BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Paşinyan-Blinken-fon der Lyayen görüşü Cənubi Qafqazda gərginliyi artırır

2024-04-05 09:30

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “Paşinyan-Blinken-fon der Lyayen görüşü Cənubi Qafqazda gərginliyi artırır” sərlövhəli məqaləsi “commonspace.eu” saytında dərc edilib.

Məqalədə aprelin 2-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutması, şərti sərhədə hərbi qüvvələrini cəmləməsi və Aİ monitorinq missiyasının mövcud faktları inkar etməsi barədə qısa şərh verilir. Qeyd edilir ki, bu gərginlik Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında aprelin 5-nə nəzərdə tutulan toplantı xəbəri ilə daha da artdı.

“Bu görüş Azərbaycanda mənfi qarşılandı, eləcə də Cənubi Qafqazda geosiyasi ayırıcı xətlər yaratmaq və lokal münaqişələri alovlandırmağa görə tənqid edildi. Avropa Komissiyası və ABŞ Dövlət Departamenti tərəfindən görüşün ancaq iqtisadi məsələləri ehtiva edəcəyi və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri əhatə etməyəcəyini vurğulansa da, Azərbaycan öz mövqeyində sabit qaldı”.

V. Hüseynov qeyd edir ki, Qərb tərəfindən israrla vurğulanan məqamlar inandırıcı səslənmir. Əksinə, gündəlikdə duran bütün humanitar və iqtisadi məsələlərdən Ermənistanın Azərbaycan əleyhinə istifadə edəcəyi və sülh prosesinə durğunluq  gətirəcəyini deməyə kifayət qədər əsaslar mövcuddur.

“Öz mənbələrinə əsaslanaraq, Prezident İlham Əliyev bəyan etdi ki, görüşün gündəliyinə Ermənistana hərbi dəstək göstərilməsi və birgə hərbi təlimlərin keçirilməsi daxildir. Bu isə regionda silahlanma yarışını sürətləndirəcək və stabilliyi zəiflədəcək”.

Məqalədə bildirilir ki, Azərbaycan qlobal güclər arasındakı geosiyasi mübarizənin regionda ciddi qeyri-stabilliyə yol açacağından narahatdır.

“Geniş kontekstdə baxsaq, Rusiya özünün milli təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyan və İran, Hindistan, Yaxın Şərq, eləcə də Cənubi Asiya ilə bağlantı qurduğu Cənubi Qafqazdan əl çəkmək niyyətində deyil. Təcrübə göstərir ki, Qərbin dəstəyi həmişə sözlərdə öz təzahürünü tapıb. Bunun üçün 2008-ci il Gürcüstan nümunəsinə nəzər salmaq yetərlidir”.

Qeyd edilir ki, Ermənistan rəhbərliyi və Qərb rəsmiləri tərəfindən Azərbaycana qarşı davamlı olaraq əsassız ittihamlar səsləndirilməsi, Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı ilə bağlı dövriyyəyə uydurulmuş informasiyaların buraxılması 5 aprel toplantısının məramları ilə bağlı şübhələri artırır.

“Azərbaycan hökuməti dəfələrlə belə niyyətini olmadığını bildirsə də, ittihamlar gəlməkdə davam edir. Rəsmi Bakı bu addımların Ermənistana artan hərbi dəstək və Qərbin ölkədəki mövcudluğuna bəraət qazandırmaq məqsədilə qəsdən uydurulmuş informasiyalar kimi qiymətləndirir. Əvvəllər, Ermənistan  Moskva ilə olan hərbi müttəfiqliyindən Azərbaycan ərazilərinin işğalı məqsədilə istifadə edirdi, indi isə İrəvan Azərbaycanın regiondakı mövqelərini zəiflətmək üçün Qərblə yaxınlaşır”.

Sonda müəllif vurğulayır ki, toplantının iqtisadi məsələlərə fokuslanacağı deyilsə də, onun səbəb olacağı geosiyasi nəticələr gözardı edilməməlidir.

“Regionda ayırıcı xətlər  yaradılması Cənubi Qafqazda vəziyyəti daha pisləşdirə və geosiyasi böhrana yol aça bilər”.

*Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.commonspace.eu/opinion/opinion-pashinyan-blinken-von-der-leyen-meeting-stirs-tensions-south-caucasus

 

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir