BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Soçi sammitindən sonra Ermənistan-Azərbaycan dialoqu keyfiyyətcə fərqli mərhələyə keçir

2021-11-30 11:24

Azərbaycan, Ermənistan və Rusiya liderləri noyabrın 26-da Rusiyanın kurort şəhəri olan Soçidə üçtərəfli formatda görüş keçiriblər. Bu, ötən ilin payızında başa çatmış 44 günlük müharibədən sonra keçirilmiş sayca ikinci belə görüşdür. Bəzi siyasi ekspertlər hesab edirlər ki, bu, Moskvanın Bakı ilə Yerevan arasında Aİ-nin vasitəçiliyi ilə keçiriləcək görüşündən qabaq aparıcı vasitəçi olduğunu təsdiqləyib. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüşündən gedir.

Liderlər arasında görüş səbirsizliklə gözlənilirdi. Hətta mətbuatda bu haqda xəbərlər görüşdən bir neçə həftə əvvəl çıxmağa başlamışdı. Doğrudur, görüş ilkin olaraq 44 günlük müharibənin başa çatmasının birinci ildönümü gününə, yəni noyabrın 9-na planlaşdırılmışdı. Amma sonradan təxirə salınmışdı.

Nikol Paşinyan noyabrın 23-də bu il ilk dəfə keçirdiyi mətbuat konfransında etiraf etmişdi ki, 9 noyabr görüşü məhz onun xahişi ilə təxirə salınıb. Səbəb noyabrın 9-nun ermənilər üçün “ağır və acı gün” olması imiş.

Soçi sammitinə gəlincə, orada postmüharibə dövrünə aid iki əsas məsələ nəzərdən keçirilib: regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası. Doğrudur, görüşün nəticələri ilə bağlı dərc edilmiş bəyanatda qəbul edilmiş qərarlarla bağlı çox az məlumat verilib. Buna baxmayaraq, bəzi siyasi ekspertlərin bu görüşü faydasız hesab etməsi doğru deyil.

Görünən odur ki, tərəflər arasında razılaşdırılmış əsas məsələlər ümumi bəyanatda əks olunmayıb. Bunu Rusiyanın dövlət başçısı Vladimir Putinin sammitdən sonrakı mətbuat konfransında səsləndirdiyi fikirlər də təsdiqləyir: “Gələn həftə baş nazirlərimizin müavinləri müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Söhbət bu il yanvarın 11-də liderlərin üçtərəfli görüşünün nəticələrinə əsasən yaradılmış, üç dövlətin baş nazirlərinin müavinlərinin başçılıq etdiyi Ermənistan-Azərbaycan-Rusiya işçi qrupundan gedir.

Yeri gəlmişkən, işçi qrupuna regional dəmir və avtomobil yollarının açılması ilə bağlı planları hökumətlərə təqdim etməsi tapşırılıb. Qrup indiyədək azı 10 dəfə toplanıb. Nəhayət, prezident Putinin də dediyi kimi, yaxın günlərdə Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin həyata keçirdikləri işlərin nəticələri elan olunmalıdır. İşçi qrupu digər məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin keçəcəyi marşrutu da açıqlayacaq. Qeyd edək ki, bu dəhliz Azərbaycanın qərb bölgəsini onun eksklavı olan Naxçıvanla Ermənistanın cənub rayonları vasitəsilə birləşdirməlidir.

Bundan baçqa, liderlərin son bəyanatına əsasən, Yerevanla Bakı dövlətlərarası sərhədi prinsip etibarı ilə qəbul edib və sərhəd mübahisələrinin sülh yolu ilə həll etməyə razılaşıblar. Tərəflər bu məqsədlə dövlət sərhədlərinin delimitasiya prosesinə başlayacaq. Daha sonra sərhədlərinin demarkasiyasının həyata keçirilməsi məqsədilə Rusiyanın da iştirak edəcəyi komissiya yaradılacaq. Bu, Ermənistan-Azərbaycan münasibətlərində çox mühüm hadisədir. Çünki iki dövlət arasında sərhəd mübahisələrinin nizama salınması hərbi gərginliyin qarşısını ala bilər. Xatırladaq ki, 44 günlük müharibə baş çatdıqdan sonra Ermənistanla Azərbaycan arasındakı sərhəddə dəfələrlə toqquşmalar baş verib və bu zaman hər iki tərəfdən ümumilikdə onlarla hərbçi həyatını itirib.

Bu məqamda bir məsələni xüsusilə qeyd etmək lazımdır: Qarabağın statusu məsələsi nə liderlərin birgə bəyanatında, nə də mətbuat konfransında gündəmə gətirilib. Görünən odur ki, Ermənistan tərəfi bu məsələni qaldırmağın qeyri-mümkünlüyünü, məqsədəuyğun olmadığını anlayır. Baş nazir Paşinyan noyabrın 23-də keçirdiyi mətbuat konfransında bu məsələni belə şərh edib: “Bizim düşüncəmizə əsasən, Qarabağ ərazi deyil, hüquqi məsələdir”. O, Ermənistanla Azərbaycanın 1991-ci ildə MDB sənədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü qəbul etdiyini vurğulayıb. Paşinyan ərazi ilə hüquqi məsələ arasında fərqin nə olduğunu dəqiqləşdirməsə də, onun son bəyanatı əvvəlki çağırışlarından mühüm dərəcədə fərqlənir. Rəsmi Yerevan bunadək “Dağlıq Qarabağ”ın Sovet Azərbaycanına məxsus Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri çərçivəsində “xilas üçün ayrılması”na çağırış edirdi.

Bir sözlə, Ermənistanın baş nazirinin son bəyanatı və Soçi görüşünün nəticələri bir məsələni ehtimal verməyə əsas verir: Ermənistanla Azərbaycan arasında danışıqlar keyfiyyətcə fərqli mərhələyə daxil olub. Onun parametrləri isə yaxın aylarda aydınlaşacaq. Tərəflər də Soçi sammitinin nəticələrini müsbət qiymətləndirib. Bundan başqa, Azərbaycan liderlərinin görüşündən qabaq daha 2 erməni məhbusu azad edib. Bütün bunlara əsasən söyləyə bilərik ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında noyabrın 26-da keçirilmiş görüş Yerevanla Bakı arasında sülh və barışığın yaranması üçün yeni perspektivlər açıb.

https://www.commonspace.eu/opinion/opinion-after-sochi-summit-qualitatively-different-stage-armenia-azerbaijan-negotiations#

Tərcümə: WorldMedia.Az

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir