BMTM-in eksperti Vüsal Quliyevin “ŞƏT Tiencin Zirvəsi 2025: Azərbaycanın Avrasiya əməkdaşlığında artan rolu” sərlövhəli məqaləsi “Caspian-Alpine Soceity” beyin mərkəzinin nəşrində dərc edilib.
Məqalədə qeyd edilir:
“Bu gün ŞƏT Avrasiyanın ərazisinin 60 %-ni, dünya əhalisinin 40 %-ni və qlobal ÜDM-in təxminən ¼-ni əhatə edir. 2001-ci ildə Çin, Rusiya və 4 Mərkəzi Asiya dövləti tərəfindən yaradılmış bu təşkilat sonradan Hindistan, Pakistan və İranı da əhatə etməklə genişlənib. ŞƏT nə NATO tipli hərbi alyans, nə də Avropa İttifaqı kimi iqtisadi blok deyil. O, bu iki modelin arasında, daha balanslı bir forumdur. Terrorizm, ekstremizm və kiber təhdidlərə qarşı mübarizə aparmaqla yanaşı, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlığı da təşviq edən çevik bir Avrasiya forumudur. “Şanxay ruhu” adlandırılan qurumun bəyan edilmiş missiyası çoxqütblü dünya nizamını tədricən inkişaf etdirərək etimadı, tərəfdaşlığı və regional sabitliyi təşviq etməkdir.
Avropa və Asiyanın qovşağında, bir neçə nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan üçün ŞƏT həm imkan, həm də zərurət deməkdir. 2015-ci ildə “dialoq tərəfdaşı” statusu qazandıqdan sonra Bakı təşkilatla əlaqələrini davamlı şəkildə dərinləşdirmişdir. Prezident İlham Əliyev bir neçə ŞƏT zirvəsində şəxsən iştirak edib, o cümlədən 2022-ci ildə Səmərqənd, 2024-cü ildə Astana və bu il Çin Prezidenti Si Cinpinin dəvəti ilə Tiencin Zirvəsində iştirak edib. Bu təkrarlanan yüksək səviyyəli dəvətlər Azərbaycanın ŞƏT-dəkı artan nüfuzunu və daha geniş mənada Avrasiyanın inkişaf edən siyasi arxitekturasındakı rolunu vurğulayır”.
Müəllif məqalədə Azərbaycanın ŞƏT üçün əhəmiyyəti strateji mövqeyini, tranzit imkanlarını, Azərbaycan və Çin arasında inkişaf etməkdə olan ticarət əlaqələrini də nəzərdən keçirir.
Yekunda V. Quliyev əlavə edir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə dərinləşən əməkdaşlığı onun xarici siyasətində həm praqmatizmi, həm də strateji ambisiyaları əks etdirir:
“ŞƏT ilə əlaqələri gücləndirməklə və Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurmaqla Bakı özünün Şərq və Qərb arasında vacib körpü kimi rolunu möhkəmləndirir. Nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, artan ticarət dövriyyəsi və çoxtərəfli platformalarda iştirakı Azərbaycanın hər hansı konkret bloka deyil, məhz qarşılıqlı əlaqə və balans prinsiplərinə əsaslanan strategiyaya sadiqliyini nümayiş etdirir”.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


