Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı və Covid-19 Pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib. Vebinarın moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulma Hərəkatının virtual sammitini xatırladıb. Bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılmasına diqqət çəkən Fərid Şəfiyev bu təşəbbüsün də Qoşulmama Hərəkatının fəaliyyətində xüsusi önəm daşıdığını və hərəkatın qlobal rolunun güclənməsinə töhfə verdiyini bildirib.
Daha sonra çıxış edən Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır. Hərəkatın qüvvətlənməsi üçün müxtəlif təkliflər səsləndirən Teymur Əkrəm Qoşulmama Hərəkatının media forumunun və İqtisadiyyat Nazirlərinin görüşünün keçirilməsinin üzv dövlətlər üçün faydalı olacağına inamını bildirib.
BMTM-in baş məsləhətçisi Vasif Hüseynov çıxışı zamanı deyib ki, Qoşulmama Hərəkatı üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir: “Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan artıq dövlət dəstək göstərib”.
Pandemiyanın dövlətlər arasındakı münaqişələrə təsirindən danışan V.Hüseynov diqqəti Ermənistan – Azərbaycan sərhədində iyulda yaşanan hadisələrə çəkərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərindən birinin ölkənin daxilində olan böhranlı vəziyyət olduğunu qeyd edib. Onun sözlərinə görə, bu təxribatla erməni hakim dairələri diqqəti başqa problemlərdən yayındırmaq və beləliklə ölkədəki iqtisadi çətinliklərin qarşısıalınmaz siyasi böhrana səbəb olmasına mane olmaq məqsədi güdüblər.
Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Jauhen Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və s. zərər verməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, ölkəsi Qoşulma Hərəkatının bu cəhətdən fəaliyyətini və Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.
J. Zadrucki onu da bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində bu il təşkil olunmuş virtual sammit və daha sonra üzv ölkələrdən olan Səhiyyə Nazirlərinin görüşü ümumilikdə təşkilatın aktivliyini nümayiş etdirib və ona beynəlxalq marağı artırıb.
Vebinar sual-cavab sessiyası ilə davam edib.
https://www.youtube.com/watch?v=xDg9ofx-mYk