BMTM-in şöbə müdiri Mətin Məmmədlinin “Azərbaycan-Türkiyə müttəfiqliyi: Geosiyasi tamamlayıcılıq və regional təhlükəsizlik arxitekturasında strateji model” mövzusunda təhlili dərc edilib.
Təhlildə Azərbaycan–Türkiyə müttəfiqliyinin əsasını təşkil edən amillər kimi ortaq etnik və mədəni bağlarla yanaşı, üst-üstə düşən geosiyasi və strateji maraqlar vurğulanır. Qeyd olunur ki, hər iki dövlətin regional və qlobal səviyyədə təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində maraqlarının böyük ölçüdə uyğunlaşması bu müttəfiqliyi daha da möhkəmləndirir.
Təhlildə ikitərəfli münasibətlər müasir təhlükəsizlik nəzəriyyələri çərçivəsində araşdırılır:
“Müasir təhlükəsizlik nəzəriyyələrindən biri olan “təhlükəsizlik icması” (security community) yanaşması prizmasından baxdıqda Azərbaycan və Türkiyənin münasibətlərində qarşılıqlı etimadın, ortaq təhlükə qavrayışının və koordinasiya edilmiş davranışın möhkəmlənməsi bu müttəfiqliyin təkcə siyasi bəyanatlar deyil, praktiki institusional mexanizmlər vasitəsilə də dərinləşdiyini təsdiqləyir”.
Bununla yanaşı, müttəfiqliyin institusionallaşması xronoloji ardıcıllıqla araşdırılır. Qeyd edilir ki, Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik mərhələsinə keçidi ardıcıl hüquqi və institusional addımların məhsuludur. Bu müttəfiqlik klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini aşaraq çoxölçülü, institusional əsaslara malik strateji model kimi formalaşıb. Bu modelin əsas fərqləndirici xüsusiyyəti onun həm dərin tarixi-mədəni yaxınlığa, həm də rasional geosiyasi və geoiqtisadi maraqların uzlaşmasına əsaslanmasıdır.
Araşdırmada, həmçinin ikitərəfli münasibətlərin davamlılığını təmin edən əsas amillərdən birinin tərəflərin bir-birinin milli maraqlarına həssas yanaşması olduğu qeyd edilir:
“Hər iki dövlət strateji qərarların qəbulunda qarşılıqlı koordinasiyaya üstünlük verməklə bərabər, bəzi (çox az) məsələlərdə meydana çıxan fərqli yanaşmalara da anlayışla, dözümlü yanaşırlar”,-deyə təhlildə bildirilir.


