Uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi əslində, Sovet İttifaqının dağılmasının yan təsiri idi. Doğrudur, münaqişənin kökləri daha uzaq keçmişə gedib çıxır. Lakin 1990-cı illərin əvvəllərində Ermənistan Cənub Qafqazda və ümumilikdə, bu coğrafiyadalı qeyri-sabitlikdən yararlanaraq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20%-ni işğal etmişdi. Bu işğal ötən il baş vermiş və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə qədər davam edib.
Dağlıq Qarabağ münaqişə nəticəsində tərəflər arasında dəfələrlə silahlı toqquşmalar baş verib. O, davamlı gərginlik mənbəyi olub. Bundan başqa, Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da əngəl yaradıb, hər iki ölkənin xarici siyasətində aparıcı amilə çevrilib.
Bütün bunların fonunda Yerevan Moskvanın başçılıq etdiyi regional hərbi-siyasi bloklara qoşulmuşdu. Ermənistan bundan Bakı və onun strateji müttəfiqi olan Ankaraya qarşı tarazlaşdırıcı amil kimi istifadə etməyə çalışırdı. Azərbaycan isə əksinə, bütün bu illər ərzində müstəqil xarici siyasət yürütməyə çalışıb və bunu bacarıb.
Bundan başqa, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması ciddi təhdid mənbəyi olsa da, ötən illər ərzində Bakı Qərb dövlətləri ilə birgə müxtəlif iqtisadi, geosiyasi layihələr həyata keçirib, üstəlik bu layihələrin təşəbbüskarı məhz Azərbaycanın özü olub. Nəticədə o, Qərbin etibarlı müttəfiqinə çevrilib.
Nəhayət, Ermənistan-Azərbycan münaqişəsinin keçmişdə qaldığını, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini nəzərə alsaq, Bakının daha geniş strateji muxtariyyat əldə etdiyini söyləyə bilərik. Nəticədə indi o, ABŞ-ın Avrasiyadakı siyasətində həlledici rol oynaya bilər.
Bakı ilə Tehran arasında son zamanlar yaşanan gərginlik regionun təhlükəsizliyinə yeni təhdid kimi də qiymətləndirilir. Bu, Vaşinqtonun bölgə ilə bağlı vaxt itirmədən zəruri addımlar atmalı olduğunu göstərir. ABŞ-ın regional məsələlərdən kənarda qalması arzulanmaz nəticələrə səbəb ola bilər. Söhbət təkcə Bakı ilə Vaşinqton arasında əlaqələrdən deyil, həm də ABŞ-ın ümumi regional siyasətindən gedir.
Azərbaycan-ABŞ əməkdaşlığı
Postsovet dönəmində Azərbaycanın xarici siyasəti əsasən balanslı yanaşmaya əsaslanıb. Odur ki, o, əsas geosiyasi qüvvələrlə isti münasibətlər qurub. Azərbaycan hökuməti bunu çəxşaxəli siyasət adlandırır. Bu, Bakıya milli maraqlarını effektli şəkildə qorumağa, bir-biri ilə rəqabət aparan böyük fövqəldövlətlər arasında körpü rolunu oynamağa imkan verir.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının yürütdüyü siyasəti belə xarakterizə edib: çoxşaxəli, çoxtərəfli, multikultural və geniş regional siyasət. Hacıyev hesab edir ki, Azərbaycanın yerləşdiyi regionda geosiyasi reallıqlar elədir ki, onun müxtəlif regional və qlobal oyunçularla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən başqa yolu yoxdur. Hacıyevin sözlərinə görə, Azərbaycan hansısa oyunçu ilə bir başqasının maraqlarına zidd əməkdaşlıq etmir.
Bu siyasi kursun reallaşdırılması Azərbaycan rəhbərliyinin yürütdüyü xarici siyasət və onun Qərbdən olan tərəfdaşlarının, ilk növbədə ABŞ-ın dəstəyi sayəsində mümkün olub. Odur ki, Bakı ilə Vaşinqton arasında əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsasında inkişaf edib. Söhbət onların enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, birgə iqtisadi layihələr, ticari, siyasi, humanitar sahələrdə əməkdaşlığından gedir.
ABŞ 11 sentyabr terrorundan sonra İraq, daha sonra Əfqanıstana qoşun yeridən zaman Azərbaycan ona dəstəyini ifadə etmiş ilk ölkələrdəndir. Son illərdə bir sıra ölkələr Əfqanıstandakı hərbçilərinin sayını azaltmışdısa, Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dövlətlər sırasında NATO missiyasında hərbçilərinin sayını artıran yeganə tərəfdaş idi. 2018-ci ildə Bakı Əfqanıstandakı hərbçilərinin sayını 94-dən 120-dək artırmış, bununla da Qərbdən olan müttəfiqlərinə dəstəyini bir daha təsdiqləmişdi.
Bu da son deyil. Azərbaycan NATO-ya mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizi də vermişdi. NATO-nun Əfqanıstandakı missiyası üçün nəql edilən yüklərin təxminən 40%-i məhz Azərbaycan vasitəsilə daşınırdı. Bundan başqa, “Taliban” hərəkatı ölkədə vəziyyətə nəzarəti tam ələ keçirəcəklərini bəyan etdikdən sonra belə, Azərbaycan Əfqanıstandakı missiyaya dəstəyini davam etdirirdi. 120 azərbaycanlı sülhməramlı Türkiyə qoşunları ilə birlikdə ötən il avqustun sonuna qədər Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edib, mülki əhalinin və qoşunların təhlükəsiz təxliyyəsinə yardım göstərib.
