20 iyun tarixində İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ermənistan Parlamentinin spikeri Alen Simonyan görüşü “tarixi” adlandıraraq, bunun Ermənistan rəhbərinin belə səviyyədə ilk səfəri olduğunu bildirib. Bundan əvvəl iki ölkə rəhbərləri arasında müxtəlif tədbirlər çərçivəsində görüşlər keçirilsə də, bu formatda görüş ilk rəsmi danışıqlar kimi qiymətləndirilə bilər. Bu, isə faktiki olaraq iki ölkə arasında onilliklər boyu davam edən gərginlikdən sonra misilsiz bir hadisədir.
SSRİ-nin dağılmasından sonra Türkiyə Ermənistanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri oldu, lakin Ermənistanın Azərbaycanla silahlı münaqişəsi və 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalı səbəbindən tam diplomatik əlaqələrin qurulması prosesi dayandırıldı, iki ölkə arasındakı quru sərhəd bağlandı. Ankarayla münasibətlərin normallaşmasına digər əsas əngəl isə Yerevanın 1915-ci il hadisələrini Osmanlı imperiyasında “erməni soyqırımı” kimi beynəlxalq səviyyədə tanıtdırmaq siyasətidir.
Bu arada, bölgədə güc balansını köklü şəkildə dəyişən İkinci Qarabağ müharibəsinin nəticələri iki ölkə arasındakı münasibətlərin normallaşması perspektivlərinə də təsir edib. Belə ki, xüsusi nümayəndələr olaraq Ruben Rubinyan və Serdar Qılıç təyin olunub. Onlar 2022-ci ildən etibarən beş görüş keçiriblər. Bu müddət ərzində keçirilən müzakirələr üçüncü ölkə vətəndaşlarının erməni-türk quru sərhədini keçməsi, diplomatik və xidmət pasport sahibləri üçün viza prosedurlarının sadələşdirilməsi, eləcə də Ermənistan ilə Türkiyə arasında birbaşa yük hava daşımalarının təmin olunması məsələlərini əhatə edib. Erməni ekspertlər bu danışıqlarda əhəmiyyətli nəticələrin olmamasını ənənəvi olaraq Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesini Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasına bağlaması ilə izah edirlər.
Ermənistan Baş nazirinin səfərinin yekunlarına gəldikdə isə, Yerevanın məlumatına görə, “çox müsbət atmosferdə” keçən görüşdə Paşinyan və Ərdoğan həm ikitərəfli münasibətlər, həm də regional proseslər, o cümlədən “regional kommunikasiya yollarının açılması” mövzusunda öz mövqelərini bildiriblər.
Səfər Cənubi Qafqaza da təsirsiz ötüşməyən İran-İsrail münaqişəsinin gərginləşməsi fonunda baş tutub. Beynəlxalq münasibətlər sistemində ciddi transformasiya şəraitində silahlı münaqişələrin sayının artması, ənənəvi ittifaqların və tərəfdaşlıqların dağılması, beynəlxalq hüququn funksiyasının zəifləməsi və güc faktorunun əhəmiyyətinin artması ilə regionda ən çox geostrateji baxımdan həssas olan ölkə məhz Ermənistan kimi görünür.
1. Ermənistanın Azərbaycan əleyhinə KTMT-dən istifadə etmək cəhdi uğursuzluqla nəticələndi və əksinə, Rusiya və digər müttəfiqlərlə münasibətlərin gərginləşməsinə səbəb oldu.
2. Ermənistan-Azərbaycan sərhədində Aİ-nin missiyasını yerləşdirməklə ölkənin təhlükəsizlik sistemini diversifikasiya etmək cəhdi Azərbaycan, Rusiya, İran və Türkiyənin mənfi reaksiyasına səbəb olub.
*Məqalənin rus dilində olan tam və orijinal versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: