BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Region dövlətləri Orta Dəhlizin dayanıqlılığını möhkəmləndirir

2026-06-23 10:22

BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Region dövlətləri Orta Dəhlizin dayanıqlılığını möhkəmləndirir” sərlövhəli məqaləsi “The Jamestown Foundation” nəşri tərəfindən dərc olunub.

V. Quliyev məqalədə 12-13 may tarixlərində Astanada baş tutan Ticarət və Nəqliyyatın Asanlaşdırılması üzrə 21-ci Beynəlxalq Potensialın Gücləndirilməsi Seminarı barədə məlumat verir.

“Seminar BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) Daimi Katibliyi və Qazaxıstan Hökuməti tərəfindən birgə təşkil olunub. Seminarın əsas mövzusunu BMT-nin Ticarətin Asanlaşdırılması və Elektron Biznes Mərkəzinin (UN/CEFACT) standartları əsasında multimodal rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması üçün praktik yanaşmaların işlənib hazırlanması mövzuları təşkil edib. Müzakirələrdə informasiya sistemlərinin qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və elektron nəqliyyat sənədlərinin qarşılıqlı tanınması məsələlərinə xüsusi diqqət yetirilib. Müzakirələr, həmçinin pilot layihələrin genişləndirilməsini, o cümlədən dəmir yolu yük qaimələrinin rəqəmsallaşdırılmasını və Xəzər dəniz limanları arasında məlumat mübadiləsini əhatə edib.

Orta Dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR), regional ölkələrin nəqliyyatın idarə olunmasını daha sistemli hala gətirməsi, qaydaların uyğunlaşdırılması və logistikanın daha inteqrasiya olunmuş şəkildə idarə edilməsi istiqamətində atdığı addımlar nəticəsində getdikcə daha çox institusional xarakter qazanır. Bu dəhliz artıq təkcə tranzit marşrutu deyil, logistika mərkəzlərini, müasir dəmir yolu şəbəkələrini, multimodal nəqliyyat infrastrukturlarını, rəqəmsal ticarət sistemlərini və sənaye investisiya platformalarını birləşdirən geniş bir iqtisadi şəbəkəyə çevrilir.

Bu proseslər Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər hövzəsi və Qara dəniz regionu ölkələri arasında siyasi koordinasiyanın gücləndirilməsi, infrastruktur layihələrinin bir-biri ilə uyğunlaşdırılması və rəqəmsal sistemlərin inteqrasiyası hesabına daha da sürətlənir”.

Məqalədə qeyd edilir ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər region ölkələri Orta Dəhliz üzrə logistikanın rəqəmsallaşdırılması, elektron sənədləşmə sistemlərinin tətbiqi və daşımaların səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığı genişləndirirlər. Qazaxıstanın dəmir yolu şirkətinin Huawei ilə əməkdaşlığı bu sahədə texnoloji modernləşməni gücləndirən əsas addımlardan biridir. Eyni zamanda, elektron icazə sistemlərinin tətbiqi və Avropa İttifaqı ilə bu sahədə inteqrasiya təşəbbüsləri dəhlizin daha şəffaf və sürətli işləməsini hədəfləyir.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolunun modernizasiyası, Xəzər dənizində Aktau, Kuryk və Bakı limanlarının genişləndirilməsi kimi infrastruktur layihələri Orta Dəhlizin fiziki imkanlarını artırır.

“Siyasi əməkdaşlığın artması və yüksək səviyyəli çoxtərəfli razılaşmalar göstərir ki, Orta Dəhliz Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çin arasında əlaqələri birləşdirən daha geniş geosiyasi və iqtisadi sistemin tərkib hissəsinə çevrilir və bu sistemə daha sıx inteqrasiya olunur,”deyə V. Quliyev yekunda bildirir.

*Məqalənin ingilis dilində dərc olunan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/regional-states-consolidate-the-resilience-of-the-middle-corridor-part-2/

Müəllifin son məqalələri

23 İyun 2026 - 10:22

Region dövlətləri Orta Dəhlizin dayanıqlılığını möhkəmləndirir

15 May 2026 - 12:17

Hörmüz boğazının blokadası Çinin qitənin enerji təchizatçılarına və quru nəqliyyat marşrutlarına strateji yönəlməsini sürətləndirir

24 Aprel 2026 - 09:53

Yaponiya Hörmüz böhranı fonunda Xəzər neftinə yönəlik strategiyasını sürətləndirir