BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Lalə Xəlilzadə

Email: lala.khalilzadeh@aircenter.az

Tel: (+994 12) 596-82-39

Qəzzaya dəstəkdə Azərbaycanın siyasi və humanitar rolu

2026-09-29 15:19

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvlərindən biri kimi uzun illərdir İslam həmrəyliyi məsələlərində prinsipial mövqe nümayiş etdirir. Bu münasibət qarşılıqlı xarakter daşıyır. Belə ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinin beynəlxalq müstəvidə müdafiəsində İƏT-in dəstəyini xüsusilə qeyd etmək lazımdır. 1997-ci ildə İƏT-in 8-ci Zirvə toplantısı zamanı Azərbaycanın İslam dünyasının dəstəyini aydın şəkildə hiss etməsi də bunun nümunələrindən biridir. Həmin dövrdə İƏT-in baş katibi olmuş İzzəddin Laraki təşkilatın Azərbaycana münasibətini belə ifadə etmişdi: “Azərbaycanın üzləşdiyi problem bizim də problemimizdir. Hər şeyə dözə bilərsiniz, ancaq torpağın ələ keçirilməsinə deyil. İslam Konfransı Təşkilatının tamamilə yanınızda olduğuna əmin olun”.

Bu gün Azərbaycan yalnız dəstək alan tərəf deyil, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, təşəbbüslər irəli sürən, həmrəylik nümayiş etdirən və İslam dünyasında dialoq və vasitəçilik imkanlarından istifadə edən aktordur. Bakı müxtəlif beynəlxalq platformalarda Qəzzada yaranmış humanitar böhranın aradan qaldırılmasına, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüququn prinsiplərinə hörmətin təmin olunmasına çağırışlar edib. Azərbaycanın mövqeyində siyasi dialoqun təşviqi, münaqişənin sülh yolu ilə həlli, eləcə də regionda davamlı sülh və sabitliyin təmin edilməsi xüsusi yer tutur. Bununla yanaşı, Bakı Fələstin məsələsində siyasi dəstəklə yanaşı, humanitar yardımın göstərilməsinin də vacibliyini dəfələrlə vurğulayıb.

Bu mövqenin praktiki nümunələrindən biri Azərbaycanın Fələstin xalqına göstərdiyi humanitar və sosial dəstəkdir. Azərbaycan uzun illərdir Fələstin xalqına müxtəlif istiqamətlərdə yardım göstərir. Belə ki, 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Fələstinə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərilib. Eyni zamanda, BMT-nin Yaxın Şərqdə Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə də Fələstinə 200 min ABŞ dolları həcmində yardım ayrılıb.

2023-cü ildən etibarən Azərbaycan tərəfindən Fələstin əhalisinə ümumilikdə 2 milyon ABŞ dolları həcmində humanitar yardım ayrılıb. Bu dəstək Qəzzada dərinləşən humanitar böhran fonunda həyata keçirilib.

Azərbaycanın Fələstin məsələsinə münasibəti yüksək səviyyəli təmaslarda da öz əksini tapır. 2023-cü ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikini qəbul edərkən Fələstin tərəfi Azərbaycanın Fələstin xalqına göstərdiyi müntəzəm humanitar yardım və dəstəyi yüksək qiymətləndirib.

2026-cı ilin iyulunda Prezident İlham Əliyev ilə Fələstinin Baş naziri Məhəmməd Mustafa arasında keçirilən görüşdə Azərbaycanın Fələstin xalqına göstərdiyi davamlı dəstək məsələsi də diqqət mərkəzində olmuşdur. Görüş zamanı Fələstində orta məktəbin tikilməsi ilə bağlı Azərbaycanın qərarı, eləcə də digər humanitar təşəbbüslər Fələstin tərəfindən yüksək qiymətləndirilmiş və Prezident İlham Əliyevə təşəkkür ifadə olunmuşdur. Qeyd edək ki, hazırda 23 fələstinli tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində Azərbaycanda təhsil alır. Ümumilikdə isə ölkədə 37 fələstinli tələbə təhsil alır.

Bütün bunlar göstərir ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret humanitar və sosial təşəbbüslərlə də müşayiət olunur. Qəzzaya və ümumilikdə Fələstin xalqına göstərilən humanitar dəstək Azərbaycanın regional və beynəlxalq səviyyədə humanitar böhranların nəticələrinin aradan qaldırılmasına verdiyi töhfənin nümunələrindən biridir. Bu yanaşma Azərbaycanın münaqişələrin həlli məsələsində siyasi dialoqa, beynəlxalq hüququn prinsiplərinə və sülh yolu ilə nizamlanmaya verdiyi əhəmiyyəti də nümayiş etdirir.

https://www.musavat.com/news/azerbaycanin-qezzaya-desteyi-reqemler-ve-faktlar_1292633.html

Müəllifin son məqalələri

29 Sentyabr 2026 - 15:19

Qəzzaya dəstəkdə Azərbaycanın siyasi və humanitar rolu

28 Sentyabr 2026 - 11:50

Azərbaycan və BƏƏ: Çoxşaxəli Strateji Tərəfdaşlığın Formalaşması

08 İyul 2026 - 12:15

Azərbaycanın beynəlxalq təşkilatlarda rolu: seçkili iştirak və çoxtərəfli diplomatiya