TANAP layihəsi vasitəsi ilə Azərbaycan tək “Şahdəniz” deyil, digər qaz yataqlarından da Avropa və Türkiyə bazarına təbii qaz ixrac edə biləcək. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin “Foreign Policy News” nəşrində yer almış “Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) geosiyasi və iqtisadi əhəmiyyəti” adlı məqaləsində qeyd olunur. Məqalədə noyabrın 30-da Türkiyədə TANAP layihəsinin ikinci fazasının istifadəyə verildiyi vurğulanır. Bildirilir ki, layihənin əsas hissəsinin rəsmi açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. “Azərbaycan təbii qazının Avropa enerji bazarına ixracı üçün tranzit infrastrukturunun olması olduqca əhəmiyyətlidir. İnfrastrukturun mövcudluğu enerji ehtiyatlarının səmərəli idarə edilməsini müəyyən edən əsas amillərdən biridir. Göründüyü kimi, TANAP enerji layihəsi regional əməkdaşlığı dəstəkləyən strateji layihədir. Layihə həm iqtisadi, həm də geosiyasi əhəmiyyətə malikdir. TANAP və TAP layihələri Avropa Komissiyası tərəfindən qəbul edilmiş Vahid Avropa Enerji Sistemi üçün “Ümumi maraq layihələri” siyahısına da daxil edilib”,-deyə məqalədə bildirilir.
Müəllif qeyd edir ki, Azərbaycan həm də təbii qaz tədarükünün və marşrutun diversifikasiyasına da öz töhfəsini vermiş olur: “Azərbaycan-Türkiyə enerji layihələri Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün olduqca əhəmiyyətlidir. Xəzər dənizindən yeni qaz mənbələrini Avropanın enerji istehlakçılarına çatdıraraq Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”.
Məqalədə bildirilir ki, TANAP Türkiyə üçün də vacibdir. Belə ki, Türkiyə artan təbii qaz tələbatını qarşılayacaq və tranzit ölkə olacaq. Vurğulanır ki, belə enerji layihələri Türkiyəni regional enerji mərkəzinə çevirir və geosiyasi əhəmiyyətini artırır.
Daha ətraflı: https://foreignpolicynews.org/2019/12/03/geopolitical-and-economic-significance-of-tanap/