BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fuad Abdullayev

Email: fuad.abdullayev@aircenter.az

Tel:

Prokurorun peşəkar irsi necə lobbiçinin vizit kartına çevrildi?

2026-08-18 14:56

ABŞ Dövlət katibi Marko Rubio iyulun 13-də Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ABŞ vətəndaşlarına qarşı “hüquqi müharibə” (lawfare) aparmaqda ittiham edib. Bundan qısa müddət sonra, iyun ayında BMT-nin dəstəyi ilə aparılan araşdırma nəticəsində cinsi istismar iddiaları ilə əlaqədar vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış məhkəmənin baş prokuroru Kərim Xanın vəzifədən kənarlaşdırılması üçün səsvermə keçirilib və o, vəzifəsindən uzaqlaşdırılıb.

Bununla yanaşı, BCM hakimləri onlara qarşı tətbiq edilən ABŞ sanksiyalarına görə Vaşinqton hökumətini məhkəməyə veriblər.

Məhz belə bir mürəkkəb şəraitdə BCM-nin ilk baş prokuroru Luis Moreno Okamponun fəaliyyəti də daha diqqətlə araşdırılmalıdır.

Qərəzsiz və obyektiv hesabatlılıq prinsipləri əsasında yaradılan Beynəlxalq Cinayət Məhkəməsi 24 illik tarixinin ən mürəkkəb və təlatümlü dövrlərindən birini yaşayır. Bu şəraitdə məhkəmənin ilk baş prokuroru Luis Moreno Okamponun fəaliyyəti ilə bağlı sualların yenidən gündəmə gəlməsi təsadüfi deyil.

Məqsəd BCM-ni bütövlükdə ittiham etmək deyil. Əksinə, Okamponun fəaliyyəti zəifləmiş beynəlxalq təsisatın səlahiyyətlərindən və nüfuzundan şəxsi maraqlar üçün istifadə edilməsinin hansı təhlükəli nəticələrə gətirib çıxara biləcəyinə dair ciddi nümunə kimi qiymətləndirilə bilər.

Okampo 2003-2012-ci illərdə BCM-nin Prokurorlar Ofisinə rəhbərlik edib. Onun fəaliyyəti xüsusilə Keniya ilə bağlı işlərin nəticəsiz qalması fonunda ciddi tənqidlərə məruz qalıb. Uhuru Kenyattaya qarşı irəli sürülən ittihamlar geri götürülüb, Uilyam Rutoya qarşı ittihamlar isə ləğv edilib. Sonradan aparılan müstəqil xarici araşdırma Okamponun prokuror kimi qəbul etdiyi bəzi qərarlarda ciddi nöqsanların olduğunu müəyyən edib.

Hətta Vaşinqtonun hazırda BCM-yə qarşı apardığı kampaniyanı dəstəkləyən bəzi şərhçilər də Okamponun fəaliyyətini məhkəmənin etibarlılığı ilə bağlı problemlərin ilkin əlamətlərindən biri hesab ediblər. Amerika Xarici Siyasət Şurasının əməkdaşı İlan Berman bu ay “Newsweek” jurnalında dərc olunan məqaləsində yazıb ki, Okampo “vəzifədə olduğu müddətdə tənqidlərə məruz qalıb” və “BCM-dən ayrıldıqdan sonra da mübahisələrə səbəb olmaqda davam edib”.

Onun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sonrakı fəaliyyəti də bu mübahisələrin nümunələrindən biri kimi göstərilir.

Okamponun fəaliyyəti ilə bağlı suallar yalnız onun prokuror kimi qəbul etdiyi qərarlarla məhdudlaşmır. Onun maliyyə əlaqələri də ciddi müzakirələrə səbəb olub.

