Tarixən imperiyaların təsiri altında formalaşmış, sərhədlərin dəyişməsi və etnik mürəkkəbliklərlə səciyyələnən bir region olan Cənubi Qafqaz bu gün yeni geosiyasi dinamikanın mərkəzinə çevrilib. Bu dəyişən mənzərənin mərkəzində isə Azərbaycan və Türkiyə arasında dərinləşən müttəfiqlik münasibətləri dayanır. İki ölkəni tarixi və mədəni bağlarla yanaşı, sülh, sabitlik və inkişafla bağlı ortaq baxış birləşdirir. Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümündə bu ikitərəfli münasibətlərin regional təhlükəsizlik və beynəlxalq diplomatiya sahələrindəki transformative təsirini dəyərləndirmək yerinə düşərdi.
Əlamətdar bəyannamə: Şuşa dönüş nöqtəsi kimi
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması regional siyasi mənzərədə dönüş nöqtəsi oldu. İkinci Qarabağ müharibəsindən sonra meydana çıxan bu sənəd artıq mövcud olan güclü tərəfdaşlığı daha da möhkəmləndirdi və hərbi, müdafiə, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq üçün institusional çərçivə yaratdı. Xüsusilə qeyd olunmalıdır ki, sənəddə suverenliyə və ərazi bütövlüyünə təhlükə yarandığı halda qarşılıqlı dəstək birmənalı şəkildə vurğulanırdı. Bu isə həm müttəfiqlərə, həm də rəqiblərə açıq bir mesaj idi.
Şuşa Bəyannaməsi yalnız hərbi koordinasiyanı gücləndirməklə kifayətlənmədi, eyni zamanda daha geniş mənada birlik mesajı verdi. Xarici təcavüz hallarında birgə hərəkət etməyə dair öhdəlik götürməklə, hər iki ölkə Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi mövqelərini daha da möhkəmləndirdi. Bu strateji yaxınlaşma sonradan regional diplomatiya və çəkindirmə siyasətinin əsas dayaqlarından birinə çevrildi. Xüsusilə də Yaxın Şərqdə davam edən qeyri-müəyyənliklər şəraitində.
Ortaq Tarix, Ortaq Baxış
Türkiyə və Azərbaycanı yalnız coğrafi yaxınlıq birləşdirmir. Bu münasibət ortaq dil, mədəniyyət və dini köklərə əsaslanır. Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanmasından bəri, iki ölkə arasında əlaqələr sadəcə maraqlar və faydalar üzərində qurulan ənənəvi diplomatiyanı aşaraq dərin dostluq münasibətləri əsasında inkişaf edib. Müstəqilliyin ilk illərindən başlayaraq enerji və müdafiə sahələrindəki tərəfdaşlıq davamlı şəkildə möhkəmlənib.
Bu uyğunluq yalnız rəsmi sazişlərdə deyil, həmçinin həmrəylik rəmzi olan jestlərdə də özünü göstərir. Son dövrlərin mühüm nümunəsi 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində açılan “Azərbaycan” məhəlləsidir. 2023-cü il zəlzələsindən sonra Azərbaycan hökuməti tərəfindən inşa edilən bu məhəllə ölkələr arasındakı qardaşlıq bağının canlı və bariz təzahüdür. Açılış mərasimində Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan həmrəylik və qardaşlıq mövzusunda səmimi fikirlərini bölüşdülər. R.T. Ərdoğan Azərbaycanın göstərdiyi böyük dəstəyi yüksək qiymətləndirərkən, İ.Əliyev “sizlərin Azərbaycanda 10 milyon qardaşınız var” ifadəsi ilə tərəfdaşlığın dərin emosional məzmununu bir daha vurğuladı.
*Məqalənin ingilis dilində olan tam və orijinal versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: