BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Qarabağdan Kahramanmaraşa: Azərbaycan-Türkiyə həmrəyliyi

2025-06-25 10:01

Son beş ildə Azərbaycan-Türkiyə münasibətləri mühüm sınaqlardan uğurla çıxıb. Bu sınaqlardan ən önəmliləri İkinci Qarabağ Müharibəsi və 2023-cü ildə baş vermiş zəlzələ zamanı nümayiş etdirilən həmrəylik oldu. Zəlzələdən sonra edilən maddi və texniki yardımlarla yanaşı, qardaşlıq münasibətlərinin tələbi olaraq Azərbaycan ciddi zərər görmüş Kahramanmaraş şəhərində bir məhəllənin inşası üçün 100 milyon dollar maliyyə vəsaiti ayırmışdı. İki il davam edən tikinti işlərinin yekununda infrastruktur, məktəb, mədəniyyət evi, 1200 mənzildən ibarət 90 binanın daxil olduğu məhəllə Azərbaycan tərəfindən tamamlanmışdır.

Bu dövrdə bir tərəfdən işğaldan azad edilmiş Qarabağ torpaqlarını türk şirkətlərinin dəstəyi ilə yenidən qurmağa çalışan Azərbaycan, digər tərəfdən Türkiyənin zəlzələdən sonra yaranmış yaralarını sağaltmasına yardım etmişdir. Eyni günlərdə Azərbaycan türkləri azad edilmiş torpaqlarda inşa edilmiş yeni evlərinə köçərkən, Kahramanmaraşdakı türklər də Azərbaycan tərəfindən tikilmiş evlərə yerləşirdi.

İkinci qardaş köməyi

Məhəllənin açılışında hər iki ölkənin prezidentləri iştirak etdi və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dəstəyini vurğulayaraq bildirdi: “Dəstəkləri, göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç zaman unuda bilmərik və unutmayacağıq.” Prezident İlham Əliyev isə bildirib: “Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən etibarən on minlərlə azərbaycanlı Bakıdakı və ölkənin müxtəlif şəhərlərindəki yardım toplama mərkəzlərinə gələrək qardaşlıq vəzifələrini yerinə yetirməyə başladı.”

Azərbaycan xalqı belə bir yardımlaşmanı sonuncu dəfə İkinci Qarabağ müharibəsində nümayiş etdirmişdi.

Beləliklə, “bir millət, iki dövlət” prinsipinin təzahürü olaraq Birinci Dünya müharibəsi dövründə Azərbaycan türklərinin Osmanlıya dəstək məqsədilə “qardaş köməyi” adlandırdıqları yardımlaşma nümunəsi təqribən yüz ildən sonra yenidən təkrarlandı. Qısası, iki ölkənin qazandığı uğurlar və ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsində bu cür çətin günlərdə nümayiş etdirilən həmrəylik çox böyük rol oynayıb və bu, iki ölkə arasında olan müttəfiqlik münasibətlərini fərqləndirən ən mühüm amillərdən biridir.

Bu həmrəylikdən və Qarabağ Zəfərinin bölgədə yaratdığı yeni geosiyasi reallıqdan məmnun qalanlar olduğu kimi, narahat qalanlar da olub. Xüsusilə Qarabağ Zəfərindən sonra iki dövlət və xalq arasında mövcud olan həmrəylik, etimad və sevgi üçüncü ölkələrin dəstəklədiyi bəzi şəxslərin hədəfinə çevrildi. Sosial şəbəkələrdə regional geosiyasi dəyişikliklər fonunda iki dövlətin guya fərqli mövqe tutduğu barədə dezinformasiya yayaraq cəmiyyətdə etimadı sarsıtmağa cəhd göstərdilər.

Lakin son dövrlərdə baş verən hadisələri ardıcıl şəkildə təhlil etdikdə, bu iddiaların əksinə olaraq əməkdaşlığın, koordinasiyanın və həmrəyliyin davam etdiyini aydın şəkildə görmək mümkündür.

Birlik mesajı verdilər

İki ölkə lideri Avropa Siyasi Birliyi çərçivəsində keçirilən 6-cı Zirvə toplantısında, Budapeştdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşündə və işğaldan azad edilmiş Laçın şəhərində Azərbaycan-Türkiyə-Pakistan liderləri arasında keçirilən üçtərəfli zirvə çərçivəsində may ayı ərzində üç dəfə bir araya gəldi.

Xüsusilə TDT zirvəsi iki ölkənin həmrəyliyinin konkret nəticələr verməsi baxımından olduqca əhəmiyyətli bir nümunə olub. Aprel ayında Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı (Aİ) arasında imzalanan ortaq bəyanatda Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qarşı ifadələrin yer alması həm Türkiyədə, həm də Azərbaycanda ciddi narahatlıq yaratmışdı. ŞKTC-yə dəstək məqsədilə Prezident İlham Əliyev 11–13 aprel tarixlərində Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində ŞKTC Prezidenti Ersin Tatar ilə görüşmüşdü. Bununla yanaşı, Budapeştdə keçirilən TDT zirvəsi öncəsində Azərbaycan və Türkiyə liderlərinin görüşünə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də qatılmışdı.

TDT-nin Budapeşt Bəyanatında ŞKTC-nin Türk Akademiyasına müşahidəçi üzv kimi qəbul edilməsi rəsmiləşmiş, həmçinin bəyanatda üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər cür təhdid və fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanmışdı. Bununla da Aİ tərəfindən TDT daxilində parçalanma yaratmaq cəhdlərinin qarşısı alınmağa çalışılmışdı. Nəticə etibarilə, Budapeşt zirvəsindən sonra Qazaxıstanda keçirilmiş TÜRKPA-nın 14-cü Baş Assambleyasına dəvət olunan ŞKTC Məclis Başçısı Qazaxıstan Prezidenti Tokayev tərəfindən qəbul edildi.

Digər tərəfdən, Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Laçındakı üçtərəfli zirvəsi Hindistan-Pakistan arasında yaşanmış son gərginlikdən dərhal sonra baş tutmuşdu. Hindistanın hücumuna qarşı Pakistanla həmrəylik nümayiş etdirdikləri üçün Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana və Türkiyəyə təşəkkür məqsədilə rəsmi səfərlər etdi. Hindistan hökuməti isə Pakistana verilən dəstəyə cavab olaraq hind ictimaiyyətini Azərbaycan və Türkiyəni boykot etməyə çağırmış, Baş nazir Narendra Modi hər iki ölkəyə siyasi mesaj vermək məqsədilə 15 iyun tarixində Cənubi Kipr Rum administrasiyasını ziyarət etmişdir.

Həmrəylik artaraq davam etməlidir

Azərbaycan və Türkiyə liderləri Kahramanmaraşda bir araya gəldikləri zaman Yaxın Şərqdə İsrail-İran müharibəsi davam edirdi. Müharibənin başlandığı günlərdə Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında bu mövzu ilə bağlı telefon danışığı aparılmış və nazirlər İsrailin İranda başlatdığı əməliyyatları müzakirə etmişdilər. Müharibə davam etdiyi günlərdə Azərbaycan Xarici Kəşfiyyat Xidməti rəhbərinin Türkiyənin müdafiə naziri ilə görüşü də diqqət çəkən başqa bir hadisə olmuşdur.

Nəticə etibarilə, iki ölkə arasında 100 il əvvəl başlayan həmrəylik İkinci Qarabağ Müharibəsindən və 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra daha da möhkəmlənib. Bu həmrəyliyin bölgədə hər iki ölkənin xeyrinə konkret nəticələr doğurması bəzi dövlətlərdə narahatlıq yaratmış və dezinformasiya yolu ilə iki xalq arasında inamsızlıq yaratmağa yönəlik cəhdlər edilmişdi. Həm Azərbaycan, həm də Türkiyə cəmiyyətləri, ziyalıları və mütəxəssisləri üçüncü tərəflərin bu dezinformasiya müdaxilələrinə qarşı ayıq-sayıq olmalıdırlar. Çünki bölgədə baş verən hadisələr bu həmrəyliyin daha da artırılmasını zəruri edir.

https://www.yenisafak.com/dusunce-gunlugu/karabagdan-kahramanmarasa-azerbaycan-turkiye-dayanismasi-4721382

 

Müəllifin son məqalələri

01 İyul 2025 - 17:04

İsrail-İran müharibəsində Azərbaycanın mövqeyi

25 İyun 2025 - 10:01

Qarabağdan Kahramanmaraşa: Azərbaycan-Türkiyə həmrəyliyi

23 İyun 2025 - 13:01

Ermənistan Baş nazirinin Türkiyəyə səfər etməsinin əsas səbəbləri