BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Roza Bayramlı

Email: roza.asgarova@aircenter.az

Tel: (+994 12) 596-82-39

TDT-nin gündəliyi bağlantı məsələlərindən təhlükəsizlik sahəsinə doğru genişlənir

2026-10-01 10:44

Sentyabrın 17-də Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları katiblərinin beşinci görüşü təşkilatın təhlükəsizlik sahəsində rolunun getdikcə genişləndiyini göstərən yaxın zamanlardakı nümunələrdən biridir. Görüşün ilk dəfə Azərbaycanda keçirilməsi TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın tədricən institusional xarakter aldığını nümayiş etdirir. Görüş zamanı regional təhlükəsizlik məsələləri, ümumi təhdidlər və onlara qarşı birgə cavab mexanizmləri müzakirə edilib. Avrasiyanın daha geniş regionunda geosiyasi qeyri-sabitliyin artdığı bir şəraitdə Bakıda keçirilən görüş təhlükəsizlik məsələləri ilə TDT-nin nəqliyyat, enerji, rəqəmsal bağlantı və regional əməkdaşlıq sahələrində genişlənən fəaliyyət istiqamətləri arasında qarşılıqlı əlaqəni də nümayiş etdirib.

Azərbaycan Prezidenti İlham Əliyev bu prosesi türk dünyasında əməkdaşlığın daha geniş inkişaf dinamikasının tərkib hissəsi kimi qiymətləndirib. İştirakçılara müraciətində Prezident İlham Əliyev bildirib: “Türk dünyasının inteqrasiya prosesi yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmır, eyni zamanda uzunmüddətli strateji xarakter daşıyır”.

İlham Əliyev, həmçinin qeyd etdi ki, təhlükəsizlik şuralarının katibləri arasında müntəzəm məsləhətləşmələrin aparılması TDT çərçivəsində təhlükəsizlik məsələləri üzrə dialoqu tamamilə yeni səviyyəyə yüksəldir və “ümumi təhlükəsizlik arxitekturası”nın formalaşmasına töhfə verir.

Təhlükəsizlik məsələləri üzrə keçirilən görüş Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı fəaliyyətlərin daha geniş şəkildə intensivləşməsinin tərkib hissəsi idi. Bundan bir neçə gün əvvəl Azərbaycan TDT-yə üzv dövlətlərin dini idarə rəhbərlərinin VII toplantısına ev sahibliyi etmişdi. Bu, türk dövlətləri arasında əməkdaşlığın getdikcə daha geniş institusional və ictimai sahələri əhatə etdiyini göstərir. Yüksək səviyyəli görüşlərin ardıcıl şəkildə keçirilməsi, həmçinin Bakının təşkilat çərçivəsində mühüm görüşlərə ev sahibliyi edən platforma kimi mövqeyini möhkəmləndirmək və dövlət başçılarının illik zirvə görüşlərindən kənarda TDT institutları arasında daha müntəzəm qarşılıqlı əlaqəni təşviq etmək səylərini əks etdirir.

Sentyabrın 17-də keçirilən görüşdə Əliyev TDT çərçivəsində siyasi əlaqələndirmənin daha müntəzəm xarakter almasının vacibliyini vurğulayıb. O, qeyri-formal zirvə görüşlərinin Azərbaycanın təşəbbüsü ilə keçirilməyə başlandığını xatırladaraq qeyd edib ki, “bu formatda dövlət başçıları səviyyəsində ildə bir dəfə görüşmək kifayət deyildi”. Bu qəbildən ilk zirvə görüşü 2024-cü ilin iyulunda Şuşada “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilib.

Zirvə görüşü çərçivəsində TDT-nin “e-Permit” sistemi üçün hüquqi çərçivə də müəyyənləşdirilib. Bu təşəbbüs yüksək səviyyəli siyasi əlaqələndirmənin regional nəqliyyat və bağlantının inkişafına xidmət edən praktiki mexanizmlərə çevrilməsi istiqamətində səyləri əks etdirir.

Bu yanaşma 2026-cı ilin mayında Türküstanda “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda keçirilmiş TDT-nin qeyri-formal zirvə görüşündə də öz əksini tapıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Orta Dəhlizin strateji rolunu” vurğulayaraq, “Özbəkistan ilə Təşkilatın bütün üzv dövlətləri arasında ‘E-permit’ elektron icazə sisteminin tam fəaliyyətə başladığını” qeyd edib.

Mirziyoyev, həmçinin məlumat mübadiləsinin tam rəqəmsallaşdırılmasına çağırıb və “Kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması üzrə Türk Alyansı”nın yaradılmasını təklif edib. Bu təşəbbüslər TDT çərçivəsində elektron TIR (eTIR) gömrük tranzit proseduruna dair Fəaliyyət Planının həyata keçirilməsi və 2026-cı ilin aprelində TDT regionunda elektron CMR (e-CMR) yük qaiməsinin tətbiqinə dair imzalanmış memorandumun icrası ilə bir-birini tamamlayır.

*Məqalənin Jamestown Foundation tərəfindən edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/ots-expands-agenda-from-connectivity-to-security/

Müəllifin son məqalələri

01 Oktyabr 2026 - 10:44

TDT-nin gündəliyi bağlantı məsələlərindən təhlükəsizlik sahəsinə doğru genişlənir

11 Sentyabr 2026 - 09:35

2026-cı ilin yay diplomatiyası Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasını gücləndirir

31 Avqust 2026 - 10:17

Müttəfiqlikdən daha irəli: Bakı və Daşkənd Avrasiya bağlantılarının yeni arxitekturasını necə formalaşdırır