BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Eurasiareview” saytında “Qarabağda İskəndər Raketləri Dilemması” başlıqlı məqaləsi dərc olunub.
Şahmar Hacıyev yazıda qeyd edir ki, İkinci Qarabağ müharibəsi hər növ ağır və müasir silahların istifadəsi ilə geniş miqyaslı bir müharibə olmuşdur. Ermənistan ordusu əsasən Rusiya istehsalı olan BM-30 Smerch, “Tochka-U” və Skud raket sistemləri istifadə etmişdir. Azərbaycan isə rus silahları ilə yanaşı, Türkiyə və İsrailin müasir silahlarından və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etmişdir.
Taktiki raket sistemləri məsələsinə toxunaraq, müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı İskəndər raketlərinin istifadəsi ilə bağlı fikirlər səslənmişdir. Xatırladaq ki, maksimum 280 kilometr məsafə mənzili olan Rusiya istehsalı İskəndər-E taktiki ballistik raket (TBM) sistemi Ermənistan tərəfindən əldə edilmiş və bu raketlər 2016-cı ilin sentyabr ayında keçirilən hərbi paradda nümayiş olunmuşdur.
Əslində, faktlar da sübut edir ki, İskəndər raketləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı istifadə edilmişdir. Bu mürəkkəb məsələ ilə bağlı ilk açıqlamanı keçmiş qərargah rəisi, general-polkovnik Movses Hakobyan vermişdi. O, bildirmişdir ki, “müharibə zamanı İskəndər istifadə olundu, amma harada olduğunu deməyəcəyəm”. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan İskəndər raketlərinin effektivliyi barədə çox ciddi bir şərh verdi. Ermənistan baş naziri “Rusiya istehsalı olan İskəndər ballistik raketlərinin Dağlıq Qarabağ münaqişəsi zamanı partlamadığını” vurğuladı.
Hadisələrin bu cür inkişafı fonunda, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərfindən Şuşa şəhərində İskəndər raketlərinin qalıqlarının aşkar edilməsi İskəndər dilemmasını daha da mürəkkəbləşdirdi, çünki 9M723 indeks kodu altında aşkarlanan raket qalıqları İskəndər-M tipinə aid olduğu xüsusilə vurğulanmalıdır. Maksimum məsafəsi 500 km olan İskəndər-M, məhz Rusiya hərbi qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub, İskəndər-E (9M720) isə maksimum 280 km məsafəyə ixrac etmək məqsədi ilə istehsal olunmuşdu və Ermənistan da bu tip kompleksin ilk alıcısı olmuşdur.
Sonradan müəllif İskəndər-M raketlərinin aşkarlanması ilə bağlı bir neçə fikirləri ortaya qoyur və qeyd edir ki, Rusiya tərəfi mütləq şəkildə bu məsələyə aydınlıq gətirməlidir. Şahmar Hacıyev bildirir ki, müharibə artıq bitib və rəsmi İrəvan Noyabr sazişinin bütün bəndlərini yerinə yetirməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. O, həmçinin qeyd edir ki, post-konflikt dövründə silahlara nəzarət və tərksilah prosesi ən qısa müddətdə başlanılmalıdı. İskəndər-M raket sisteminin Şuşaya atılması və bu məsələnin qaranlıq qalması bütün bölgə üçün ciddi bir təhdiddir. Şuşa hadisəsi açıq şəkildə nümayiş etdirdi ki, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi üçün silahlara nəzarət olduqca əhəmiyyətlidir.
https://www.eurasiareview.com/07042021-iskander-missiles-dilemma-in-karabakh-oped/