European Investigative Collaborations şəbəkəsi və “Der Spiegel” jurnalının apardığı araşdırmalara görə, Okampo həm BCM-nin baş prokuroru olduğu dövrdə, həm də vəzifədən ayrıldıqdan sonra Panamada və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkət və maliyyə strukturlarını idarə edib. Araşdırmalarda, həmçinin vəzifəsini tərk etdikdən qısa müddət sonra İsveçrədəki bank hesabları vasitəsilə ona on minlərlə ABŞ dollarının köçürüldüyü bildirilib.

Daha sonra Okampo məhkəmədənkənar qətllərdə ittiham olunan general Xəlifə Haftara bağlı silahlı qrupları maliyyələşdirdiyi bildirilən liviyalı neft maqnatı Həsən Tatanaki ilə təxminən 3 milyon dollar dəyərində olduğu bildirilən məsləhətçilik müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, ona hər iş günü üçün əlavə 5 min dollar ödənilməsi nəzərdə tutulub.

Bu razılaşmanın səbəbi barədə suala Okampo Haaqadakı maaşının kifayət etmədiyini bildirib.

Məhz bu keçmiş - beynəlxalq ədalətin əsas simalarından biri olmuş şəxsin sonradan öz əlaqələrindən və peşəkar nüfuzundan maddi gəlir əldə etməsi - onun Cənubi Qafqaz məsələsinə müdaxiləsindən əvvəlki fəaliyyətinin diqqətçəkən məqamlarından biridir.

Okamponun Azərbaycanla bağlı fəaliyyəti 2023-cü ilin avqustunda xüsusi diqqət çəkdi. Həmin dövrdə o, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı qüvvələrin nümayəndələrindən və Ermənistanla əlaqəli digər şəxslərdən tapşırıq qəbul etdikdən sonra Azərbaycan əleyhinə açıqlamalar verməyə başladı.

Okampo 30 iyul 2023-cü ildə sosial mediada paylaşdığı açıqlamada Qarabağla bağlı hazırladığı rəyin həmin vaxt artıq mövcud olmayan separatçı rejimin özünü “prezident” elan etmiş şəxslərdən biri tərəfindən sifariş edildiyini etiraf edib.

Həmin separatçı qurum 1990-cı illərdə yüz minlərlə azərbaycanlının öz evlərindən qovulması ilə nəticələnən etnik təmizləmə prosesindən sonra Ermənistanın dəstəyi ilə qanunsuz şəkildə yaradılmışdı.

Bundan sonra Okampo Azərbaycanı Qarabağdakı erməni əhalisinə qarşı ciddi pozuntular törətməkdə ittiham edib. Bəzi açıqlamalarında isə “soyqırımı” kimi son dərəcə ağır ifadələrdən istifadə edib.

Bu, onun yalnız bir dəfə səsləndirdiyi fikir olmayıb. Sonrakı aylarda Okampo müsahibələrində, köşə yazılarında və ictimai çıxışlarında oxşar iddiaları dəfələrlə təkrarlayıb və Azərbaycan rəhbərliyinə qarşı davamlı ittihamlar səsləndirib.

Bu məsələ 30 aprel 2026-cı ildə Azərbaycanın “Minval Politika” nəşrinin yayımladığı video görüntülərdən sonra yeni müstəviyə keçib.

Həmin görüntülərdə Okampo Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Cozep Borrellin keçmiş köməkçisinin onun üçün işlədiyini bildirir.

Okamponun sözlərinə görə, həmin şəxs Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təzyiq göstərməli və Aİ-nin Azərbaycanla enerji tərəfdaşlığının dayandırılmasına nail olmaq üçün Avropa İttifaqı Ədalət Məhkəməsində iddia qaldırmalı idi.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://theliberum.com/borrowed-robes-how-a-prosecutors-legacy-became-a-lobbyists-business-card/

Müəllifin son məqalələri

18 Avqust 2026 - 14:56

Prokurorun peşəkar irsi necə lobbiçinin vizit kartına çevrildi?

14 İyul 2026 - 09:35

Cənubi Qafqazın tranzit rəqabətində Ermənistanın struktur məhdudiyyətləri

24 İyun 2026 - 09:26

Sülhə gizli maneələr