Bütün bunlarla yanaşı, Azərbaycan İsrailin milli təhlükəsizliyi daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən geosiyasi məsələlərdə də ABŞ-ın etibarlı tərəfdaşıdır. Avropa İttifaqı ilə isə enerji məsələlərində tərədaşlıq qurulub. Məsələn, o, Aİ-nin Rusiyadan enerji asılılığının azaldılmasında vacib alternativdir. 3500 kilometr uzunluğa malik olan, 40 milyard dollardan çox investisiyanın qoyulduğu “Cənub Qaz Dəhlizi” layihəsinin işə düşməsi ilə Xəzər dənizinin qaz resurslarının ilk dəfə Avropa bazarlarına tədarükü üçün lazımi infrastruktur yaradılıb.
Məlum olduğu kimi, təbii qazın bahalaşması ilə son dövrlərdə Avropada enerji böhranı yaşanır. Azərbaycan Prezidenti İlham Əliyev 4-6 noyabrda keçirilmiş VIII Qlobal Bakı Forumunda çıxışı zamanı haqlı olaraq bildirib ki, “Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Bu, göstərir ki, “Cənub Qaz Dəhlizi” Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir”.
Bu layihə faktiki olaraq, təkcə Avropanın enerji təhlükəsizliyini təmin etmir, həm də Qərbin geosiyasi gündəmi üçün mühüm əhəmiyyət kəsb edir. Məsələn, “Cənub Qaz Dəhlizi” Türkmənistanın enerji resursunu bu yolla Avropa bazarlarına tədarük etməklə, qaz ixracında Çindən asılılığını azaltmasına da imkanı yaradır.
İsraillə münasibətlərə gəlincə, Azərbaycanın yəhudi dövləti ilə sıx əlaqələri hər iki ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi dövlət kimi, cənub qoşusu İrandan gələn təhdidlərə və çağırışlara baxmayaraq, İsraillə münasibətlərə xüsusi diqqət göstərir.
Qeyd edək ki, Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbə İsrail hüdudlarından kənarda ən böyük yəhudi məskənidir. ABŞ-ın Bakıdakı səfəri bu yaxınlarda səfər etdiyi Qırmızı qəsəbədə məscidlərin və sinaqoqların olduğunu xüsusi vurğulayaraq, Azərbaycanı “xüsusi ölkə” adlandırıb.
Azərbaycan İsraildən hərbi avadanlıqlar alan əsas ölkələrdən biridir. Bu, Bakının regional təhdidlərə sinə gərməsinə yardım göstərir. Azərbaycan öz növbəsində, İsrailin neftə olan təlabatının 40%-ni təmin edir.
Postmünaqişə dövründə Azərbaycanın gələcəyi
ABŞ daxilində və xaricindəki müqavimətə baxmayaraq, Bakı ilə Vaşinqton arasında çoxşaxəli əlaqələr qorunub-saxlanılır. Senator Bob Menendez və konqresmen Adam Şift kimi ermənipərəst qanunvericilər ABŞ-da Azərbaycana qarşı davamlı təbliğat aparır, ölkə rəhbərliyini Bakının Ermənistanla bağlı siyasətinə qarşı durmağa çağırırlar. Bundan başqa, Amerika mediasında kampaniya aparılır və Azərbaycan ABŞ üçün “strateji yük” kimi təqdim olunur. Bu cür kampaniyanı aparanlar Bakının istər ABŞ-ın, istərsə də onun müttəfiqlərinin milli təhlükəsizliyinə hansı töhfələri verdiyini yada salmırlar.
Amma ABŞ administrasiyası belə təbliğatlara nadir hallarda uyur. Məsələn, erməni libbiçilərinin və diasporunun səylərinə baxmayaraq, Bayden administrasiyası ötən ilin aprelində 907-ci düzəlişi müvəqqəti dı olsa dayandırıb. Nəticədə ABŞ hökumətinin Azərbaycana yardım etməsinə maneə qalmayıb. Üstəlik, bu, Bakı-Vaşinqton münasibətləri üçün çox mühüm dönəmində baş verib: 907-ci düzəliş Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 6 ay sonra dayandırılıb.
Beləliklə, postmüharibə dönəmində Azərbaycanın daha fəal yardıma ehtiyacı var, çünki o, təhlükəsizliyi ilə bağlı yeni təhdidlərlə üzləşir. Məsələn, Bakı ilə Tehran arasında son gərginlik Azərbaycanın milli təhlükəsizliyi baxımından bir çağırışdır. Üstəlik, Ermənistanla İran arasındakı müttəfiqlik hər kəsə məlumdur. Yerevanla Tehran Bakının İsraillə dərin əlaqələrindən, həmçinin Azərbaycanın ərazilərini azad etdikdən sonra daha geniş strateji muxtariyyat qazanmasından narahatdır. Onlar postmüharibə dövründəki regional status-kvonu pozmaqda, həmçinin Bakı ilə qərbli tərəfdaşları arasında əlaqələrə zərbə vurmaqda maraqlıdırlar.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu il sentyabrın 30-da, yəni iki ölkə arasında gərginliyin artdığı dövrdə Azərbaycanın İrana təyin edilmiş yeni səfiri ilə görüşdə deyib k, “biz sionist rejiminin sərhədlərimizin yaxınlığında milli təhlükəsizliyimizə təhdid yaradan iştirakı və fəallığı ilə barışmayacağıq. Bu mənada lazımi tədbirləri görəcəyik”.
Hadisələrin belə cərəyan etdiyi vaxtda ABŞ-ın Azərbaycana dəstəyi hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan 30 ildir ki, beynəlxalq terrorçuluqla mübarizəyə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, Şərqi Avropada sülh və sabitliyə töhfələr verir. Bütün bunlar isə Azərbaycanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu göstərir.
Tərcümə: worldmedia.az