BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ŞƏRH-BMTM sədrinin Aİ-Mərkəzi Asiya sammiti ilə bağlı şərhi-16.04.2025

2025-04-16 09:49

Son günlər həm Azərbaycanda, həm də Türkiyədə bir sıra Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı (Aİ) ilə imzaladığı əməkdaşlıq bəyannaməsi və Şimali Kiprə münasibətdə atılan bəzi addımlarla bağlı qızğın və mütəmadi emosional müzakirələr aparılır.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) bu günə qədər yüksək səviyyəli görüşlərdən tutmuş beynəlxalq təşkilatın yaradılmasına qədər uzun yol keçib. Bu, mühüm təkamüldür. Xüsusilə TDT üzvlərinin içində olduğu mürəkkəb geosiyasi mühiti nəzərə alsaq, bu yolda hələ də öhdəsindən gəlinməli çox sayda problemlər mövcuddur.

Bu baxımdan, əldə edilmiş mühüm irəliləyişləri, hazırda təşkilata üzv ölkələrin müxtəlif şəhərlərində fəaliyyət göstərən TDT institutlarının yaradılmasını qeyd etmək lazımdır.

TDT-nin hər hansı ölkə və ya bloka qarşı yönəlmədiyinə baxmayaraq, onun inkişafı bəzi regional oyunçuların narahatlığına səbəb olur.

Xatırlatmaq yerinə düşər ki, ötən illər ərzində TDT Türkiyənin Suriyadakı antiterror əməliyyatları, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Şuşa bəyannaməsi və bir çox başqa məsələlərdə dəfələrlə dəstək ifadə edib. Təşkilat çərçivəsində iqtisadi, siyasi, humanitar və hərbi əlaqələr inkişaf edir.

Lakin bununla yanaşı, ölkələrin hələ 100% eyni gündəliyə sahib ola bilməyəcəyini nəzərə almaq lazımdır.  Azərbaycan və Türkiyənin mövqeləri maksimum yaxınlıq dərəcəsində olmasına və bu əlaqələrin getdikcə genişlənməsinə baxmayaraq, hər iki ölkənin gündəliyi 100 % üst-üstə düşmür.

Eyni şəkildə, Mərkəzi Asiyanın ölkələri arasında bəzi fikir müxtəliflikləri mövcuddur. Ümumən hədəflər idealist olsa belə, yol realist yanaşmadan keçir. Məsələn, Yaxın Şərqdə və Asiyada olan bəzi etnik problemlərə və münaqişələrə yanaşmalar fərqlidir və bu, realist nöqteyi-nəzərdən anlaşılandır.

Hal-hazırda azad olunmuş Qarabağda Azərbaycana yardım edən ölkələr TDT-nin üzvləridir və təhsil müəssisələri inşa ediblər. Təbii ki, bir sıra Mərkəzi Asiya ölkələrinin atdığı bəzi addımlar təəssüf doğurur, amma burada emosiyalara qapılmaq lazım deyil. Təmkin nümayiş etdirmək və uzunmüddətli iş aparmaq lazımdır. Beynəlxalq hüquq məsələsi, Təhlükəsizlik Şurasının qətnamələri, sərhədlər - bunların hamısı həssas məsələlərdir. Mərkəzi Asiya ölkələrinin torpaqlarına da bəzi ərazi iddiaları mövcuddur.

Azərbaycan qlobal və regional aktorların təsirini məhdudlaşdıraraq öz müstəqilliyini möhkəmləndirməkdə mühüm irəliləyiş əldə edib, lakin buna nail olmaq üçün uzun yol gedib. Azərbaycan Respublikasının Prezidenti aprelin 9-da ADA və BMTM-in təşkil etdiyi konfransda çıxışı zamanı bir çox əsas məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoydu.

Mərkəzi Asiyada vəziyyət mürəkkəbdir, bununla belə inteqrasiya prosesi stabil qaydada davam edir. Bu səbəbdən, çətin geosiyasi şərtlərdə fəaliyyət göstərməli olan bəzi Mərkəzi Asiya dövlətlərinə anlayışla yanaşmaq lazımdır. Zənnimcə, Türkiyədə də bunu anlamalıdırlar.

Ötən həftə Antalya Diplomatiya Forumunda türkiyəli həmkarlarımla təmaslarım onu ​​deməyə əsas verir ki, onlar vəziyyətin mürəkkəbliyini anlayırlar. Yeri gəlmişkən qeyd edim ki, Türkiyədə türk birliyi mövzusu bəzən kənardan - həm Qərbdən, həm də Şərqdən maliyyə alan qüvvələr tərəfindən qaralama kampaniyası ilə üzləşir. Hətta bir sıra hallarda, məsələn, Yaxın Şərq və Ermənistanla sərhədin açılması məsələləri ilə bağlı Azərbaycan bəzi şərhçilərin hücum hədəfinə çevrilir. Ona görə də burada müvafiq fəaliyyəti davam etdirmək lazımdır. Bundan başqa, Azərbaycanda da ictimai, media və elm sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyəti, daha dəqiq desək, əks-təbliğata qarşı mübarizə gücləndirilməlidir.

Bununla yanaşı, TDT-nin institusional inkişafı davam etdirilməlidir. Hazırda hətta Avropa İttifaqında yanaşmalar fərqlidir və qurum zaman-zaman müxtəlif böhranlarla üzləşib, məsələn bir üzvünün – Birləşmiş Krallığın Aİ-ni tərk etməsi kimi. Ümumən isə dünyada yeni nizamın formalaşmasının şahidiyik.

Azərbaycan üçün prioritetlər aydındır və istənilən böhranlı məsələni keçmişdə həll etməyə nail olub. Bundan sonra da diplomatik müstəvidə, o cümlədən Türkiyə ilə birlikdə çağırışların həll edilməsi gündəliyimizin vacib məsələsi olacaq. 

Müəllifin son məqalələri

21 May 2025 - 17:28

BMTM sədri “Azərbaycan-Türkiyə müttəfiqliyi və Avrasiyanın gələcəyi” mövzusundakı seminarda çıxış edib

14 May 2025 - 19:55

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusundakı müzakirələrdə çıxışı

06 May 2025 - 17:46

BMTM və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) arasında Anlaşma Memoandumu imzalanıb