BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Şöbə müdiri Mətin Məmmədlinin məqaləsi “EU Reporter” nəşrində dərc edilib

2026-04-29 12:21

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədlinin “Azərbaycan və Ermənistan arasında sülhə gedən yol: Mövcud risklər və çağırışlar” adlı məqalə “EU Reporter” nəşrində dərc edilib.

Məqalədə qeyd olunur ki, 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişənin başa çatdırılması və sülh sazişinin imzalanması üçün əlverişli zəmin yaradıb. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və diplomatik münasibətlərin qurulması istiqamətində aparılan danışıqlar real irəliləyiş kimi qiymətləndirilir və bu mərhələ tarixi fürsət kimi təqdim olunur.

Bununla belə, Ermənistanda güclənən revanşist qüvvələr və ziddiyyətli siyasi bəyanatlar sülh prosesinə mənfi təsir göstərir, etimadı zəiflədir. Xüsusilə bəzi rəsmilərin əsassız iddiaları və keçmiş separatçı rejim üzvlərinin azad olunması çağırışları qeyri-konstruktiv hesab olunur.

“Qeyd olunan qanunsuz separatçı rejimin keçmiş nümayəndələri hazırda Bakıda məhz bu cinayətlərdə iştiraklarına görə cinayət məsuliyyətinə cəlb olunublar. Bu baxımdan, onların azadlığa buraxılması ilə bağlı çağırışlar hüququn əsas prinsiplərinə ziddir və siyasi manipulyasiya xarakteri daşıyır. Azərbaycan cəmiyyətində bu cinayətlərin miqyasına baxmayaraq, Ermənistanın niyə beynəlxalq məhkəmələr qarşısına çıxarılmadığı və niyə daha sərt hüquqi tədbirlərin görülmədiyi ilə bağlı əsaslı suallar yaranır. Bu narahatlıqlar ədalət duyğusundan və tarixi yaddaşdan qaynaqlanır. Lakin dövlətin yanaşması daha geniş strateji çərçivədə qiymətləndirilməlidir. Azərbaycan rəhbərliyi anlayır ki, uzunmüddətli sülh yalnız hüquqi tədbirlərlə təmin oluna bilməz. Bunun üçün eyni zamanda davamlı siyasi dialoq və qarşılıqlı etimadın mərhələli şəkildə formalaşdırılması tələb olunur. Bununla belə, Azərbaycanın təmkininin də sərhədləri var. Əgər Ermənistan rəsmiləri əsassız və konstruktiv olmayan ritorikaya üstünlük verməkdə davam etsələr, bu, sülh prosesinə ciddi zərbə vura bilər”

Yekunda müəllif bildirir ki, davamlı sülhün əldə olunması hər iki tərəfin məsuliyyətli və konstruktiv davranışından asılıdır. Mövcud fürsətin qaçırılması region üçün yeni risklər yarada bilər və xüsusilə Ermənistan siyasi dairələri daha balanslı mövqe sərgiləməlidir.

https://www.eureporter.co/armenia-3/2026/04/29/the-path-to-peace-between-azerbaijan-and-armenia-remaining-risks-and-challenges/

Müəllifin son məqalələri

29 Aprel 2026 - 12:21

Şöbə müdiri Mətin Məmmədlinin məqaləsi “EU Reporter” nəşrində dərc edilib

29 Aprel 2026 - 14:37

Banqkokda C6 formatının artan geosiyasi əhəmiyyəti müzakirə edilib

28 Aprel 2026 - 10:36

Müasir münaqişələr və Azərbaycan nümunəsi