan isə TRIPP layihəsində Rusiyanın iştirakı ilə bağlı reaksiyası mənfi olub. 2026-cı il yanvarın 14-də xarici işlər naziri Ararat Mirzoyan açıq şəkildə bildirdi ki, “TRIPP-in çərçivəsi artıq tam aydındır”. Bu açıqlama layihənin əsas şərtlərinin müəyyən edildiyini, əlavə dəyişikliklərə və ya yeni iştirakçılara yer qalmadığını göstərir.
İranın TRIPP layihəsinə münasibəti ardıcıl olaraq daha mənfi olub. Əvvəldən etibarən İran rəsmiləri bu layihəni iqtisadi təşəbbüs kimi deyil, geosiyasi təhdid kimi təqdim ediblər.
Lakin bütün regional oyunçular bu təşəbbüsə şübhə ilə yanaşmayıb. Türkiyə TRIPP layihəsinin və ümumilikdə Ermənistan-Azərbaycan normallaşma prosesinin ən güclü tərəfdarlarından biri kimi önə çıxıb”.
Müəllif yekunda bildirir ki, TRIPP-in yaratdığı geosiyasi təsir dalğaları Böyük Xəzər regionunda hələ uzun müddət əks-səda verəcək.
“Ermənistan və Azərbaycan üçün TRIPP bölgədə davamlı sülh əldə etmək baxımından bənzərsiz tarixi fürsət təşkil edir. Hər iki ölkə sülh gündəliyini irəli aparmaqda qərarlı görünür və eyni zamanda xarici təhdidləri neytrallaşdırmağa çalışır. ABŞ-nin dəstəyi və Prezident Trampın birbaşa iştirakı layihənin kənar müdaxilələrdən qorunmasında çox önəmlidir və Cənubi Qafqazda gedən dəyişikliklərə böyük təsir göstərəcək.”.
*Məqalənin ingilis dilindəki orijinal və tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


